Bakını xilas etmənin yeganə yolu Ağ Şəhər layihəsinin digər ərazilərdə də tətbiq olunmasıdır Bakını xilas etmənin yeganə yolu Ağ Şəhər layihəsinin digər ərazilərdə də tətbiq olunmasıdır

Ağ Şəhər layihəsi genişlənməlidir - TƏKLİF

Bakını xilas etmənin yeganə yolu Ağ Şəhər layihəsinin digər ərazilərdə də tətbiq olunmasıdır

Təkcə sahibkarlar tərəfindən necə gəldi inşa edilən yaşayış binalarında deyil, bəzi böyük biznes mərkəzləri, xəstəxanalar, klinikalar, şadlıq evləri, otellər, iaşə obyektlərinin tikintisi zamanı da normativlərin pozulduğunu müşahidə etmək mümkündür.

Bu sözləri əmlak üzrə mütəxəssis Elnur Fərzəliyev Bakı şəhərində tikinti normalarının daha ciddi qorunması barədə danışarkən deyib.

E.Fərzəliyev bildirib ki, Bakı şəhərində yaşanan sıxlığın səbəbi də məhz tikinti normasının gözlənilməməsidir:

“Paytaxtın əksər ərazilərində göydələnlərin bir-birinə çox yaxın tikilməsi müəyyən problemlərlə nəticələnir. Binalar arası məsafələr binanın gündürlüyündən 1,5 dəfə çox olmalıdır. Hər binanın mənzil sayına uyğun avtomobil qarajları, həyəti, yaşıllıqları olmalıdır. Paytaxtın əksər hissəsində bu normativlərə əməl olunmayıb. Bu normativlər təkcə yaşayış binaları üçün keçərli deyil, inzibati binaların inşası zamanı da bəzi qaydalara əməl edilməlidir”.

E.Fərzəliyev bildirib ki, tikintilər zamanı normativə riayət edilməməsi qanun pozuntusudur:

“Tikinti şirkətlərinin normativlərə əməl etməməsi qanun pozuntusudur, ancaq ona şərait yaradan qurumlar da məsuliyyətli olmalıdır. Bu gün sıx tikilən binaların hər hansısa birində yaranmış qəzalı durumla bağlı bina sökülməli olsa, ətrafındakı bütün binalara ziyan dəyəcək. Bir binanı inşa edərkən gələcəkdə onun sökülməsini də nəzərə almaq lazımdır”.

Ekspertin sözlərinə görə, bugünki şəhərsalma normativləri ən son 1986-cı ildə təsdiq olunub:

“1986-cı ildə Bakının əhalisi təxminən 1 700 000 nəfər idi. Sovet dövründə salınmış məhəllələr və onların ara məsafələri, yaşıllıqlar həmin ərazinin əhali sayına uyğun hesablanıb qurulmuşdu. Bu gün paytaxt əhalisinin sayı iki dəfə artıb. Lakin genişləndirmələr etmək əvəzinə şəhərin işində yeni bir şəhər salınıb. Hətta əksər ərazilərdə köhnə yaşayış binalarının arasında tikilmiş yeni tikililər öz sanitar qovşaq xətlərini həmin binalar və həmin saya uyğun cəkilmiş kanalizasiya və su xətlərinə qoşub. Bu gün yağış yağandan sonra şəhərin bəzi ərazilərində kanalizasiyaların daşmasına, əraziləri su basmasına bu kimi normaların pozulması səbəb olur.

Axı kanalizasiya xətlərinin gücü çatmır bunu tənzimləməyə. Əgər şəhərsalmada bütün normalar qorunsaydı, bu kimi problemlər ortaya çımzadı. Göydələnlərin əksəriyyəti yolun tam kənarında inşa olunub və alt mərtəbələri əsasən ticarət obyektləridir. Əksər hallarda isə həmin ticarət obyektlərinin qarşısında avtomobillərin dayanması ücün yerlər belə nəzərdə tutulmayıb”.

Ekspert qeyd edib ki, bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti şərtlərini sərtləşdirib. Daha doğrusu tikinti şirkətlərindən tikintilərini normativlərə uyğun tikməyi tələb edir:

“Ancaq çox təəssüflər olsun ki, həmin normativlərə uyğun binaların inşa olunması üçün paytaxtda torpaq sahələri qalmayıb”.

Çıxış yollarından danışan ekspert bildirib ki, paytaxtı xilas etmənin yeganə yolu Ağ Şəhər layihəsinin digər ərazilərdə də tətbiq olunmasıdır:

“Dövlət vətəndaşları digər ərazilərə köcürür, yaxyd kompensasiyalar verir və yaxud tikiləcək ərazilərdə vətəndaşları evlə təmin edir. Bu halda boş ərazilər tikinti şirkətlərinə təqdim olunur və yalnız dövlətin təqdim etdiyi layihə üzərindən tikinti işləri aparılır. Düşünürəm ki, əlavə çıxış yollarını da axtarıb tapmaq mütləqdir. Ağ Şəhər layihəsi kimi layihələr çox olmalı, şəhər boşaldılmalıdır”. (Axar.az)

AzNews.az