Anar Məmmədli seçkiyə fitnə qatmaq istəyənlərə maşalıq edir- İCMAL

“Ənənəvi olaraq seçki dövründə Qərbin əsas oyuncaq təşkilatı kimi Azərbaycan əleyhinə istifadə edilən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” (SMDT) ictimai birliyi bu dəfə də aldığı tapşırığa uyğun olaraq, 7 fevral - Prezident seçkiləri haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxır”.

Bu barədə siyasi ekspert Telman İsa öz Facebook hesabında yazıb. Telman İsa daha sonra bildirib ki, bu təşkilatın ofisini, xeyli sayda işçilərini hansı maliyyə hesabına saxlaması barədə heç bir məlumat yoxdur:

“Amma QHT cameəsində bilməyən yoxdur ki, yenə xaricdən ən müxtəlif qanunsuz yollarla Anar Məmmədliyə külli miqdarda vəsait ötürülüb. Anar Məmmədli yəqin hesab edir ki, ortalığa çıxmamaqla, pərdə arxasında gizlənməklə, onu görən yoxdur, fəaliyyətini ört-basdır edir, heç kim əməllərindən xəbər tutmur. Əldə etdiyim dəqiq məlumata görə, ona 7 fevral - seçki günü aranı qarışdırmaq üçün 500 nəfər müəyyənləşdirmək, həmin adamları “seçki pozuntuları” videoları çəkmək üçün texniki avadanlıqlarla təchiz etmək tapşırılıb. Amma Anar Məmmədli ayrılan vəsaiti mənimsəmək üçün yol tapmağa - radikal müxalifət partiyalarının yerli təşkilatlarının imkanlarından istifadə etməyə çalışır. Amma bir çox yerdən artıq imtina cavabları alıb. Bölgələrdəki gəncləri də ələ almağa çalışır, burada da uğurlu nəticə əldə edə bilmir.

Halbuki, SMDT-ə əsas tapşırıq budur ki, seçki günü əvvəlcədən öyrədilmiş şəxslər hazırlasın, onlar qutulara topa bülletenlər salsınlar, digər öyrədilmiş şəxslər bunu kənardan telefona çəksinlər, müxtəlif seçki məntəqələrində süni hay-küy qaldırılsın, polislər mümkün qədər təxribata cəlb edilsin, kənardan elə mənzərə yaradılsın ki, guya seçki saxtalaşdırılır, SMDT də “dərhal qeydə alıb” foto və videoları xaricə ötürsün. Buradan isə həmin görüntülər xaricdəki anti-Azərbaycan media resurslarını bəzəsin. Bundan başqa, artıq Anar Məmmədlinin əvvəlki seçkilərdəki seçki saxtakarlıqları görüntüləri əsasında 7 fevral - “seçki saxtakarlığı” videoları hazırlatdığı, köhnə materialları yeni tarixlə sosial mediada tirajlamaq üçün müxtəlif şəxslərlə sövdələşmərə getdiyi barədə də məlumatlar vardır. Bunun üçün montaj avadanlıqları da kirayələnib, bəzi şəxslərə təlimlər keçilib.

Sual yaranır, qabaqcadan bu təşkilatın nə işlə məşğul olduğu ortada ikən, Azərbaycanda bu təşkilatın fəaliyyətinə niyə imkan verilməlidir? Bu təşkilatın fəaliyyəti və onun maliyyə mənbələri ciddi araşdırılmalı, barəsində tədbir görülməlidir”.

Anar Məmmədlinin prezident seçkilərinə kölgə salmaq cəhdləri barədə nüfuzlu Oxu.Az
saytına bir sıra əlavə detallar da məlum olub.

Sayt yazır: “Aldığımız məlumata əsasən, Anar Məmmədli səriştəsizliyini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır.

İndi o, özünü sübut etməkdən ötrü yeni plan üzərində işləyir.

İndiyədək Anar Məmmədli cəmi 20-30 nəfərlik təxribat qrupu formalaşdırmağa nail olub, onların əksəriyyəti “Azadlıq” qəzeti və “Azadlıq” radiosunun əməkdaşlarından ibarətdir.
Lakin Anar Məmmədlinin xüsusi qruplar formalaşdırmaq cəhdləri plana uyğun nəticə vermir və o, faktiki olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir.

Anar Məmmədli və onun ətrafına topladığı bir neçə nəfərlə seçki günü müxtəlif məntəqələrin işini pozacaq təxribatlar törətmək, məntəqələrdə səs-küy salmaq, bilərəkdən gərginlik yaratmaq və xüsusi video görüntülər paylaşmaq tapşırılıb.

Aldığımız məlumata görə, Anar Məmmədliyə verilən tapşırıq (500 nəfərlik qrup) faktiki olaraq, icra olunmadığından, ona öz qüvvəsini jurnalist Xədicə İsmayılın “dəstəsi” ilə birləşdirmək tövsiyə olunub və bu günlərdə məsələ müzakirə də edilib.
Bu da çıxış yolu... Daha doğrusu növbəti fiasko.

Qısası, Anar Məmmədli və onun ətrafı ağalarının istəyinə uyğun istənilən effektiv fəaliyyətə malik deyillər.
Buna görə də, bəzi səbəblərdən, o cümlədən, ayrılan vəsaitin bölüşdürülməsi məsələdəki fikir ayrılıqları üzündən “koalisiya” baş tutmayıb və Anar Məmmədli ilə Xədicə İsmayılın ayrı-ayrılıqda “işləməsi” qərara alınıb”.

Lent.az saytına isə Anar Məmmədlinin ətrafından “ilginc” informasiya daxil olub. Saytın yazdığına görə, növbədənkənar prezident seçkiləri ilə bağlı aktiv fəaliyyətə başlamış Anar Məmmədlinin xarici donoları aldatdığı üzə çıxıb.

Məmmədlinin çevrəsindəki şəxslərdən birinin bildirdiyinə görə, o, tərəfdaş təşkilatlara əksər seçki dairələrində iş aparacağı barədə vəd verib: “Seçkiyə bir gün vaxt qalıb, Anar isə cəmi 50-60 nəfəri müşahidəçi olmağa razı sala bilib. Buna səbəb isə Anarın aldığı pulun çox az hissəsini müşahidəçilərə vəd etməsidir. Anara seçki ilə bağlı çox yüksək məbləğlər verilsə də, o, müşahidəçi kimi cəlb etdiyi şəxslərə çox az pul vəd edir. Buna görə də siyasi prosesləri bilən, ali təhsilli gənclər bu prosesdə iştirak etmək istəmirlər. Anarın indi cəlb etdikləri isə maddi cəhətdən imkansız olan şəxslərdir”.

Mənbənin bildirdiyinə görə, A. Məmmədlinin müşahidəçilərə günlük vəd etdiyi pul 40-50 manat civarındadır.

“Yeni Müsavat” qəzeti qısaca Anar Məmmədlinin bioqrafiyasını araşdırıb. Qəzet bildirir ki, A.Məmmədlinin əvvəllər AXCP sədri Əli Kərimli ilə yaxın münasibətləri olub. Belə ki, onun rəhbərlik etdiyi “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDTM) keçirdiyi monitorinq və müşahidələrdə AXCP gənclər təşkilatının üzvləri iştirak ediblər.
SMDTM 2001-ci ildən bu günədək ölkəmizdə keçirilən bütün seçkilərin müşahidəsini aparıb və bu seçkilərin beynəlxalq standartlara cavab verməməsi barədə qərəzli hesabatlar hazırlayaraq xarici donorlara və beynəlxalq təşkilatlara ötürüb.

SMDTM-in fəaliyyəti ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Milli Demokratiya İnstitut (NDİ), Demokratiyaya Milli Dəstək fondu (NED), "German Marşal" fondu və ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilib.

2020-ci ildə məhz ABŞ donorlarının maddi dəstəyi ilə ABŞ-ın Serakuz Universitetinin Maksvel Məktəbinin İctimai İdarəçilik ixtisası üzrə magistr dərəcəsini bitirib.
Anar Məmmədli həbs həyatı da yaşayıb və Prezidentin fərmanı ilə azadlığa buraxılıb. Belə ki, AR Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən A.Məmmədli barəsində vəzifəli şəxslərin qulluq səlahiyyətlərindən dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla sui-istifadə edərək mütəşəkkil dəstə tərkibində külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktı üzrə toplanmış materiallar əsasında 29 oktyabr 2013-cü il tarixdə AR CM-nin 192.2.2, 192.2.3, 213.2.1, 308.2-ci maddələri ilə cinayət işi açılıb və o, 5 il 6 ay azadlıqdan məhrum olnub. Ancaq Prezidentin 17.03.2016-cı il tarixli əfv sərəncamı ilə həbsdən azad edilib.
Anar Məmmədli məhz 2013-cü ildə keçirilən Prezident seçkilərini nüfuzdan salmaq məqsədilə ABŞ-ın Milli Demokratiya İnstitutundan qanunsuz yolla aldığı 276 min ABŞ dolları maliyyə vəsaiti üzrə saxta əməliyyatlar həyata keçirməsi səbəbindən həbs olunsa da, azadlığa buraxıldıqdan sonra köhnə fəaliyyətindən əl çəlməyib.

Belə ki, A.Məmmədlinin rəhbərlik etdiyi SMDTM tərəfindən AR-də keçirilmiş 2018-ci il Prezident, 2019-cu il bələdiyə, eləcə də 2020-ci ildə keçirilmiş parlament seçkilərinin müşahidəsi aparılıb. Bütün seçkilərin qeyri-demokratik mühitdə keçirilməsi barədə qərəzli hesabatlar hazırlanaraq beynəlxalq təşkilatlara təqdim olunub.

Hazırda SMDTM-in fəaliyyəti ABŞ-ın "Beynəlxalq İnkişaf Agentliyi” (USAİD), “German Marşal Fondu”, “Freedom House”, “National Endowment for Democracy” (NED), “National Democratic İnstitute” (NDİ), Çexiyanın “Prague Civil Society Center” təşkilatları tərəfindən maliyyələşdirilir.
07 fevral 2024-cü il tarixdə keçiriləcək Prezident seçkiləri çərçivəsində Anar Məmmədli aktiv iş həyata keçirməyə çalışır. Xarici donorlara əksər dairələrdə iş aparacağını bildirsə də, cəmi 50-60 müşahidəçi toplaya bilib. Bu da gənclərin artıq Anar Məmmədlinin pul qazanmaq üçün həyata keçirdiyi ucuz şoularının iştirakçısı olmaq istəməməsindən irəli gəlir.

Müşahidəçi kimi cəlb edilmiş şəxslər arasında maddi imkanları zəif şəxslər üstünlük təşkil edir. Anar Məmmədli hər müşahidəçi üçün xarici donorlardan külli miqdarda pul alsa da, müşahidəçilərə 40-50 manat pul verir və qalan vəsaiti mənimsəyir.

Youtube-də yayımlanan Reaksiya TV Anar Məmmədlini efirə dəvət etsə də, o öz fəaliyyəti barədə yaranan suallara cavab vermək istəməyib.

AzNews.az