Səudiyyə üzərindən yeni “antitürk” hədəfləri - Cahandar Bayoğlu yazır

Bir sözlə terror "Xalqın Mücahidləri Hərəkatı”nın simvoluna çevrilmişdi

23-24 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərində 40 ildir siyasi, ideoloji və terror saiyasəti yürüdən İran adlı dövlətin mollla rejiminə qarşı “ İran Xalq Mücahidləri Hərəkatı”nın (İXMH) liderliyi altında yeni koalisiyanın qurulması üçün xüsusi toplantı keçiriləcək. Azərbaycan və İran Türklərinin milli hərəflərinə uyğun olmayan bu toplantıda çox təəssüflər olsun ki, Güney Azərbaycan adına bəzi qurumlar da qatılacaqlar.

“Marksist islamçılar”ın revanşı

1965-ci il 6 sentyabr tarixində desport Məhəmmədrza Pəhləvi irditcasına qarşı rəsmən elan edilən “Xalqın Mücahidləri Hərəkatı” ilk dönəmdə sosialist inqilabı ideologiyasını başlıca strategiya kimi qəbul edirdi. Bu örgütü yaradanlar İran adlı ölkədəki bütün sosial zümrələri nəzərə alaraq, “islam-sosializm” konseptini sintez kimi gündəmə gətirərək ilk dəfə olaraq “marksist-islamçı” baxışları yaratdılar. Örgüt 1978-ci il “23 Bəhmən İnqilabı” dönəmində açıqlama yayaraq diktator Məhəmmədrza Pəhləviyə qarşı olduqlarını elan etdilər. Onlar eyni zamanda bildirdilər ki: “Ayətullah Xomeyninin izacəsi olmadan ölkədə silahlı eyləmlər gerçəkləşdirməyəcək”. Çünki, bu dönəmdə Fransada yaşayan və şahlıq istibdadını devirmək üçün verdiyi açıqlamalarında və məqalələrində Ruhulla Xomeyni dinlə yanaşı sosial ədalət haqqında daha çox fikirlər səsləndirirdi. Beləliklə şahlıq üsul-idarəsinə qarşı milyonlarla insanların ayağa qalxaraq apardıqları inqilabi mübarizə 1980-ci ildə “İslam İnqilabı” ilə nəticələndi. Ayətullah Xomeyninin rəhbərliyi altında 1978-1980-ci illərdə daha da güclənən “İslam İnqilabı”nın vuran əli və bütün rəqiblərini silahlı mübarizə adı altında məhv edən öndə gedən güc “marksist islamçılar” cildinə girmiş, “paniranizm” və “panfarsizm” doktrinasını irəli sürən “Xalqın Mücahidləti Hərəkatı” idi. Bu hərəkat bütün xalqların milli varlığını inkar edərək zorla farslaşdırma və “irani milləti” yaratmaq ideyasını müdafiə edirdi. Bu hərəkat qarşısına çıxan alternativ baxışları inkar üçün ideoloji müstəvidə deyil, silahın gücü ilə onları məhv edirdi. Bir sözlə terror “Xalqın Mücahidləri Hərəkatı”nın simvoluna çevrilmişdi.

“Paniranizm”in teoloji və oxlokratik dəyərləri

Ölkədə 1980-ci ildə “İslam İnqilabı”nın sonucu olaraq, prezident seçkilərində “Xalqın Mücahidləri Hərəkatı”nın lideri Məsud Rəcəvi adaylığını irəli sürsə də, bu örgütdən daha çox reytinq qazanmış Ayətullah Xomeyni ona qarşı veto tətbiq etdi. Çünki, dini fanatizm və ideoloji dövlət modeli tərəfdarı kimi çıxış edən Ayətullah Xomeyni ilk öncə yeni Ana Yasa referendumunun keçirilməsinin tərəfdarı idi. A. Xomeyni daha da irəli gedərək: “Kim dini (teokratik) dövlət modelinə qarşı çıxırsa, bu yöndə keçiriləcək referendumu qəbul etmirsə, İslam İnqilabının düşmənidir” demişdi. A. Xomeyni 1980-ci il parlament seçkilərində isə, “Xalqın Mücahidləri Hərəkatı”nı ideoloji baxımdan təftiş edərək onları “münafiqlər” adlandırdı. Elə buna görə də “İslam İnqilabı”nın ali dini rəhbəri statusu ilə Ayətullah Xomeyninin bu örgütə qarşı verdiyi açıqlamalar sonucunda onlar parlament seçkilərində uğur qazana bilmədilər. Seçkilərdən sonra daha da mövqeləri güclənən A. Xomeyni “Xalqın Mücahidləri Hərəkatı”nın bütün fəaliyyətlərini qanunla yasaq etdi. Bu olayın başqa bir səbəbi ölkənin idarə olunmasını dini və teoloji baxımdan deyil, daha sivil qaydaların tətbiqinin tərəfdarı kimi böyük nüfuza malik olan Əbülhəsən Bənisədrlə “Xalqın Mücahidləri Hərəkatı”nın rəhbərlərinin gizli əlaqələrə malik olması üzə çıxmışdı. Müvəqqəti hökumətin baş naziri kimi Ə. Bənisədr despotik rejimə qarşı xalqı küçələrə çıxararaq ölkənin “şəriət qanunları” idarə olunmasını deyil, çağdaş dəyərlərə söykəmli prinsipləri irəli sürmüşdü. Beləliklə də “İslam İnqilabı”nın tərəfdarları və buna qarşı olan güclər qarşı-qarşıya gəldilər. A. Xomeyni dərhal tərəfdarları ilə birgə ölkənin bütün radio və televiziya kanallarına nəzarəti ələ keçirərək əleyhdarlarını islam dininin düşməni və imperializmə xidmət etdikləri barəsində provakasiyaları sərgiləməyə başladı. Hətta “Xalqın Mücahidləri Hərəkatı”nı əsil “münafiqlər” təşkilatı kimi qiymətləndirdi. Onları “İslam dövləti”nin əsas düşməni olduğunu elan etdi. Beləliklə də A. Xomeyni fanatikləri öz tərəfinə çəkərək Ə. Bənisədrin başlatmaq istədiyi hərəkatı qan içində boğdu. İflasa uğradığını görən Ə. Bənisədr azsaylı tərəfdarları ilə birgə Fransanın paytaxtı Parisə köçdü.

Silahlı mücadilənin “üz qızartısı”

1981-ci ildən başlayaraq Məsud Rəcəvi lideri olduğu “Xalqın Mücahidləri Hərəkatı”nı keçmiş Sovetlər Birliyinin dəstəyi ilə silahlandıraraq Ayətullah Xomeyniyə qarşı açıq
şəkildə silahlı mücadiləyə başladı. Məsud Rəcəvi özünə güclü dayaqlar qurmaq üçün Moskvanın təqdim etdiyi oyun qaydaları ilə hərəkət edirdi. Belə ki, tarixdə ilk dəfə olaraq diktator İosif Stalin tərəfindən təməli qoyulan “İran Kürdüstanı” ideyası 1944-cü ildən keçmiş Sovetlər Birliyi dağılana kimi örgütlənmiş siyasətlə idarə olunurdu. A. Xomeyniyə qarşı silahlı mücadilədə “Xalqın Mücahidləri Hərəkatı” kürd gerilla hərəkatı ilə bir bütün olaraq “İran İslam Cümhuriyyəti” ideyasına qarşı döyüşməyə başladılar. Bu iki örgütün arxasında duran, onları maddi və silah baxımından təmin edən Moskva idi. 1983-1986-cı illərdə demək olar ki, “Xalqın Mücahidləri Hərəkatı” və “kürd gerilla” qrupları ilə birgə Tehran rejiminə qarşı tarixin ən qanlı mücadiləsini verdilər. Belə bir dönəmdə onların törətdiyi ən qanlı cinayətlər Güney Azərbaycanda baş verdi. “Sulduz soyqırımı” tarixi bu gün də kimsənin yadından çıxmayıb. İraq və Suriyadakı “kürd silahlı qrupları” fərqli siyasi partiyalar adı altında iştirak etdilər. 1981-1991-ci illərdə İraq-İran savaşı” demək olar ki, İran adlı ölkədə “Xalqın Mücahidləri Hərəkatı”na olan inamı tamamilə sarsıtdı. Çünki, bu savaşda örgüt İraq ordusuna dəstək olaraq mücadilə aparmışdır. Bundan əlavə, İraq diktatoru Səddam Hüseyn “Xalqın Mücahidləri Hərəkatı”nı maliyyələşdirirdi. Örgütün 80 minlik tərəfdarı əlində silah bu onillik savaşda iştirak etmişdir. Örgütün lideri Məsud Rəcəvi Fransada sığınacaq alsa da, 1986-cı ildə bu ölkədən sınırdışı edilmişdir.

Zorla dirilən örgütlənmə

ABŞ-da son prezident seçkilərində qalib gələn Donald Tramp İranın nüvə siyasətini tamamilə çökdürmək üçün qərarlar qəbul etdi və bunun ardınca ilk səfərini Səudiyyə Ərəbistanından başladı. Bu görüşlər zamanı D. Tramp Səudiyyə Ərəbistanına 100 milyard dollar həcmində silah sataraq Orta Doğunun ən güclü ərəb dövləti kimi ölkəni İrana qarşı səfərbər etməyi də bacardı. İlk dəfə olaraq “Ərəb Dövlətləri Liqası”nı “Ərəb NATO”suna çevrilməsi siyasətini gündəmə gətirdi. “Ərəb NATO”sunun qarşısında duran tək hədəf İrana qarşı bütün ərəb dünyasının örgütlənməsinə çevrildi.
7 iyun tarixində başkənd Tehranda İran adlı ölkənin parlamentində və “İmam Xomeyni” türbəsində eyni vaxtda ikili bomba partlayışları yaşanıldı. Beləliklə də ölkədə güvənlik baxımından problemlər yarandı. Bu partlayışların ardından beynəlxalq miqyasda İran adlı ölkənin daxili güvənliyinin o qədər də güclü olmadığı təbliğ edildi. Elə bu məqamda bütün gözlər “Xalqın Mücahidləri Hərəkatı”na yönəldi. Hətta bu örgüt mühacirətdə olan tərəfdarları ilə bir neçə ölkədə genişmiqyaslı mitinqlər keçirdilər. Dünyanın əksər aparıcı KİV-ləri isə örgütün bu aksiyalarını geniş şəkildə işıqlandırdılar.
Onu da qeyd edək ki, “Xalqın Mücahidləri Hərəkatı” mərkəzi qərargahını İraqda quran zaman ata Corc Buş ABŞ prezidenti kimi onları dəstəkləmək haqqında qərar vermişdi.

Bu dəfə örgütü Moskva deyil, Vaşinqton maliyyələşdirməyə başladı. Çünki, örgüt lideri Məsud Rəcəvinin belə bir açıqlaması da gündəmi dəyişdirmişdi: “İran molla rejimini kim devirmək istəyirsə, biz onun yanındayıq”. Örgütün belə səmtə üz tutmasını ələşdirən bir çox ideoloji araşdırmaçılar isə heyrət içindəydilər: “Axı sosializm ideyaları ilə illər boyu mücadilə aparan, bu yolda əlində silah qan tökən bir təşkilat necə oldu ki, ABŞ kimi imperialist siyasət yürüdən dövlətlə müttəfiqə çevrilməsini əsla qəbul etmək olmaz”.

Özgəsinin “maşası”ından Paşa olmaz

“Xalqın Mücahidləri Hərəkatı” ABŞ tərəfindən dəstəkləndikdən sonra, örgütün qarşısına çıxan vəzifələr göz önündədir. İran adlı ölkədə nüvə başlıqlarının zənginləşdirilməsi və atom bombasının hazırlanması üzrə peşəkar səviyyədə çalışan dörd nəfər alim örgüt tərəfindən sui-qəsd nəticəsində öldürülüblər. Çünki, ABŞ Tehran molla rejiminə qarşı bütün təhdidlərini örgüt vasitəsilə həyata keçirir. Avropanın ən geridə qalmış və zahirən neytral ölkə kimi tanınan Albaniyada “Xalqın Mücahidləri Hərəkatı”nın mərkəzi qərargahı yerləşir. Paytaxt Tiranada davamlı olaraq örgütün toplantıları keçirilir. Bu toplantıların birinə qatılan ABŞ-ın nüfuzlu siyasi xadimlərindən biri kimi tanınan Con Makkeyn çıxış edərək belə demişdir: “Xalqın Mücahidləri Hərəkatının vasitəsilə ABŞ İranın müxtəlif nöqtələrində, küçə və meydanlarda terror eyləmlərini gündəmə gətirərsə, bu ölkənin istiqrarı da pozulacaqdır”.
ABŞ tərəfindən “Xalqın Mücahidləri Hərəkatı”nın vasitəsilə örgütün İranda eyləmlərin həyata keçirilməsi üçün coğrafi baxımdan yaxın dövlətlərdə yerləşdirilməsi yönündə bəzi hazırlıqlar görülməkdədir. Bunun üçün də, İraqdakı yerli idarəetmədə şiələrin hakim olduğu bölgələrdə örgütün güclənməsi İraq-İran sınırlarının bağlanmasına səbəb ola bilər. Bununla yanaşı, Əfqanıstan və Pakistan da həmin projedə yer ala bilir.

Tehran rejiminin örgütün qaşısını ala biləcəyi önləmlər

Donald Trampın dövlət başçısı seçildikdən sonra, ABŞ-ın İrana yönəlik siyasətinin sərt xarakter alması kimsəyə sirr deyil. Orta Doğunun durumu və Tehranda baş verən terror eyləmləri bir daha sübut etdi ki, İranın daxili sıxıntıları günbəgün artmaqdadır. “Xalqın Mücahidləri Hərəkatı”nın yenidən aktivləşməsinə görə İran adlı ölkəni idarə edən molla rejimi bəzi önləmləri almaq zorunda qalıb. Özəlliklə əhali arasında cümə namazları zamanı aparılan təbliğatlarda örgütün İŞID terror təşkilatına bənzədilməsi müşahidə olunur. İstiqrarın olmadığı İraq, Suriya, Pakistan və digər qonşu dövlətlərdə örgütün səfərbər olması sınır güvənliyinin çətinləşməsinə səbəb olub. İndiki məqamda İraqda koalisiya hakimiyyətində təsiri olan şiə qruplarının vasitəsilə İran molla rejimi müəyyən üstünlüklər qazanmağa ümid edir. Yəni azından örgütün neytrallaşdırılması baxımından hər iki qonşu ölkənin yararına uyğun addımların atılması zəruri sayılacaq.
Səudiyyə Ərəbistanının maliyyə dəstəyi ilə “İran Xalq Mücahidləri Hərəkatı” üzərindən İran molla rejiminə təsirini artırmaq üçün 23-24 sentyabr tarixində ABŞ-ın Nyu York şəhərində örgütün liderliyində “Mühacir İran müxalifəti” adlı konfrans düzənlənəcək. Onu da qeyd edək ki, ifrat dərəcədə “paniranist” və “panfarsist” ideoloji düzənə malik olan bu örgütün Nyu-York toplantısında təəssüflər olsun ki, kürdlərlə yanaşı, bəzi Azərbaycan mühacir təşkilatları da iştirak edəcəklər. Azərbaycan və İran Türklərinin milli hədəflərinə cavab verməyən bu toplantıda Güney Azərbaycan təşkilatlarının, aydınların hər hansı bir ortaq birliyə imza atmaları doğru addım sayılmayacaq. Onu da xatırladırıq ki, İran adlı ölkənin molla rejiminə qarşı mübarizə aparan marksist, kommunist və sosialist təşkilatların rəhbərləri ilə “İran Xalq Mücahidləri Hərəkatı” örgütü arasında çox ciddi əlaqələr vardır.

Cahandar Bayoğlu,
“BAY Düşüncə Ocağı”nın başqanı