- İşin içi
- 6 Avqust 16:22
- 2 230
Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi iqtisadi şəffaflığı artırır

Azərbaycanda iqtisadiyyatın şəffaflaşdırılması və nağdsız hesablaşmaların stimullaşdırılması məqsədilə tətbiq edilən yeni nəsil nəzarət-kassa aparatları (NKA) artıq öz müsbət nəticələrini göstərməkdədir. Bu ilin yanvar-iyul aylarında yeni nəsil NKA vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 190,6 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz çoxdur. Bu rəqəmlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı rəsmi məlumatda yer alıb.
Yeni texnologiyalar əsasında qurulan bu sistemin tətbiqi ölkədə ticarət və xidmət sahələrində maliyyə əməliyyatlarının daha şəffaf və nəzarətli şəkildə aparılmasına imkan yaradıb. Hazırda ölkə üzrə ümumilikdə 107 755 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. Bu aparatlar həm real vaxt rejimində məlumatların mərkəzi baza ilə paylaşılmasını təmin edir, həm də vergi orqanlarının dövriyyəyə nəzarət imkanlarını xeyli artırır.
Yeni nəsil NKA-ların geniş tətbiqi nəticəsində nağd hesablaşmaların daha şəffaf formada qeydə alınması təmin olunur, eyni zamanda, mal və xidmətlərin qeyri-qanuni dövriyyəsinin qarşısı alınır. Bu isə, bir tərəfdən dövlət büdcəsinə daxilolmaların artmasına, digər tərəfdən isə vergi uçotunun dəqiq və sistemli aparılmasına şərait yaradır. Ticarət və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar üçün də bu sistemin tətbiqi uzunmüddətli dövrdə faydalıdır. Belə ki, həm vergi öhdəliklərinin daha asan və avtomatik şəkildə yerinə yetirilməsi, həm də hüquqi təhlükəsizlik baxımından sahibkarların fəaliyyətinə əlavə dəstək verilir.
Qeyd edilməlidir ki, yeni nəsil NKA-ların tətbiqi təkcə iqtisadi nəzarət funksiyası daşımır, həm də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində mühüm addımlardan biridir. Bu proses eyni zamanda vətəndaşlar üçün də daha şəffaf xidmət mühiti yaradır, istehlakçı hüquqlarının qorunmasına dəstək olur və ümumi iqtisadi münasibətlərin sağlam zəmində qurulmasına xidmət edir.
Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəticəsində əldə olunan nəticələr göstərir ki, bu islahat tədbirləri ölkənin fiskal idarəetmə sisteminin gücləndirilməsində və iqtisadi sabitliyin qorunmasında vacib rol oynayır. Gələcəkdə bu sistemin daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə dövriyyəyə daha səmərəli nəzarət mümkün olacaq və beləliklə, ölkə iqtisadiyyatında şəffaflıq səviyyəsi daha da yüksələcək.
AzNews.az