- Yazarlar
- 19:39
- 1 597
Amerika Erməni Milli Komitəsi Trampa təzyiqi artırıb

Məlum olduğu kimi bu cümə Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə görüş baş tutmalıdır.
Lakin, görünən odur ki, bu görüşün nəticəsi olaraq razılıqların əldə olunmaması üçün bəzi beynəlxalq dairələr tərəfindən əməli addımlar atılmaqdadır. Həmin dairələrdən biri də Amerikada erməni diaspora təşkilatlarından biri olan ANCA dır. Artiq bir neçə gündür ANCA Trumpı şantaj və manipulyasiya etməklə məşquldur. Guya Ermənistan birtərəfli kompromissə təhrik edilir, Qarabağ ermənilərinin qayıdışı məsələsi, erməni xristian abidələrin qorunması və "Azərbaycan tərəfindən işğal olunmuş ərazilər" məsələsini kənara atmaqla Paşinyan sövdələşməyə gedir. ANCA 2024 -cü ilin seçkilərində Trump üçün lazım olan ştatlarda guya məhz ermənilərin ona dəstək verdiyi ilə bağlı yalan məlumatlar paylaşmaqdadır.
ANCA tərəfindən xristian təəssübkeşliyi üzərində qurulan informasiya təzyiqinin hədəfi Donald Trumpın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmiş variantının
(niyyət protokolunun) imzalanmasına mane olmaqdır.
İyul ayında ABŞ Konqresində 87 konqresmen Donald Trampın administrasiyasına ünvanladığı müraciət ünvanlayıblar. Müraciət açıq - aşkar Cənubi Qafqazdakı sülh prosesinə qarşı yönəlib və Respublikaçıların hazırki hakimiyyətinin uğur əldə etməsinin yolunu kəsir. 87 konqresmen ABŞ Prezidenti D.Trampın administrasiyasına müraciət edərək ermənilərin "Dağıq Qarabağ"a qayıtmasına dəstək verilməsinə çağırıblar. Müraciəti ABŞ Konqresində Ermənistanla dostluq qrupunun həmsədrləri Frank Peloni, Qas Bilirakis, Bred Şerman və Devid Valadaonun rəhbərliyi ilə hər iki partiyadan olan konqresmenlər imzalayıblar. Müraciətin Azərbaycanla Ermənistanın sülhü imzalamağa yaxın olduqları bir dövrdə, o cümlədən, münasibətlərin normallaşdırılması ilə bağlı irəliləyişin əldə olunduğu Əbu-Dabi görüşündən sonra edilməsi ondan xəbər verir ki, ABŞ-nin ermənipərəst konqresmenləri sülhə qarşı çıxırlar.
Qeyd edilməlidir ki, konqresmenlərin bu müraciəti və son 3 gündə erməni diaspora təşkilatlarının Donald Trumpa müraciətləri, eyni zamanda onu tənqid etmələri Ağ evin özünə qarşı da yönəlib. Tramp özünün birinci prezidentlik dönəmində Ermənistan-Azərbaycan münaqişəsinə neytral mövqe sərgiləmişdi, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atdığı addımlara mane olmamışdı. Bu isə illərdir ABŞ-ın siyasi təsir alətlərindən istifadə etməyə vərdiş etmiş erməni lobbi dairələrinin ciddi narazılığına səbəb olmuşdu.
Hazırda isə Azərbaycan və Ermənistan liderləri arasında sülh danışıqları və Zəngəzur dəhlizi layihəsinin müzakirəsi davam etməkdədir. Bu mövqe isə bölgəni sabitlikdən uzaqlaşdırmağa çalışan erməni lobbi qruplarının maraqlarına uyğun gəlmir. Məhz bu səbəbdən konqresmenlərin Trampı "ermənilərin Qarabağa qayıdışı" tələblərinə dəstək verməyə çağırması sülh prosesini pozmaq, eləcə də ABŞ-ın dövlət səviyyəsində təşviq etdiyi sülh gündəliyini gözdən salmaq cəhdidir.
ANCA niyə sülhə qarşıdır?
1. Bu addımlarla Amerika Erməni Konqresi sübut edir ki,onlar və Erməni Apostol Kilsəsi müəyyən xarici dairələrlə birlikdə Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına qarşı çıxış edirlər. Onların fəaliyyət istiqaməti bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşmasından daha çox, münaqişələrin alovlandırılması və geosiyasi intriqaların dərinləşdirilməsinə yönəlib. Sülh sazişlərinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiyaların açılması kimi proseslər isə bu dairələrin maraqları ilə uzlaşmır.
Bu qüvvələr regionda mövcud status-kvonun dəyişdirilməsindən və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasından narahatdırlar. Onların əsas məqsədi regionu daimi gərginlik ocağına çevirmək və bu vəziyyətdən geosiyasi dividendlər əldə etməkdir.
2.Sülh prosesinə qarşı çıxış edən dairələrin motivasiyalarından biri də iqtisadi maraqlardır. Xüsusilə Amerika Erməni Milli Komitəsi (ANCA) və ona bağlı strukturlar uzun illər ərzində Qarabağ münaqişəsi və "erməni soyqırımı" məsələsi ətrafında milyonlarla dollar vəsait toplayıblar. Regionda Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, bu təşkilatların ianələr və siyasi lobbi fəaliyyətlərindən əldə etdikləri maliyyə axınlarına ciddi şəkildə mənfi təsir göstərəcək.
Münaqişə və gərginlik üzərində qurulmuş bu maliyyə modelinin davam etməsi, həmin təşkilatların fəaliyyətinin əsas dayaq nöqtəsidir. Sülh sazişlərinin imzalanması isə ANCA və digər erməni lobbi qruplarının həm siyasi, həm də maliyyə mövqelərini zəiflədəcək və onların ictimai-siyasi arenada təsir imkanlarını məhdudlaşdıracaq.
3. ANCA-nın narahatlıqlarından biri də Ermənistan ilə Azərbaycan arasında sülhün bərqərar olması fonunda təşkilatın siyasi təsir imkanlarının ciddi şəkildə azalacağı ilə bağlıdır. İllərdir Qarabağ münaqişəsini və "erməni soyqırımı" iddialarını siyasi alətə çevirərək ABŞ-da öz nüfuzunu qoruyan ANCA, münaqişənin həllindən sonra həm qərarverici dairələrdə, həm də erməni icması daxilində çəkisinin zəifləyəcəyini anlayır. Sülh prosesi bu təşkilatın illərlə formalaşdırdığı təsir şəbəkəsini və siyasi gündəmə müdaxilə imkanlarını məhdudlaşdıracaq. Bu səbəbdən ANCA regionda sülh təşəbbüslərinə qarşı təzyiq kampaniyalarını gücləndirməyə çalışır.
Lakin, nə fayda. Tarix göstərdi ki, Amerika Erməni Milli Komitəsi Ağ evin xarici siyasətində heç vaxt obyekt olmayıb, son illərdə isə, ümumiyyətlə alət rolunda çıxış edib. Amerika Erməni Milli Komitəsi Tramp dövründə heç vaxt Vaşinqtonun Anadolu, Cənubi Qafqaz siyasətində söz sahibi olmayıb və bundan sonra da olmayacaq.
ANCA və Erməni kilsələri başa düşməlidirlər ki, Cənubi Qafqazda yeni reallıqlar yaranıb və bu reallığın banisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Dünyada hansı dövlətin nə istəməsindən asılı olmayaraq Qafqazda söz sahibi Azərbaycanın özüdür. Bunu Co Bayden dövründəki proseslər də sübut etdi. Həmin dövrdə ABŞ və beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə qarşı siyasi təzyiqlər pik səviyyədə idi. Lakin, bu nəyisə dəyişdi mi? Əksinə, antiterror tədbirləri, Azərbaycan bayrağının Xankəndidə dalğalandırılması, separatçı cinayətkarların başı aşağı diz çökdürülərək həbs edilmələri və rəsmi Bakının tələbləri əsasında davam edən danışıqlar.
Heç kimdə şübhə olmasın ki, proseslərə mane olma cəhdləri Azərbaycanın deyil, Ermənistanın siyasi xəritəsinə təsir edəcək və Üçkilsənin aqibətini müəyyən edəcək.
Zaur MƏMMƏDOV