O dünyada bir Ağdam var imiş... – Vüsalə Məmmədovanın reportajı

Yerdən laləlik kimi görünə bilər, “o göydəki kişi” bilir ki, şəhid qanıdır...

İşğaldan azad edilən Ağdama qədəm basanda ilk qarşılaşdığın təkcə mina xəbərdarlığı deyil. Yollara düzülüb göz işlədikcə qızaran lalələr “ayağının altındakı torpağın hər qarışına şəhid qanı axıb” bildirişini verir...

Yerdən laləlik kimi görünə bilər, “o göydəki kişi” bilir ki, şəhid qanıdır...

***

...Məncə, nənəmə şifrəli danışmağı sovetin sərt qadağaları, məscidə oğrun-oğrun getməyimiz öyrətmişdi. Məsələn, Allaha “o göydəki kişi” deyirdi. O kişini çox sevir, həm də güvənirdim. Hətta düşünürdüm ki, Ağdamın yaşıllıqlar arasından ağaran damları onun gözünü qamaşdırır. Dua edəndə həyətə çıxırdım, elə bilirdim, evlərin damları olduğu üçün o kişi evlərin içini görə bilmir.

İndi Ağdamda harada istəsən dua etmək olar... Ancaq bilmirəm o kişi buraları görürmü? Bilmirəm. Mən burada yaşayanda beş metr aralıdakı qarışqanı da görürdüm. İndi gözlüyüm olmasa, ayağımın altını belə, görməyə çətinlik çəkirəm...

***

İşğaldan azad edilən Ağdamda çəkilişdə olarkən bir neçə dəqiqəlik evimə gedəndə şəhid qanı ilə qızaran yollardan sonuncu dəfə keçərkən bombardmandan baş götürüb qaçan gənc anaların övladını necə bağrına basdığını xatırlayıram; mən o anaları bir gün də unutmadım. Onların simasında ana olmağın peşmançılığını aydınca görmüşdüm. Hələ uşaq ağlımla düşünürdüm: insan müharibələrin olduğu dünyaya niyə övlad gətirsin ki?
Bu dialoqu da o qadınlar kimi heç unutmayacağam:

- Məsciddən sizə necə gedək?
- Bilmirəm... Mən evimizi ancaq İmarətdən tanıyıram...
- Onda İmarətə gedək...

***

Ağdama gedən hər kəs şəhərin tanınmaz halda olduğunu demişdi. Ancaq ayaqlarım tanıdı... İmarətin qapısından sağa dönüb, bir az sonra yenə sağa, Süleyman Sani Axundov küçəsinə buruluram, ayaqlarım düz darvazamızın qabağında dayanır...

Düz 27 il, 9 ay, 30 gündən sonra olmayan darvazamın qarşısındayam. Olmayan deyirəm, çünki məni müşayiət edən ANAMA əməkdaşları burada darvaza görmür. Mən isə görürəm. Həyətimə də həmin darvazanın giriş qapısının yerindən addım atıram...

Bu həyətdən 1993-cü ilin iyunun 12-də çıxmışam. Qaça-qaça... Qaça-qaça? Bir az şişirtmədimmi? Mən onsuz da bu həyətdə heç vaxt yeriməmişəm. Həmişə yüyürmüşəm, bir gündə bu başından o başına bəlkə min dəfə qaçmışam. Bu həyətdəki hüdudsuz azadlığım çılğınlığımı cilovlaya bilmirdi. Nənəmi dərd almışdı ki, bu qədər də nadinc qız olar? Od-alovdur elə bil! Dizlərim və dirsəklərim həmişə yara olurdu... Anamla nənəm bir-birinə “görən bu uşağın dizinin salamat vaxtını görəcəyik” deyirdilər...
Bilirsiniz, dizlərimin yarası nə vaxt sağaldı, sıyrıq yerləri nə vaxt qaysaq bağladı? Məcburi köçkünlüyün ilk günündən. Özgələr evində yüyürmək nədir, yeriməyə belə ürək eləmirsən axı... Sonrakı həyatda darısqal otağımızda ayaqlarımızı uzatmağa yer yox idi deyə, həmişə dizimizi qarnımıza yığıb, otururduq. Bir otaqda həm yatır, həm yeyir, həm də dərs oxuyurduq. Büzüşmüş bir həyatımız var idi...

İndi meydan kimi geniş həyətimdəyəm. Yanımda da ANAMA nümayəndələri. Həmkarım Seyfəddin Hüseynlinin sözləri qulağımda cingildəyir: “Ağdama qrupla getmək olmaz. Adamı şəhərə 200 metr qalmış tək buraxalar ki, get, yaşadığın duyğulardan utanmadan get...”

***

Həyətə girəndə elə bilirsən yer yarılıb, evimiz içinə girib! Ancaq yerə də sığmayıb, bir azı çöldə qalıb... Evimizə “göydəki kişi”nin gözü ilə baxanda necə görünür, bilmirəm, ancaq yerdən atam kimi, nənəm kimi torpağa gömüldüyünü görürsən. Burada keçmişim, xatirələrim dəfn olunub...
Bu, evimizin uzaqdan görüntüsüdür. Yaxınlaşıram, həyətimdə ilk dəfə yeriyirəm. Məndən olsa qaçaram, ancaq ANAMA nümayəndələri göstərdikləri xətlə, üstəlik ehmallıca hərəkət etməyi tapşırırlar. Yenə o sonuncu günü xatırlayıram...

***

Səhərə yaxın şəhərə yağan bombalardan qaçmaq üçün bir göz qırpımında yataqdan sıçrayıb zirzəmiyə qaçmışdıq. Həyat tərzimizə çevrilən bu səhər marafonunda özümlə yatırdığım gəlinciyimi də bağrıma basmağı unutmamışdım. Bombardman kəsmək bilmirdi. Evə qalxmadan, elə zirzəmidən çıxıb, birbaşa maşına doğru qaçdıq. Evdən bir az aralanan kimi içimdən bir səs dedi ki, bir də buraya qayıtmayacaqsan. Bir də bu həyəti, bu evi görməyəcəksən. Onda bir anlıq ayağımı saxlayıb geri çevrildim. Yaşıllıqlar içində ağappaq ağaran evimizi, yaşılın bütün çalarları əks olunan həyətimizi sürətlə yaddaşıma həkk etməyə çalışdım. Ayağımın altına baxdım, tələsib ayağıma anamın başmaqlarını geyinmişdim. Ağ və qara rənglərdən ibarət yay başmaqları... Uşaq ağlımla dərk etdim ki, elə bu an bütün rənglərlə vidalaşıb, ağ-qara bir həyata qədəm qoyuram.

Haqlı idim? Bu həyətə bir daha qayıtmayacaqdım? Bu evi bir də görməyəcəkdim? Düz 27 il, 9 ay, 30 gündən sonra qayıdacaqdım. O evi görməyəcəkdim, heç o həyəti də. Amma tanıyacaqdım. O da məni tanıdı... Həyətdə öz-özünə bitən kollar ayağımı qucaqlayıb, tikanları ilə dizlərimi yaladı. İlahi, bu torpaq dizlərimin qanı üçün necə darıxmışdı... Ətəyimdən yapışıb, məni bağrına basırdı...Onlar da darıxmışdılar, xarabalıq həyatı yaşamaqdan bezmişdilər, çiçəklərin yerində qanqal olub bitməkdən xəcalət çəkirdilər...

Evə yaxınlaşanda aydınca hiss olunur ki, ətrafdakı evlərdən fərqli olaraq buranı söküb dağıtmayıblar, raket düşüb. Daşlar parça-parçadır, şüşələr çiliklənib ətrafa dağılıb, pilləkənin mərmərləri paralanıb, paslanmış məhəccər bir tərəfə atılıb, ağappaq daş parçalarının arasında isə bolluca kömür var...

...Atam bu evi hördürüb, damını vurdurandan sonra vəfat etmiş, anam üç qızını böyütməklə yanaşı bu yarımtikilini evə çevirmişdi. Bu müddət ərzində bütün dünya nemətlərini özünə qadağan etmişdi. Həyət darvazamız yox idi, babamın sevgi və qayğıdan doğan mühafizəkarlığı üzündən gənc qadın qızları ilə ayrıca həyətdə yaşamır, onunla eyni qapıdan istifadə edirdi.

Bizim yerlərin adətlərinə görə kişisiz evə ancaq qadınlar gələr. Qapımızdan ancaq babam, əmim kimi ailəyə ən doğma olan kişilər girərdi. Bu sonrakı həyatımızda da belə davam etdi. İndi məlum oldu ki, müharibə həyatımızda çox şeyi dəyişsə də, ailəmizin təməl qaydalarını pozmayıb. Atamın evinə yad kişi ayağı dəyməyib. Buranı bombalar dağıdıb... Ürəyim bir az sakit oldu. Bilmirəm, daha yer üzündə evinə bomba düşdüyü üçün sevinən başqa bir insan da varmı?

Daşların üstünə çıxıb, “o göydəki kişi”yə şükür etdim! Qapımız yada bağlı olduğundan, damdan gələn “qonağın” evimizə bir az gec düşdüyü üçün ona təşəkkür etdim! Tez gəlsəydi, bir ananı üç körpəsi ilə bu dağıntılar altından kim çıxardacaqdı?

Elə bu vaxt Qabil Abbasoğlu zəng etdi: “Vüsalə, orada nə gördüyündən asılı olmayaraq, bu yolu gedə bildiyin üçün sevinirəm!”
Gülürəm: “Evimizə bomba düşüb, abi!”

“Həyətinizdən reportaj yaz, Vüsalə...” deyir. “Evdəyəm, iş barədə düşünmək istəmirəm... Bakıya qayıdım, danışarıq...” deyib, telefonu söndürürəm. On ildir redaktorum olduğu müddətdə ilk dəfədir məndən “evdəyəm” kəlməsini eşidir. Yəqin, Qabil bəyin yaddaşında həm də evinə bomba düşdüyü üçün gülən ilk və tək insan kimi qalıram.

***

Gözüm daşın üstündəki paslanmış kilidimizə sataşır. Xəcalətlə götürüb baxır, sonra səliqə ilə yerinə qoyuram. Nəinki özümlə gətirməyə, heç əlimdə də çox saxlamağa mənəvi haqqım yoxdur. Bu illər ərzində mən açarımızı saxlamamışam, ancaq evimiz kilidi qoruyub saxlayıb... O məndən sədaqətli çıxıb. Bu evin hər tozu vəfa hissinin ən alisinə sahibmiş...

***

Ehmallıca həyətin yuxarı başına keçib heyva ağacının dibindəki bənövşə kolunu axtardım. Bitməmişdi... Yəqin, daha boynunu bükməyə səbəbi yox idi, ona görə.

***

Şükranlıq duyğusu ilə babamın evinə keçdim. Burada təkcə nə zamansa atamın böyük portreti asılan divar salamat qalmışdı. Yəqin, sümükləri Qarağacı qəbiristanlığından sürgün edilən atamın ruhu indi yorulanda bu divara söykənir. Elə divarı da onun çiyni qoruyub saxlayıb...

Uşaq vaxtı ən böyük arzularımdan biri evin içindəki pəncərəyə çıxıb orada ayaq üstdə dayanmaq idi. Hesablamışdım, ora çıxsam evdəki hər kəslə eyni boyda olacaqdım. Hamı görəcəkdi ki, “mən də varam!” Fürsət axtarırdım ki, bir gün evdə heç kim olmasın, o pəncərəyə çıxıb hamı boyda olum! O fürsət indi yaranmışdı, daşların arası ilə birtəhər gedib, həmin “pəncərəyə” çıxdım, “mən də varam” duruşu aldım, ancaq... görən yox idi. Əgər sevincini paylaşacaq kimsə yoxdursa, arzuna çatmağın nə mənası var imiş?

***

Bağçada açan lalələrin ləçəklərini sığallayıb, qanqallardan birini qopardım. Təmizləyib, ilk dəfə yedim... Yadımda, məktəbdə uşaqlar çox yeyirdi, nənəm bizə yabanı bitkiləri yeməyə icazə vermirdi ki, xəstələnərik. İndi qanqalın da dadına baxdım...

***

27 il, 9 ay, 30 gün əvvəl dayandığım yerdən çevrilib bir də ətrafa baxdım. Həyətim də, evim də büzüşmüşdü. Sancıdan qıvrılıb yumağa dönən qocaya oxşayırdı. O qədər balaca və doğma idi ki, köksünə sıxmaq istəyirdin. Mənim böyüdüyüm bu illər ərzində evimiz də, həyətimiz də, şəhərimiz də kiçilmişdi... Amma bir almanın iki üzü kimi bir birimizə bənzəyirdik – darmadağın və həsrət dolu!

***

Evimizlə son görüşün şəklini yaddaşıma həkk etmişdim, bu dəfə fotoya çəkmək istədim. Harada əyləşim? Bu həyətin ən sevimli guşəsi babamın pilləkənin qabağında əkdiyi alma ağacı idi. Yadımdadır, mən də oyuncaq vedrəmlə dibinə su daşıyıb tökmüşdüm, “bu sənin alma ağacındır, ona yaxşı bax”, demişdi... 1992-ci ildə Xocalı soyqırımından sonra ilk dəfə evimizi tərk edəndən sonra yenidən Ağdama qayıdanda həmin alma ağacının dibindəki torpağı öpmüşdüm.

İzi-tozu da qalmayan alma ağacımın yerinə düşən daşın üstünə çökdüm. Sol tərəfdə evindən bir cüt divar qalan Fatma xalanın şəhid olan oğlu Vüqarın baxışlarını üstümdə hiss etdim. Sağda isə bayraq meydanından ucalan Azərbaycan bayrağını qürurla izlədim. Bu bayraq bu torpaqlarda dalğalansın deyə, neçə-neçə Vüqarlar Vətən oldu... Bu torpaqlarda Vətən olan oğulların hər birinin ruhunu minnətlə andım... Həyətimdə oturduğum üçün 32 illik savaşda qanı axan bütün oğul və qızlarımızın ruhundan halallıq istədim...

Sonra məhəllənin başına qədər gedib, qayıtdım. Mən bu illər ərzində qohum-qonşudan fərqli olaraq bir dəfə də Ağdama virtual səyahət edib, evimi axtarmamışam. Buna ürəyim tab gətirməzdi... İndi doğulduğum məhəllənin başından ayağına gəlincə gördüyüm mənzərə ağlıma belə gətirməyəcəyim dərəcədə darmadağın olsa da, bütün dağıntıların fonunda məhəllənin başında dalğalanan Azərbaycan bayrağından güc aldım.

Hə, bir də məhəlləmizdə hər kəsin evinin dağıntılarında ağaclar bitmişdi. Özü də hər evdə fərqli sayda... Bunun fərqinə varanda həsrətimizin ağrısını heç vaxt hiss etmədiyim qədər dərindən duydum. 28 il ərzində dünyadan köçən hər kəsin adına evlərinin yerində bir ağac bitmişdi. Kimlərin ki, ailəsində hər kəs həyatdadır, onların həyətində ağac yox idi. Sanki bu illər ərzində dünyasını dəyişən doğmalarımızın o dünyası Ağdam imiş... Hər kəs öz evində ağaca dönübmüş.

İndi həmin ağaclar hamısı tumurcuqlayıb...

Vüsalə Məmmədova
Ağdam