“Sabahın sahibkarları” seminar-konfransı öz işinə başladı

Gənclər sahibkarlıq subyektlərinin fəaliyyətində əsasən işçi rolunu oynayır

Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabahın sahibkarları” adlı layihəsinin icrasına başlayıb.

Mingəçevir şəhərində, Quba və Ağcabədi rayonlarında reallaşdırılacaq layihənin əsas məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi, onların sahibkarlıq subyektinə çevrilməsi üçün münbit şəraitin yaradılması, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılması, onlara hüquqi və texniki yardımların göstərilməsidir.

Layihə çərçivəsində gənclər üçün aparıcı şirkətlərdə praktiki məşğələlərin təşkili, sahibkarlıq fəaliyyətinə dair təlim proqramının və tanınmış iş adamları ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Sahibkarlıq subyekti olmaq istəyən gənclərə texniki yardımların göstərilməsi, onlar üçün hüquqi məsləhət xidmətlərinin təşkili də planlaşdırılır.

Layihənin icrası müddətində gənclərin sahibkarlıq fəaliyyətinə dəstək vermək məqsədilə Bakı şəhərində aparıcı şirkət və müəssisələrinin rəhbərlərinin, habelə gənclərin iştirakı ilə əməkdaşlıq forumunun keçirilməsi də əsas fəaliyyətlərdəndir.

Bu gün Mingəçevir şəhərində ilk seminar-konfrans öz işinə başlayıb. Tədbirdə yüzdən artıq gənc iştirak edib. Tanınmış biznes təlimçisi Fəxri Ağayev gənclər qarşısında maraqlı proqramla çıxış etmiş, onları maraqlandıran sualları cavablandırıb.

Mərkəzin İcraçı Direktoru Fəxrəddin Həsənzadənin verdiyi məlumata əsasən, hazırda ölkəmizdə əlverişli sahibkarlıq mühiti formalaşdırılıb, müvafiq qanunvericilik bazası təkmilləşdirilmiş, sahibkarlıq subyektlərinin fəaliyyəti üçün zəruri şərait yaradılıb.

Hazırda çox sayda fiziki və ya hüquqi şəxs rəsmi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Amma statistik göstəricilərə nəzər yetirsək görəririk ki, sahibkarlıqla məşğul olanların böyük əksəriyyəti orta yaşlı insanlardır. Gənclər sahibkarlıq subyektlərinin fəaliyyətində əsasən işçi rolunu oynayır. Aktiv olaraq şəxsi biznesini quran gənc yaşlı insanlar çox azdır. Müxtəlif qurumlar fərqli üsullarla gəncləri sahibkarlıq fəaliyyətinə daha da həvəsləndirə bilərlər. Gənclər biznes mühitinə yenilik gətirə, müxtəlif beynəlxalq biznes toplantılarında və sərgilərdə ölkəmizi daha fəal təmsil edə bilərlər. Bu baxımdan Gənclər üçün Təhsil Mərkəzi belə bir layihə ideyası ilə çıxış edir, gənclərin sahibkarlıq fəaliyyətinə dəstək verməyi planlaşdırır.

AzNews.az

image description image description image description