Zəngilan: işğaldan azad edilmiş torpaqlara həyat qayıdır - GÜLŞƏN HACIYEVANIN REPORTAJI

Salamat nə bir ev var, nə tikili. Hər yer darmadağındır...

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” rubrikası altında silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Yolumuz yenidən Zəngilan rayonunadır. 2020-ci il oktyabrın 20-də düşmən əsarətindən xilas edilən Zəngilanda işğalın, düşmənin barbarlığının izləri hər addımda qarşımıza çıxır. Azad edilmiş bütün ərazilərdə olduğu kimi, Zəngilanda da daş-daş üstə qalmayıb. Bütün evlər dağılıb, damı, pəncərələri sökülüb, aparılıb, ağaclar kəsilib, qəbiristanlıqlar, tarixi abidələr yerlə yeksan edilib, hər yer xarabaya çevrilib.

Gördüyümüz mənzərədən dəhşətə gəlirik. İnsanın bu xarabalıqlar arasında necə yaşaya bildiyini təsəvvür etməyə çalışırıq. Təbii ki, bu sualıma cavab tapa bilmirik. Bundan yalnız o qənaətə gəlmək olar ki, bayquş kimi xarabalıqlarda yaşaya bilmək üçün mənfur erməni xislətli olmalısan.

Amma biz belə deyilik, ola da bilmərik Biz millət, xalq olaraq, getdiyimiz, yaşadığımız hər yeri cənnətə çevirməyə adət etmişik. Necə ki, mənfur düşmənin xarabaya çevirdiyi bu əraziləri də qısa müddətdə cənnətə çevirməyi planlaşdırırıq.

Zəngilanın Üçüncü Ağalı kəndindəyik. Kəndin görüntüsü ürək ağrıdır. Salamat nə bir ev var, nə tikili. Hər yer darmadağındır. Bu kənd də işğaldan azad edilmiş digər ərazilərimiz kimi erməni vəhşiliyindən nəsibini alıb.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi nəzərdə tutulan “ağıllı kənd” layihəsi ilk olaraq, burada reallaşdırılacaq. Bir neçə gün əvvəl Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva bu kəndə səfər ediblər. Dövlət başçısı bildirib ki, “ağıllı kənd” layihəsinin icrasında bu kənddən start veriləcək. Artıq hazırlıq işləri aparılır. Ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Bu, normal kəndlərdən fərqlənəcək, modern, şəhərtipli qəsəbə olacaq. Kənddə layihənin icrası, əsasən, 5 komponent üzrə aparılacaq: Yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələri. Kəndin enerjiyə tələbatı yalnız alternativ enerji mənbələri hesabına təmin olunacaq.

Oradan Prezidentin səfəri zamanı bərpasına start verilən Bəsitçay Dövlət Təbiət Qoruğuna yollanırıq. Bunun üçün Zəngilanın daha bir neçə kəndindən və rayon mərkəzindən keçirik.

Hər yerdə eyni mənzərə. Zəngilanın ən gözəl, səfalı yerlərindən biri sayılan Rəzdərə kəndinə çatana qədər yolboyu ancaq dağılmış, xaraba qalmış evlər, binalar, qəbiristanlıqlardır. Arada çiçək açmış ağaları, daşların, asfaltın arasından özünə yer tapıb çıxan çiçəkləri görəndə bu yerlərin bərpa olunacağına, dirçələcəyinə ümud daha da artır. Ağlıma “Nə də olsa, qışın sonu bahardır” mahnısı gəlir.

Rəzdərəyə çatırıq, çox da böyük olmayan Zəngilan rayonu ərazisindən keçən Bəsitçayın sahilindəyik. Erməni vandalları Bəsitçay qoruğunda da çoxillik çinar ağaclarını kəsib, ərazidə ekoloji terror həyata keçiriblər. Qoruğun meşəlik ərazisinin demək olar ki, yarısını məhv edilib, yaşı təqribən 200-300 il olan ağacları kəsilib, kökü, oduncağı yandırılıb. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub.

Ətrafda kəsilmiş ağacların kötükləri sıralanıb. Erməni vandalizminin qurbanı olan təbiət yenidən canlanacağı günü gözləyir. Sanki ağac da, daş da, çay da əsl sahibinin gəldiyinin fərqindədir. Çox keçməyəcək, buralara yenidən həyat qayıdacaq, təbiət canlanacaq, cənnətə çevriləcək.

Qoruqla tanışlıqdan sonra Laçına yola düşürük. Yol boyu gördüyümüz mənzərə yenə də fərqli deyil. Qubadlı rayonu ərazisində işğaldan azad edilmiş bölgələrdə ilk marketlə qarşılaşırıq, bir də banklardan birinin bankomatı ilə... Doğrusu, xarabalığa çevrilmiş yerdə bunları görmək məni çox təəccübləndirir. Amma düşünürəm ki, biz axı tez bir zamanda buralara qayıdacağıq. İşğaldan azad edilmiş yerlərdə artıq iaşə və bank xidmətlərinin göstərilməsinə başlanılır. Zamanla burada həyatın işartıları daha çox olacaq. Marketdən bəzi şeyləri alıb, yolumuza davam edirik. Qarlı havada palçıqlı yollardan keçib, Laçının Güləbird kəndinə çatırıq.

İlk işimiz “Güləbird” Su Elektrik Stansiyasına (SES) baxış keçirmək olur. Erməni barbarları burada da öz xislətlərini ortaya qoyublar. Düşmən işğal etdiyi digər yerlər kimi, Güləbird SES-i də darmadağın edib.

Lakin Güləbird kəndi işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı ilə SES qısa müddət ərzində istismara verilib. Güləbird SES işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsi olduğundan onun istismara verilməsi tarixi və əlamətdar hadisə sayılır. SES-in işə düşməsi həm də ona görə əhəmiyyətlidir ki, stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi, elektrik enerjisi təchizatında mühüm rol oynayacaq.

8 meqavat gücündə olan “Güləbird” SES təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatına imkan verəcək. SES-də istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

“Güləbird” Su Elektrik Stansiyası fevralın 14-də istifadəyə verilib. Stansiyanı Prezident İlham Əliyev işə salıb.

Dövlət başçısı Güləbirdə olarkən bildirmişdi ki, SES Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş - ay yarımdan sonra istismara verilir.

"Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik", - deyə dövlət başçısı qeyd etmişdi.

Prezident İlham Əliyev Kəlbəcər-Laçın zonasında su elektrik stansiyaları üçün təbii şəraitin çox əlverişli olduğunu, vaxtilə burada bir çox stansiyanın fəaliyyət göstərdiyini söyləmişdi. Mənfur düşmənin işğal dövründə bu stansiyalardan istifadə etdiyini deyən dövlət başçısı Ermənistanın kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə qədər demək olar ki, bütün bu su elektrik stansiyalarını darmadağın etdiyini, avadanlığı buradan çıxarıb, stansiyaların binalarını da dağıtdığını diqqətə çatdıraraq, erməni vəhşiliyinin, vandalizminin sərhəd tanımadığını faktlarla göstərmişdi: “O cümlədən Güləbird Su Elektrik Stansiyası düşmən tərəfindən dağıdılmışdır. Əks-təqdirdə, bu stansiya elə dekabrın 1-dən bizə xidmət göstərəcəkdi. Ancaq verilən tapşırıqlarım qısa müddət ərzində yerinə yetirildi və bu gün biz 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyasının açılışını qeyd edirik. Bu, azad edilmiş torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və bunun çox böyük əhəmiyyəti, böyük rəmzi mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyalarını bərpa edəcəyik. Düşmən təkcə Laçın rayonu ərazisində 5 su elektrik stansiyasını dağıdıb. Onların hamısı bərpa ediləcək. Kəlbəcər rayonunun ərazisində isə 12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə, yalnız Kəlbəcər və Laçın rayonlarında dağıdılmış və bərpa ediləcək stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu, çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik”.

Dövlət başçısının faktlarla diqqətə çatdırdığı, bizim isə gözümüzlə gördüyümüz erməni vandallığının ən bariz nümunələrindən biri də Güləbird kəndidir.

SES-in yaxınlığında yerləşən Güləbird kənd qəbiristanlığına getmək istəyirik. Amma bunun üçün Həkəri çayını keçməliyik. Barbarlar çayın üzərindəki körpünü dağıtdıqlarından maşınla çayın dayaz yerindən keçməkdən başqa alternativ qalmır. Belə də edirik, çətin də olsa, qəbiristanlığa çatırıq.

Gözlədiyimiz kimi, burada da məzarlar və tarixi abidələr məhv edilib, dağıdılıb.

Aşıq ədəbiyyatının görkəmli ustalarından Sarı Aşığın buradakı məzarı da tanınmaz hala salınıb. Məzarın üzərindəki türbə tamamilə dağıdılıb, türbənin qarşısında ucaldılmış abidə kompleksi məhv edilib.

XVII əsr Azərbaycan aşıqlarından olan Sarı Aşıq Laçın rayonun Güləbird kəndində dəfn edilib. Onun məzarı əsrlər boyu yerli əhalinin ziyarət yeri olub. Laçın rayonu işğal altında düşdükdən sonra isə erməni vandalları Sarı Aşığın qəbrini 1993-cü ildə tamamilə dağıdıblar.

Qəbiristanlıqda IX əsrə aid sənduqə və daş heyvan fiqurları da erməni vandalizmi ilə üzləşib. Sənduqə və heyvan fiqurlarının çoxu oğurlanıb.

Güləbird kəndinin Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş 15 şəhidindən bu məzarlıqda dəfn edilmiş 8-nin məzarı erməni vandalizminin qurbanı olub. Şəhidlərin məzarları dağıdılıb.

Güləbird işğaldan azad olunandan sonra şəhidlərin məzarları olan yerə onların şəkilləri düzülüb.

Kəndin evləri, tikililəri də yerlə-yeksan edilib, damları, qapı-pəncərələri çıxarılıb, aparılıb, hər yer xarabazara bənzəyir.

Göz uzandıqca ancaq uçuq evlər, dağılmış tikililər, kəsilmiş ağaclardır. Heç yerdə həyat nişanəsi yoxdur. Hər addımda mina təhlükəsi də olduğundan bəlli marşrutdan kənara çıxmaq olmur. Odur ki, səfərimizi başa vurub geri qayıdırıq.

Yolboyu ermənilərin xaraba qoyduğu kəndləri, qəsəbələri seyr edə-edə beynimizdə bir fikir dolaşır: Biz qayıtmışıq, biz bu torpaqları, əziz, doğma Vətəni yenidən qurub, dirçəldəcəyik!

Gülşən Hacıyeva/APA