- Araşdırma
- 7 Oktyabr 21:50
- 15 791
Sifarişlə fəaliyyət göstərən Qərb təşkilatları və mediası - ANALİZ
Artıq 4 ildir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin öz dövlət sərhədlərində tam miqyasda bərpa etməsinin siyasi nəticələri regional və beynəlxalq müstəvidə öz təsirini göstərməkdədir.
Ən yeni tarixdə ilk dəfə idi qlobal oyunçuların maraqlarının bu qədər kritik kəsişdiyi Cənubi Qafqaz kimi strateji regionda bir ölkə torpaqlarını öz hesabına azad edib ve bununla da regionun siyasi, iqtisadi və təhlükəsizlik parametrlərini kardinal dəyişib.
Cənubi Qafqaz regionundan xeyli uzaqda yerləşən bir sıra ölkələr, xüsusilə ABŞ, Fransa və Kanadanın Azərbaycanın hərbi-siyasi gücü hesabına həllini tapmış keçmiş “Dağlıq Qarabağ” münaqişəsini “diriltmək”, var gücü ilə gündəmdə saxlamaq təşəbbüslərinin səbəbi də budur. Məhz adlarını sadaladığım ölkələr bu istiqamətdə bir sıra təşəbbüslər edir, beynəlxalq müstəvidə regional reallığı təhrif olunmuş şəkildə təqdim edir və s.
Diqqətlə nəzərdən keçirdikdə bu təşəbbüslərin bir mərkəzdən idarə olunduğu və sistemli xarakter daşıdığı aydın olur.
Məsələn, keçmiş separatçı rejimin nümayəndələri ABŞ Konqresinə dəvət edilir, Konqresdə “Dağlıq Qarabağın süqutu”na həsr olunan yalan və təhrif olunmuş təqdimatlarla dinləmələr keçirilir və s.
Həmçinin, ABŞ və Fransanın hökumət, Kanada parlament, vətəndaş cəmiyyəti səviyyəsində Qarabağdan köç etmiş ermənilərə dəstək verən çoxsaylı maddi-mənəvi təşəbbüslər irəli sürür, dünyaya "etnik təmizləməyə məruz qalaraq deportasiya edilmiş Arsax xalqı" kimi psevdoreallıq yeritməyə çalışır, beynəlxalq siyasi və insan haqları təşkilatlarında “müdafiə səddi” qurmağa çalışırlar. ABŞ qanunverici orqanı olan Nümayəndələr Palatasının üzvü, Konqresdəki erməni qrupu sədrinin müavini Adam Şiff və digər konqresmenlər tərəfindən irəli sürülən 2024-cü il üçün “Artsax gəlirlərinin bərpası aktı”, təqdim olunur və s.
Fransa prezident Makron dövlətin bütün imkanları hesabına Avropa İttifaqı ərazisində erməni maraqları gündəliyi formalaşdırır və yalnız öz ölkəsi deyil, həm də Aİ-nin siyasi və təhlükəsizlik imkanları hesabına erməni maraqlarının müdafiəsini təşkil edir.
Kanadanın xarici işlər naziri Meloni Coli ölkəsinin xarici siyasət servisini bütünlüklə erməni maraqlarının müdafiəsi üçün səfərbər edir. Bu təşəbbüsdə də Kanada erməni diasporu və lobbi qruplarının mərkəzləşdirilmiş qərargahı rolunu oynayan Kanada AyDat təşkilatının bəyanatlarını və məlumatlarını istifadə edir və s.
Bu xüsusda beynəlxalq QHT-lərin və medianın fəaliyyəti qətiyyən təəccüblü deyil, çünki onlar zamanında elə bu dairələr tərəfindən istinad mənbələri kimi istifadə olunmaq üçün yaradılıblar.
Məsələn, donorlarının hamısı ABŞ büdcəsindən maliyyə alan fondlar, jurnalist araşdırması ilə məşğul olan fərdi müxbirlərin birliyi kimi təqdim edilən “Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi” - “OCCRP”nin ABŞ Nümayəndələr Palatası və Konqresdəki erməni qrupunun dinləmə təşkil etdiyi həftədə araşdırma dərc edir. Və ya “Freedom House” dərc etdiyi materiallar, separatçı rejimin “dövlət naziri” Ruben Vardanyanın tərəfdaşı, USAID-in rəhbəri Samanta Pauer “ermənilərin Qarabağdan kütləvi köçü”nə dair bəyanatlar verir. Emanuel Makronun partiyasının üzvü, keçmiş fransız diplomatı Avropa Parlamentinin yeni vitse-prezidenti seçilmiş Natali Luazonun “Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi gününü” Avropa Parlamentində qeyd etmək təşəbbüsü ilə çıxış edir və s. - bütün bunlar eyni prosesin müxtəlif səhnələridir.
Əsas missiyası dünyada münaqişələrin həllinin təşviqi ilə rahat, demokratik, idarə olunan təhlükəsiz beynəlxalq mühitin formalaşmasında iştirak etmək olan beynəlxalq təşkilatların sərt mövqeyi də özünü gözlətmir və bu xora varlığı ancaq bizə qarşı əsassız iddialar səsləndirmək olan, müxtəlif siyasi və iqtisadi lobbi qruplarından maliyyələşən, bu maraqlara xidmət edən beynəlxalq insan haqları təşkilatları da qoşulur.
Ümumiyyətlə, son onilliklərdə beynəlxalq müstəvidə insan haqları təşkilatları, onların rolu və mövqeyi ətrafında müzakirələrin möhkəmləndirdiyi bir fikir var: sifarişli fəaliyyət göstərən, riyakar təsisatlar.
Xatırladım ki, belə təşkilatların mahiyyəti haqqında ən dürüst fikri elə ABŞ-nin özünün BMT-dəki keçmiş səfiri Nikki Haley zamanında BMT tribunasından səsləndirmışdı - o, insan haqları təşkilatlarını riyakarlıqda günahlandıraraq, onları dünyada sülhə, ədalətə və ya insan haqlarının qorunmasına deyil, ancaq özünə xidmət edən və pulla hərəkətə gələn təsisatlar adlandırmışdı.
Nümunə üçün deyim ki, dünyanın gözü önündə Fransada 2023-cü ildə davam edən etirazlarda dinc etirazlar dağıdıldı, etirazçılar polis zorakılığına məruz qaldı, jurnalistlər və media işçiləri döyüldü, qadın jurnalistin üzərinə fransız polisi tərəfindən silah çəkildi. Hökümət müstəqil təşkilatların və media qurumlarının işinə əngəllər yaratdı, hakimiyyət vətəndaş cəmiyyəti fəallarının siyasi motivli mühakimələrini və qanunsuz həbslərini də həyata keçirdi və s.
Bir sözlə, Fransa höküməti tərəfindən media, sərbəst toplaşmaq, ifadə azadlıqları sistemli şəkildə məhdudlaşdırıldı, dinc aksiyaya çıxanlar döyüldü. Ancaq bu məqamların heç biri 2023-cü ilin beynəlxalq insan haqları təşkilatının hesabatlarında kiçik epizodla olsa belə öz əksini tapmadı.
Beynəlxalq təşkilatlarda heç vaxt araşdırılmayan, Qərb mediasında işıqlandırılmayan Ermənistanın müharibə cinayətləri
Bu günə qədər Avropa Parlamentində, Avropa Şurası Parlament Assambleyasında bir dəfə də olsun Ermənistanın 30 illik işğal siyasəti, onun fəsadları və müharibə cinayətləri haqqında danışılmayıb. Avropa Şurası insan haqları müvəkkilləri də bu mövzuda susub.
Avropa Parlamenti, AŞPA, AŞ insan haqları müvəkkili Ermənistanın İkinci Qarabağ müharibəsində ballistik raketlərindən istifadə edərək dinc azərbaycanlıları hədəfə alınmasını, nəticədə 100-dən çox mülki şəxsin qətlə yetirilməsini görməzdən gəliblər. Birinci Qarabağ müharibəsi dövründə 4 mindən çox azərbaycanlının itkin düşməsi faktı da onların gözündən “yayınıb” .
Beynəlxalq müstəvidə aparıcı rol oynayan bu təsisatlar Azərbaycanla bağlı bu mövzular haqqında, hətta balanslı yanaşma xətrinə belə bu günədək hər hansı bir açıqlama verməyib və bu cinayətlərə münasibət bildirməyib. Əvəzində isə son bir ildir Beynəlxalq QHT-lər şəbəkəsi, Soros Fondunun maliyyələşdirdiyi geniş şəbəklər, “Human Rights Watch”, “Avropa Stabillik Təşəbbüsü ESI, “Amnesty İnternational”, “İnsan Haqları Evi”, “Açıq dialoq” kimi QHT-lər Azərbaycana qarşı aktiv kampaniyalar aparır.
Azərbaycana qarşı səfərbər olunmuş Qərb Mediası
Azərbaycana qarşı beynəlxalq səviyyədə mediada aparılan antitəbliğatda ABŞ və Avropanın aparıcı piar şirkətlərinin iştirak etməsi haqqında məlumatlar zaman-zaman ifşa olunub. Son bir ildə belə kampaniyalarda ABŞ və Avropanın bir sıra aparıcı piar şirkətlərinin iştirakı bəlli dəst-xətti olan media təsisatlarda da müşahidə olunur.
Bu dəst-xətt daha çox bir sıra ABŞ və Aİ ölkələrinin xüsusi xidmət dairələrinin ənənəvi təbliğat üsulları və adət-ənənələri tətbiq olunmaqla aparılan antitəbliğat əməliyyatlarıdır. Bunu iddia etmək üçün xüsusi xidmət dairələrinin ənənəvi təbliğat üsullarına və həssas proseslərdəki davranış sinxronluğuna baxmaq kifayətdir.
Məsələn, ABŞ dövlətinin İraq, Mərkəzi Asiya, Balkanlarda və digər regionlardakı əməliyyatlarının sistemli şəkildə pozitiv təbliğ edən media resursları, uzun illər Rusiya və Çinə qarşı aparılan təbliğatın elementlərindən istifadə etməklə, indi də anti-Azərbaycan təbliğatı aparırlar.
Məsələn, Xankəndidə “aclıq realiti şousu” ABŞ media industriyası ruhunda və adət-ənənəsi ilə həyata keçirilən dezinformasiya əməliyyatı idi.
Avropa İttifaqı media müstəvisində anti-Azərbaycan məzmunlarının manitorinq və təhlili göstərir ki, bu təbliğatın istinad mənbələrində öndə fransızdilli media və onların dərc etdiyi məqalələr gəlir. Bu prosesdə, paralel olaraq, Aİ-nin müxtəlif ölkələrində erməni lobbi dairələrinə yaxın media resurslar da iştirak edir.
Yuxarıdakı məqamlardan və Avropa İttifaqı media müstəvisində Azərbaycan haqqında tirajlanan saxta xəbərlərin və manipulyasiyaların məzmunlarının müntəzəm təhlili belə sifarişin heç də insan haqları, demokratiya ilə bağlı olmadığını üzə çıxarır.
Azərbaycana qarşı səfərbər olunmuş Beynəlxalq Media və QHT-lərin hədəfləri haqqında danışarkən insan haqları ilə bağlı manipulyasiyaların və ümumiyyətlə bu anti-təbliğatın hədəflədiyi bir neçə məqsəd var:
- Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti qabartmaq və beynəlxalq təşkilatlarda davamlı təbliğat aparmaqla anti-Azərbaycan cəbhəsi formalaşdırmaq;
- Beynəlxalq təşkilatlarda davamlı təbliğatın yaratdığı gərginlik və təzyiqlərin fonunda ölkənin beynəlxalq təşkilatlardan özünütəcrid yolunu tutmasına nail olmaq;
- Ölkədə iqtisadiyyatın və cəmiyyətin hərbiləşdirilməsi görüntüsü ilə regionda yeni müharibə riskinin mövcudluğunu iddia etmək və Azərbaycanı regional təhlükəsizliyə hədə kimi təqdim etmək;
- Bütün bu təbliğatların təsiri altında Azərbaycandan xaotik geri çəkilmə, birtərəfli güzəştlərə nail olmaq.
- Ən əsası isə Ermənistanla danışıqlarda Azərbaycan mövqelərinin zəifləməsi, sabit zəminsiz sülh sazişinin imzalanmasına nail olmaq məqsədi güdülür.
Yeganə Hacıyeva,
Mətbuat Şurası İdarə Heyətinin üzvü