Azərbaycanda vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının hazırlanması təklif olunur

Milli Məclisdə iqtisadi, maliyyə, enerji, ərzaq, su təhlükəsizliyi sahəsində tədbirləri əhatə edən vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının işlənib hazırlanması təklif olunub.

Aznews.az xəbər verir ki, bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edib.

Onun sözlərinə görə, büdcə xərclərinin optimallaşdırılması çərçivəsində səmərəsiz xərclərin müəyyən edilməsi üçün konkret qiymətləndirmə meyarları tətbiq edilə bilər: "Büdcə zərfi mahiyyətcə maliyyə təhlükəsizliyi tədbirlərindən ibarətdir. Dövrün reallıqlarını və çağırışlarını nəzərə almaqla sosial, iqtisadi, maliyyə, enerji, ərzaq, su təhlükəsizliyi sahəsində tədbirləri əhatə edən vahid İqtisadi Təhlükəsizlik Konsepsiyasının işlənib hazırlanmasını təklif edirik.

Həmçinin, büdcə reqlamentinin təkmilləşdirilməsi, qeyri-neft gəlirlərinin və cari xərclərin hesablanması metodologiyasına, icmal büdcənin struktur komponentlərinə yenidən baxılması ilə bağlı Hesablama Palatasının təklif və tövsiyələrini əhəmiyyətli hesab edirik".

AzNews.az