- Müşahidə məntəqəsi
- 16:41
- 1 581
Elçin Xalidbəyli: 'Rusiya artıq miqrantlar üçün cəlbedici ölkə deyil'

“Kremlin Rusiyada getdikcə daha açıq şəkildə irqçi siyasət yürütməsi müşahidə olunur və bu hal, təbii ki, post-sovet məkanından Rusiyaya miqrasiya proseslərini ciddi şəkildə məhdudlaşdıra bilər. Böyük ehtimalla yaxın gələcəkdə Rusiyaya üz tutanların sayı kəskin azalacaq. Artıq Rusiyada yeni həyat qurmaq və ya qazanc əldə etmək niyyətində olanlar bu fikirlərini tədricən dəyişməyə başlayacaqlar. Çünki Rusiya artıq bu baxımdan cəlbedici ölkələr sırasına daxil deyil. Birincisi, qeyri-ruslara qarşı təzyiqlər, irqçilik, ayrıseçkilik və milli-etnik zəmində təqiblər ən yüksək həddə çatıb. Bu isə qeyri-ruslar üçün Rusiyanı dözülməz bir mühitə çevirir”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Xatırladaq ki, Moskva ilə bağlı vaxtaşırı gərginliklər və hüquqi-miqrasiya problemləri yarananda azərbaycanlıların bir qismi alternativ olaraq digər ölkələrə üz tutub. Yekaterinburqda baş verən son hadisələr isə miqrasiya ilə bağlı narahatlıqları yenidən aktuallaşdırıb.
Siyasi şərhçi bildirib ki, digər tərəfdən, Rusiya iqtisadi baxımdan ciddi çökmə mərhələsinə qədəm qoyub.
“Sosial həyat getdikcə ağırlaşır. Rusiya maliyyə resurslarının əsas hissəsini hərbi xərclərə yönəldir, bu səbəbdən sosial sahələrə ayrılan vəsaitlər ciddi şəkildə azaldılır. Ticarət və iqtisadi münasibətlər isə demək olar ki, pozulmaq üzrədir və sistem getdikcə effektivliyini itirir. Yəni iqtisadi çöküş yaşayan, sosial problemləri böhran həddinə çatmış və milli-etnik zəmində migrantlara qarşı təzyiqlərin artdığı bir mühitdə Rusiya artıq miqrantlar üçün cəlbedici ölkə deyil. Böyük ehtimalla hazırda Rusiyada yaşayan qeyri-rusların, xüsusilə də miqrantların əksəriyyəti öz ölkələrinə qayıtmağa üstünlük verəcək. Onlar vətənlərinə qayıtmasalar belə, post-sovet məkanındakı digər ölkələrə, xüsusilə Qazaxıstan və Özbəkistana üz tuta bilərlər. Bu ölkələr hazırda daha sabit və miqrantlar üçün nisbətən cəlbedici sayılır. Eyni zamanda, onların bir hissəsinin doğma ölkələrinə qayıtmaq istəyi və bu istiqamətdə qərar vermə ehtimalı da kifayət qədər yüksəkdir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az