"Texnoloji yeniliklər bir sıra çətinliklər gətirir". "Texnoloji yeniliklər bir sıra çətinliklər gətirir".

Aqro-innovativ tədbirlər nədir və ölkəmizdə necə tətbiq olunur?

"Texnoloji yeniliklər bir sıra çətinliklər gətirir".

"Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi bu sahədə xərcləri 20-30 faiz azaltmağa imkan verəcək, nəticədə ərzaq məhsullarının qiymətləri 45-50% azalacaq”.

Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün Azərbaycanda "AgTech and Green Energy” aqrar və yaşıl texnologiyalar mövzusunda ilk dəfə keçirilən beynəlxalq forumda çıxış edərkən belə deyib.

Bəs, innovasiyaların aqrar sahəyə tətbiqi deyilərkən nə nəzərdə tutulur, bu prosesin məhsulların maya dəyərinə və qiymətlərinə nə kimi təsirləri ola bilər?

İlk növbədə ondan başlayaq ki, innovasiya yeniliklər deməkdir və iqtisadiyyatın inkişafı, rəqabətə dayanıqlığını artmaq üçün yeni elmi biliklərin, texnologiyaların müxtəlif təsərrüfatlara tətbiqi mənasına gəlir. Bu mənada innovasiyalar yeni elmi kəşflər deyil, sadəcə, onlardan ağıllı şəkildə yararlanmaqdır.

Məsələn, bir tekstl şirkəti elmi tərəqqidən faydalanıb yuyulanda qırışmayan və buna görə də ütülənməyə ehtiyacı olmayan parça istehsal edirsə, innovativ fəaliyyətlə məşğul olur. Nəticədə ortaya çıxan məhsul alıcıların diqqətini daha çox cəlb edir, bu da onun istehsal potensialını artırır.

Həmin terminin aqrar sahəyə tətbiqi üçün belə bir nümunə göstərmək olar. Deyək ki, müxtəlif texnologiyaların tətbiqi nəticəsində daha dadlı, görünüşlü və gec xarab olan pomidor şitilləri yetişdirilir və bu məqsədlə yaradılmış sahələrə əkilir.

Daha sonra onun məhsulunu göz oxşayan qutularda bazara çıxarırsan, beləcə, daha çox müştəri qazanırsan. Bu da bir innovasiyadır.

Nazir İnam Kərimovun sözlərindən isə belə çıxır ki, KTN-nin innovativ siyasətində məhsulun maya dəyərini aşağı salmaq və qiymətləri yarıbayarı azaltmaq nəzərdə tutulur. Deməli, burada söhbət innovativ tədbirlərin məhsulların bazardakı təqdimatına deyil, məhsuldarlığı artıran texnologiyaların tətbiqindən gedir. Yəni tarlalarda insan gücündən daha çox, müasir texnikalardan istifadə ediləcək və məhsuldarlığı artıran siyasətlərin yürüdülməsi KTN-nin əsas qayələrindən birinə çevriləcək.

Dünyanın inkişaf etmiş ölkələrinin təcrübələrinə nəzər salanda texnoloji yeniliklərin kənd təsərrüfatına tətbiqi nəticəsində həqiqətən həm məhsuldarlığı 10 dəfələrlə artırmağın, həm də işçi qüvvəsini xeyli azaldaraq maya dəyəri aşağı salmağın mümkün olduğunu görə bilərik. Məsələn, ötən əsrin ikinci yarısında dünyada ilk dəfə ABŞ taxılçıları məhsullarını kombaynlarla yığmağa başlamışdılar ki, bu da taxılın maya dəyərini xeyli aşağı salmışdı. Mütəxəssislərin hesablamalarına görə, hələ o vaxt bir kombayn minlərlə işçini əvəz edirdi. Kombaynın bir litr dizel yanacağı hesabına gördüyü işin əmsalı 100 işçinin bir aylıq əməyinə bərabər idi. Bu isə o demək idi ki, ABŞ fermerləri bir kombayn almaqla bir ayda 1000-lərlə dollar qənaət edirdilər.

Digər tərəfdən, taxıl toxumlarının seleksiyası və yeni gübrələrin istehsalı həmin təsərrüfatların məhsuldarlığını qat-qat artırmışdı. Nəticədə ABŞ nəinki öz istehlak tələbatını tam ödəyəcək, eyni zamanda dünya taxılının 40%-ə qədərini istehsal edəcək hala gəlmişdi. Aqrar sektora tətbiq edilən bu yeniliklər sayəsində ABŞ hazırda öz taxıl ehtiyatının böyük qismini bio-yanacaq istehsalına sərf edir.

Eyni sözləri bu gün Azərbaycanda getdikcə inkişaf edən quşçuluq sektoru üçün deyə bilərik. Bir zamanlar bir toyuğun yeyiləcək vəziyyətə gəlməsi üçün hardasa, bir il onu bəsləmək lazım gəlirdi. İndi innovasiyalar sayəsində bu müddət 1 aya qədər endirilib. Bu isə fermerlərə daha çox qazanmaq imkanı verdiyi kimi, toyuğun qiymətinin də xeyli ucuzlaşmasına səbəb olub.

Yuxarıdakı misalları sonsuza qədər artırmaq olar. Fikrimizin anlaşılması üçün iki örnəyi kifayət hesab edib, aqrar sektorumuzun innovasiyasında üzləşəcəyimiz bəzi problemlərə qısaca nəzər salmaq istəyirik.

Hər bir texnoloji yeniliklər, sözsüz ki, bir sıra çətinlikləri də bərabərində gətirir. Bu çətinlikləri iki qismə ayırmaq olar:

1. Obyektiv çətinliklər;

2. Subyektiv çətinliklər.

Obyektiv çətinliklərə əsasən Azərbaycanın su və torpaq ehtiyatları aiddir. Bildiyimiz kimi, ölkəmizin torpaq fondunun yalnız 40% əkinə yararlıdır. Prinsipcə, dünya ortalamasının üzərində olan bu nisbəti daha da yaxşılaşdırmaq mümkündür. Zira əkinə yarasız hala düşən bir sıra ərazilərimiz su çatışmazlığından və düzgün istifadə olunmamaqdan qaynaqlanır. Fikrimizcə, bəzi meliorasiya siyasətləri nəticəsində həmin əraziləri yenidən münbitləşdirmək olar. Bunun üçün ilk növbədə müəyyən ərazilərə kanallar çəkilməli, su anbarları yaradılmalıdır.

Azərbaycanın əkinə faydalı, duzsuz su ehtiyatları isə çox deyil. Məlumatlara görə, Cənubi Qafqazın ümumi duzsuz su ehtiyatının sadəcə 10%-nə sahib olan ölkəmizin suyunun 70%-i öz sərhədlərindən kənarda formalaşır, müxtəlif çaylar vasitəsilə Azərbaycana axır. Digər 30%-lik pay isə yağış sularının hesabına əmələ gəlir və onun böyük qismi isə heç istifadə olunmadan Xəzər dənizinə axır. Zənnimizcə, su anbarlarının yaranması sayəsində biz həmin potensialımızdan da maksimum faydalana bilərik.

Kənd təsərrüfatına innovasiyaların tətbiqi zamanı ən çox unudulmaması gərəkən faktorlardan biri də torpaq potensialımızın düzgün istifadəsidir. Bəllidir ki, bütün kənd təsərrüfatı məhsullarımızın iki əsas qaynağı, başqa sözlə desək, xammalı var. Bunlardan biri sudur ki, bütün bitkilərin, heyvanların 80-90%-ni məhz su meydana gətirir. Həmin məhsullar suyu içərək və ya “su məhsullarını” yeyərək bu qüvvəni başqa bir qüvvəyə çevirirlər. Başqa sözlə desək, hər bir bitki, heyvan bir növ sudan və torpaqdan ərzaq məhsulları, yemlər istehsal edən canlı fabrikalardır. Deməli, bu zavodların yaxşı işləməsi üçün onun “xammal” bazasını mühafizə etmək tələb olunur. Suyun mühafizəsi və təmini ilə bağlı fikirlərimizi yuxarıda ifadə etdiyimizdən biz indi torpaq ehtiyatlarımızla necə davranmaq mövzusu üzərində dayanmaq niyyətindəyik.

Hər bir məhsulun digər önəmli xammalı torpaq qatında toplanmış minerallardır. Məhsullarımız bu mineralları suyla bərabər canına çəkərək bizim üçün qida formalaşdırırlar. Sudan fərqli olaraq, torpağın təkribindəki minerallar isə tükənən sərvətlərimizdəndir. Min illər boyu formalaşan bu sərvətin birdən-birə istifadəsi perspektivdə böyük problemlərə yol aça - minerallar tükənə, torpaq tamamilə yarasız hala düşə bilər. Müneralları tükənən torpağı yenidən bərpa etmək üçün minillər lazım olduğundan bu gün dünyada əkinə yararlı sahələr getdikcə azalmaq üzrədir. İnnovasiyaları aşırı məhsuldarlığa yönəldən bir çox ölkələr bu gün həmin problemlərin ağrılarını yaşayırlar. Ümidvarıq ki, Azərbaycan hökuməti bu problemləri nəzərə alaraq aqrar strategiyasını hazırlayıb və ölkəmiz həmin təhlükələrdən sığortalanıb.

İnnovasiyaların tətbiqində qarşılaşacağımız subyektiv amillərə köhnə idarəçilik sisteminə öyrəşən regional kadrların hələ də həyata keçirilən siyasəti tam mənası ilə dərk etməmələrindən qaynaqlanır. Bir çox hallarda köhnə vərdişlərini davam etdirən xırda məmurların fermer təsərrüfatlarının işinə mane olmaları barədə qulağımıza bəzi siqnallar çatır. Yəqin ki, Azərbaycan hökuməti fermerlərin əl-ayağına dolaşan bu “alaq otlarını” zamanında təmizləyəcək və ölkəmiz aqrar inkişaf mərhələsinə qədəm qoyacaq.

Aqrar təsərrüfatlarda innovasiyaların tətbiqində ən mühüm məsələlərdən biri də bunun uzun zaman tələb etməsi və ardıcıllığın pozulmaması prinsipidir. Bildiyimiz kimi, bu sahədə ən ciddi nümunələri ortaya qoyan ölkələrdən biri Finlandiya olmuşdur. Dünya İqtisadi Forumunun araşdırmalarına görə, Finlandiya məhz ardıcıllığının sayəsində son illərdə ən yüksək rəqabət qabiliyyətli iqtisadiyyat qura bilib. Bu uğuru isə 20 il əvvəl ortaya qoyduğu innovasiyaların tətbiqi nəticəsində qazanıb. Bildirilir ki, Finlandiya aqrar sahənin innovasiyasına yatırdığı investisiyaları iqtisadi tənəzzül dövründə belə azalmayıb. 1990-cı illərin başında yaşanan və işsizliyi 20%-ə qədər yüksəldiyi böhran illərində göstərilən dözüm sayəsində ölkə böhrandan sonra bu əzmin meyvələrini dadıb və dadmaqdadır. Böhrandan sonra milli təhsil və tədqiqat proqramları daha da genişləndirilib. Bu proqramın tələbi əsasında universitetlər və şirkətlər arasında güclü şəbəkə yaradılıb. Beləliklə, meşəçiliyə və əkinçiliyə söykənən fin iqtisadiyyat sürətlə öz yerini sənayeyə, az sonra isə innovasiyalar iqtisadiyyatına buraxıb. Məhz bu siyasətin nəticəsində 2000-ci illərdə informasiya texnologiyaları Finlandiya iqtisadiyyatının hərəkətverici qüvvəsinə çevrilib. Aqrar inkişafla başlayan innovativ tərəqqi sayəsində əldə edilən gəlirlər metal, mühəndislik sahələrinə və meşə məhsulları sənayesinə yönəldilib. Nəticədə 1985-ci ildə adambaşına düşən milli gəliri 10.470 dollar olan ölkə 2004-cü ildə bu gücünü 29 min dollara çatdırıb. Hazırda isə bu göstərici 52,422 ABŞ dollarına yüksəlib.

KTN-nin bu il həyata keçirdiyi innovativ tədbirlər planına nəzər salanda bizim də aqro-innovativ tədbirlər sahəsində Finlandiya yolunu seçdiyimiz bəlli olur. Təsadüfi deyil ki, nazirliyin yeni tərkibi ilk işə fin modelində olduğu kimi elm ocaqları – kənd təsərrüfatı sahələrinin qarşılıqlı münasibətlərini yaratmaqla başlayıb və fəaliyyətlərinə dünyanın digər ölkələrinin mütəxəssislərini də cəlb edib. Nazirliyin bugünkü tədbir barədə yaydığı aşağıdakı məlumat da belə düşünməyə əsas verir:

“Azərbaycanda ilk dəfə aqrar və yaşıl texnologiyalar üzrə "AgTech and Green Energy” mövzusunda beynəlxalq forum keçirilir. "Yaşıl gələcək üçün innovasiyalar” şüarı ilə təşkil edilmiş forumun əsas məqsədləri Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafına nail olmaq, müxtəlif maraqlı tərəflər arasında əlaqələri gücləndirmək, dayanıqlı biznes modelləri və əlaqələr qurmaqdır. Dünyanın 15-ə yaxın ölkəsindən 40-dək xarici mütəxəssisi bir araya toplayan forum "Energetika və aqrar texnologiyaların gələcəyi”, "Aqrar və yaşıl enerji üçün texnologiyalar”, "Aqrar və energetika texnologiyaları üzrə Akademiya”, "Siyasətin təsiri”, "Yeni innovativ ekosistemlər”, "Fermerlər üçün seksiya”, "Aqrar sahə və energetika üçün biznes: AgTech sessiyası”, "Aqrar sahə və energetika üçün biznes: Green Energy sessiyası”, "Startap və innovasiya ekosistemi seminarı” panelləri üzrə keçiriləcək”.

Mürvət Həsənli, ADAM sədri

AzNews.az