Kənd təsərrüfatı naziri: “Latviya Azərbaycandan aqrar məhsulların birbaşa tədarükündə maraqlıdır”

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının iclasının sentyabr və ya oktyabrda keçirilməsi planlaşdırılır.

Bu sözləri Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze “Report”a müsahibəsində bildirib.

Nazir bildirib ki, Latviya və Azərbaycan arasında əməkdaşlığın perspektivləri, aqrar sahədə ikitərəfli münasibətlərin potensialı mövcuddur:

"Kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi gündəlikdə duran əsas məsələ olacaq, lakin ümumilikdə qarşılıqlı iqtisadi əlaqələr də müzakirə ediləcək. Hazırda Ukraynada müharibə səbəbindən logistikada ciddi çətinliklərlə üzləşirik. Malların Latviyaya etibarlı tədarük marşrutunu tapmaq asan deyil. Bəzi malları Rusiya ərazisi ilə çatdırmaq mümkündür, lakin infeksiya riskləri səbəbindən heyvan mənşəli məhsullar üçün məhdudiyyətlər mövcuddur".

Armands Krauze əlavə edib ki, "bütövlükdə, mövcud geosiyasi vəziyyətin Latviya və Azərbaycan arasında ticarətin həcminə və əməkdaşlığa mənfi təsir göstərdiyini söyləmək olar. Biz artıq qarşılıqlı ticarətin həcmində azalma müşahidə edirik ki, bu da artıq qeyd etdiyim hallarla birbaşa bağlıdır. Bu, həll etməli olduğumuz ciddi çağırışdır".

"Azərbaycanda həqiqətən də çox gözəl məhsullar istehsal olunur - onlar bizim xoşumuza gəlir. Lakin təəssüf ki, hazırda bu məhsullar Latviya bazarına birbaşa Azərbaycandan deyil, əsasən üçüncü ölkələr vasitəsilə daxil olur. Hesab edirəm ki, sizin məhsullarınız mağazalarımızın rəflərində digər ölkələrin mallarını əvəz edə bilər", - nazir vurğulayıb.

O, qeyd edib ki, Latviyanın meşə ehtiyatlarının idarə edilməsi sahəsində böyük təcrübəsi var:

"Ərazimizin təxminən 53 %-i meşələrlə örtülüdür. Biz meşələrin bərpası və əkin materiallarının hazırlanması ilə bağlı bilik və texnologiyalara malikik. Düşünürəm ki, Azərbaycan məhz bu istiqamətdə investisiya qoymalı və inkişaf etməlidir. İqlim həllərinə investisiya qoyuluşu vacib mövzudur. Bu, təkcə ekoloji məsələ deyil, həm də kənd yerlərini daha yaşıl və cəlbedici etmək üsuludur".

Onun sözlərinə görə, Baltik dənizinə çıxışı sayəsində Latviyada balıqçılıq sənayesi və dəniz məhsullarının emalı sahəsi inkişaf etdirilib:

"Bizim Riqa şprotları, yəqin ki, çoxlarına tanışdır. Biz, həmçinin Azərbaycan bazarında tələbatın ola biləcəyi bir sıra digər qida məhsulları da təklif edə bilərik.

Latviya Azərbaycandan mal idxalında maraqlıdır".

Sizin Latviya mağazalarının rəflərində həqiqətən də layiqli yer tuta biləcək yüksək keyfiyyətli məhsullarınız var. İqtisadiyyatlarımızın bir-birini tamamlaması qarşılıqlı faydalı ticarət üçün yaxşı perspektivlər açır".

Nazir vurğulayıb ki, Azərbaycan və Latviya arasında aqrar-sənaye sahəsində əməkdaşlığın potensialı çox yüksəkdir.

"Bu, həm məhsul mübadiləsinə, həm də qabaqcıl texnologiyaların tətbiqinə aiddir. Əminəm ki, bu sahənin texnoloji cəhətdən yenilənməsi həmişə mümkündür. Mən Azərbaycanda artıq fermer təsərrüfatları səviyyəsində İT həllərinin tətbiq olunduğunu gördüm. Söhbət torpağın tərkibini təhlil etməyə, növbəli əkinə nəzarət etməyə, bitkiləri izləməyə imkan verən rəqəmsal platformalardan gedir. Bütün bunlar son dərəcə faydalı alətlərdir və bu istiqamət böyük potensiala malikdir".

O hesab edir ki, ölkələrimiz arasında bilik, təcrübə və texnologiya mübadiləsi təkcə məhsuldarlığı artırmağa deyil, həm də kənd təsərrüfatını gənclər üçün daha cəlbedici etməyə qadirdir.

Birbaşa aviareyslərə toxunan A.Krauze qeyd edib ki, Riqa və Bakı arasında birbaşa uçuşların təşkilindən çox şad olardı:

"Düşünürəm ki, bu məsələyə qarşılıqlı şəkildə maraq göstəririk. Lakin hazırda milli aviaşirkətimizə gəlincə, biz ötən il dəymiş zərərin yerini doldurmaq üçün restrukturizasiya planı haqqında düşünürük. Aviaşirkətimiz (“airBaltic” - red.) restrukturizasiya həyata keçirdikdən və zərərin azaldılmasına yönəlmiş yeni biznes planı hazırladıqdan sonra birbaşa reyslərin açılması ilə bağlı müzakirələrə qayıda bilərik".