Düşünürəm ki, Araik Arutyunyanı Rusiya Azərbaycana təhvil verəcək Düşünürəm ki, Araik Arutyunyanı Rusiya Azərbaycana təhvil verəcək

Ermənistanın Rusiyadan Bakı ilə bağlı acizanə xahişi

Düşünürəm ki, Araik Arutyunyanı Rusiya Azərbaycana təhvil verəcək

Moskva onu ciddiyə alacaqmı? Beynəlxalq hüquq üzrə professor: “Öcalan kimi Araiki də xüsusi əməliyyatla tuta bilərik...”

Ermənistanın baş prokuroru Artur Davtyan Azərbaycanda barələrində cinayət işi başlanılan erməni rəsmilərinin tutulmasının qarşısının alınması xahişi ilə Rusiya baş prokuroru İqor Krasnova müraciət edib. Söhbət Azərbaycan tərəfindən barələrində cinayət işi başlanılan və beynəlxalq axtarışa verilən keçmiş və indiki erməni məmurlarının həbsli axtarışından gedir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında müqaviləyə əsasən, Azərbaycan tərəfinin müraciəti əsasında axtarışda olan şəxslər ölkəmizə təhvil verilməlidir. Bu gün Qarabağa qanunsuz səfərlər edən şəxslərdən tutmuş erməni vəzifəliləri də törətdikləri cinayət əməllərinə görə müraciət olunacağı təqdirdə Azərbaycana təhvil verilməlidirlər.

Məsələn, əli Azərbaycan xalqının qanına batmış Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi erməni rəsmiləri hərbi cinayətkar olaraq Azərbaycana ekstradisya olunmalıdırlar. Ermənistanda bunu çox yaxşı bilirlər ki, Azərbaycan tərəfi belə məsələlərdə çox sərt mövqe nümayiş etdirir.

2016-cı ildə Belarusda saxlanılaraq Azərbaycana əli qandallı gətirilən Aleksandr Lapşininin başına gələnlər Ermənistanda hələ də yaddaşlardan silinməyib. Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib. Azərbaycan Baş Prokurorluğu Lapşin barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi başlamış və o, beynəlxalq axtarışa verilmişdi. Aleksandr Lapşin Belarusda saxlanılmış, Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı saymışdı. Bundan sonra Lapşin Azərbaycana ekstradisiya olunaraq məhkəmə qarşısına çıxarılmışdı.

Bu baxımdan Ermənistanın baş prokuroru Artur Davtyanın təlaş içində Rusiya baş prokurorundan xahişi başa düşüləndir. Bu xahiş nəzərə alına bilərmi?

Fərhad Mehdiyev:

Fərhad Mehdiyev

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Yeni Müsavat”a deyib ki, Azərbaycan Baş Prokurorluğunun tələbi olsa da, Rusiya tərəfi Ermənistanın yuxarı səviyyəli şəxslərini həbs edə bilməyəcək: “Səbəb də budur ki, vəzifə daşıyıcılarının diplomatik qoruması var. Amma həmin şəxslər Rusiyaya qeyri-rəsmi səfərə gəlsələr, bu halda həbs edilmələri üçün hər hansı hüququ qadağa yoxdur. Bundan başqa vəzifədən çıxarıldıqları halda da, həbsləri və Azərbaycana sonrakı ekstradisiyaları mümkündür”.

Fərhad Mehdiyev deyir ki, qeyri-rəsmi olaraq Rusiya tərəfi Ermənistanın Azərbaycan tərəfindən axtarışda olan rəsmiləri həbs etməməyə çalışacaq: “Yuxarı vəzifəliləri Azərbaycana verməsələr də, daha aşağı vəzifədə olanları təhvil verə bilərlər. Düşünürəm ki, Xocalı soyqırımını törədən erməniləri, qondarma respublikanın başçısı Araik Arutyunyanı Rusiya Azərbaycana təhvil verəcək. Qondarma rejimin hər bir üzvünü Rusiya Azərbaycana təhvil verməlidir. Çünki rejim qondarmadır, diplomatik qorumaları yoxdur. Amma Ermənistan rəsmilərinin həbsi mümkün olmayacaq. Ona görə ki, vəzifədə olanların diplomatik qorumaları var”.

Fərhad Mehdiyev deyir ki, bu gün Azərbaycanın keçmiş. saxta rejim mənsublarının həbsi üçün hər hansı hüquqi qadağa yoxdur, Azərbaycan hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirməklə onları tutub istintaqa çəkə, məhkəmə qarşısına çıxara bilər: “10 noyabr tarixli razılaşmaya görə, Azərbaycan hərbi əməliyyat keçirə bilməz. 3 tərəfli razılaşma hərbi əməliyyatların həyata keçirilməsinin qarşısını alır. Araik Arutyunyanın tutulması üçün hərbi əməliyyata ehtiyac yoxdur, bu işi Azərbaycan polisi həyata keçirə bilər. Xankəndidə xüsusi əməliyyat keçirib Araik Arutyunyanı tutub istintaqa cəlb etmək mümkündür. Bu hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat hesab ediləcək və Azərbaycanın qınanması əsassız olacaq, razılaşmanı pozması kimi qiymətləmdirmək də mümkün deyil. 10 noyabr tarixli razılaşma qondarma rejim mənsublarının həbsini əngəlləmir”.

Ekspertin sözlərinə görə, bu gün Araik Arutyunyanın həbsi üçün olduqca ciddi əsaslar var: “Onun hərbi cinayətlərdə iştirak etməsinə dəlalət edən sübutlar olduqca çoxdur. Yetər ki, əməliyyat keçirilsin o və onun kimiləri həbs etsinlər. Xüsusi təyinatlılarımız belə işləri həyata keçirə bilərlər. Abdullah Öcalanın həbsi kimi əməliyyatlar tarixdə var və Azərbaycanda da belə əməliyyatları keçirəcək hüquq-mühafizə orqanları mövcuddur”. (Yeni Müsavat)