- İşin içi
- 19:06
- 1 276
Yeni “vahid reyestr” qaydaları: Rəqəmsal idarəetmədə strukturlaşmış mərhələ - ŞƏRH

Nazirlər Kabinetinin qərarı ilə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları” təsdiq olunub. Yeni qaydalar informasiya təhlükəsizliyi, rəqəmsal idarəetmə və vahid texnoloji inteqrasiyanın hüquqi çərçivəsini formalaşdırır. Beləliklə, əvvəlki illərdə qəbul edilmiş bir neçə normativ sənədin qüvvədən düşməsi ilə birlikdə, informasiya sistemləri sahəsində yeni tənzimləyici mexanizm dövriyyəyə buraxılır.
Rəqəmsal dövlətin qurulması prosesində informasiya ehtiyatlarının sistemli şəkildə idarə olunması uzun müddətdir ki, əsas hədəflərdən biri kimi müəyyən edilib. Əldə edilmiş təcrübə və mövcud çağırışlar göstərdi ki, müxtəlif dövlət qurumlarının informasiya bazalarının parçalanmış və eyni vaxtda çox vaxt təkrarlanan formatda mövcud olması, inteqrasiyanı, effektivliyi və təhlükəsizliyi əhəmiyyətli dərəcədə çətinləşdirir. Bu baxımdan, vahid reyestrin aparılmasına dair təsdiq olunan yeni qaydalar normativ və təşkilati boşluqları aradan qaldırmağa yönəlib. Məlumatların bir mərkəzdə toplanması və idarə olunması, ilk növbədə, dövlətin informasiya siyasətinin şəffaf və koordinasiyalı aparılmasına xidmət edir. Xüsusilə Elektron Hökumət İnformasiya Sistemi çərçivəsində formalaşdırılan bu reyestr rəqəmsal xidmətlərin həm keyfiyyət, həm də təhlükəsizlik baxımından daha effektiv şəkildə təşkilinə imkan verəcək. Qaydaların tətbiq sahəsi dəqiq müəyyən edilib. Məsələn, tənzimləmə yalnız əldə edilməsi məhdudlaşdırılmamış informasiyaya aiddir, strateji və mühafizə olunan sahələr, eləcə də xüsusi təhlükəsizlik obyektləri bu qaydalardan istisnadır. Bu istisnalar dövlətin təhlükəsizlik prioritetlərinə uyğun şəkildə hüquqi çevikliyi təmin edir.
Qaydalarda istifadə olunan anlayışların “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun və digər hüquqi sənədlərlə sinxronlaşdırılması sistemlər arasında qarşılıqlı anlaşmanın və hüquqi uyğunluğun təməlini qoyur. Bu isə informasiya ehtiyatlarının idarə olunmasında təkcə texniki deyil, hüquqi cəhətdən də vahid yanaşmanın tətbiqini şərtləndirir. Eyni zamanda, 2010 və 2011-ci illərə aid iki fərqli qərarın ləğv olunması, mövcud sistemin yenilənməsini, dəyişən rəqəmsal texnologiyalara uyğunlaşdırılmasını göstərir. Burada əsas məqam ondan ibarətdir ki, əvvəllər ayrıca tənzimlənən informasiya ehtiyatları və elektron xidmətlərin strukturu artıq birləşdirilmiş vahid hüquqi yanaşma ilə idarə olunacaq.
Bu yanaşma praktiki baxımdan dövlət informasiya sistemlərinin bir-biri ilə daha çevik şəkildə inteqrasiyasına və elektron xidmətlərin daha səmərəli göstərilməsinə yol açır. Məsələn, fərqli qurumların eyni vətəndaşa dair fərqli məlumat bazası yaratmasının qarşısı alınacaq, informasiya sinxronizasiyası və təkrar məlumat axınlarının qarşısı alınacaq. Bu isə həm dövlət resurslarının istifadəsində qənaət, həm də xidmət keyfiyyətində ciddi yüksəliş deməkdir.
Rəqəmsallaşma tendensiyası fonunda informasiya təhlükəsizliyi məsələləri də aktuallığını qoruyur. Qaydaların məhdud informasiyaya və kritik infrastruktur obyektlərinə aid edilməməsi, bu sahələrin ayrıca, daha yüksək təhlükəsizlik tələbləri ilə tənzimlənməsinin davam etdiriləcəyini göstərir. Beləliklə, normativ ayrım hüquqi çeviklik və təhlükəsizlik balansını qorumağa yönəlib. Yeni reyestr qaydaları həmçinin dövlət qurumlarının daxili hesabatlılıq və operativlik səviyyəsinin artmasına səbəb ola bilər. Belə ki, vahid reyestr strukturunda hər bir informasiya sisteminin texniki, funksional və hüquqi statusu müəyyən olunacaq, bu da audit, təhlil və optimallaşdırma imkanlarını genişləndirəcək. Vahid reyestr eyni zamanda qərar qəbuletmədə məlumatlara əsaslanan idarəetmənin tətbiqi üçün dayanıqlı baza rolunu oynaya bilər.
Bütün bu yanaşmalar nəticə etibarilə Azərbaycanın rəqəmsal idarəetmə sistemində vahidlik, çeviklik və təhlükəsizlik elementlərinin daha güclü şəkildə formalaşmasına şərait yaradır. Bu da ölkənin innovativ idarəetmə modelinə keçidini sürətləndirə, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini və operativliyini artıraraq, rəqəmsal transformasiyanın institusional bazasını möhkəmləndirə bilər.