- Siyasi müzakirə
- 20:04
- 673
“Paşinyanın seçkilərdə qalibiyyəti Cənubi Qafqaz sabitliyi üçün yeganə variantdır” - Elçin Xalidbəyli
“Son günlər Ermənistanda baş verən hadisələr ölkədə qarşılıqlı siyasi böhranın sürətlə yaxınlaşdığını göstərir. Bu, əsasən növbəti parlament seçkilərinin keçirilmə prosesi ilə bağlıdır. Gələn il baş tutacaq seçkilərin nəticələri Ermənistanın gələcək tarixində birbaşa rol oynayacaq. Ermənistan siyasi mühitində iki əsas xətt müşahidə olunur. Bir tərəfdə, Robert Köçəryan və Serj Sarkisyan əhbərliyi altında Rusiyanın agentura şəbəkəsi Paşinyan hakimiyyətini devirmək və Kremlin Ermənistandakı mövqelərini möhkəmlətmək niyyətindədir. Digər tərəfdə isə Paşinyan hakimiyyəti qərbə inteqrasiya siyasəti yürüdərək Ermənistanı Rusiyadan maksimum səviyyədə uzaqlaşdırmağa çalışır. Bu iki siyasi xətt arasında kəskin ziddiyyətlər mövcuddur”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyan bildirib ki, “Ermənistan sülhün nə olduğunu bilmir və bu sahədə təcrübəsi yoxdur”. O qeyd edib ki, hökumətin əsas missiyası ölkə və region üçün dinc inkişaf dövrü yaratmaqdır: “Bir il səkkiz aydır itki vermirik və bu, bizim üçün sülhdür”. Paşinyan deyib ki, tezliklə keçmiş Qarabağ danışıqlarının sənədləri açıqlanacaq və “Qarabağın müstəqilliyinin saxta olduğu” görünəcək. O həmçinin vurğulayıb ki, Rusiya illərlə Qarabağ mövzusundan istifadə edərək Ermənistanı tələyə salıb və keçmiş prezidentlər Koçaryanla Sarkisyan bu prosesdə Kremlin təsir agenti rolunu oynayıblar.
Siyasi şərhçi bildirib ki, hər iki tərəfin Ermənistan cəmiyyətində kifayət qədər sosial dayağı olduğuna görə erməni toplumu hazırda ciddi şəkildə parçalanmış vəziyyətdədir.
"Bu səbəbdən növbəti parlament seçkiləri kəskin qarşıdurmaların ortaya çıxacağı bir vəziyyətə doğru aparır. Paşinyan hakimiyyəti öz rəqiblərini, yəni Rusiyanın agentura şəbəkəsinin təmsilçilərini ifşa etməklə məşğuldur. Eyni zamanda Paşinyan hakimiyyəti erməni cəmiyyətində tam müzakirə olunmamış mövzuları siyasi debat predmeti kimi təqdim etməyi bacarır. Bu mövzular arasında Qarabağ məsələsi də yer alır. Paşinyan hesab edir ki, Ermənistan Qarabağ mövzusundan vaxtında imtina etsəydi, müharibə baş verməzdi. Haqlı olaraq qeyd etmək olar ki, əgər Ermənistan Azərbaycanın ərazilərini işğaldan azad etsə, qoşunlarını könüllü çıxartsaydı və erməni separatizmini, terrorizmini dəstəkləməsəydi, Azərbaycan və Ermənistan arasında münaqişə baş verməzdi və hər iki tərəfdən itkilər olmazdı. Beləliklə, Paşinyan və onun ətrafındakı bəzi erməni siyasətçiləri müasir dövrün reallıqlarına uyğun, pragmatik mövqe tutmağa çalışırlar. Paşinyan hakimiyyəti Rusiyanın agentura şəbəkəsini ifşa etməyə davam edir və onların Ermənistan üçün yaratdıqları təhlükələri açıqlayır. Eyni zamanda, erməni kilsəsinə qarşı mübarizə aparır. Erməni kilsəsi uzun illər separatizmin və terrorizmin ideoloji mərkəzi kimi fəaliyyət göstərib və Paşinyan hakimiyyəti bu qaranlıq qurumu sıradan çıxarmağa çalışır. Növbəti parlament seçkilərində tərəflərdən biri məğlub olarsa, bu, Ermənistanın gələcək taleyində həlledici rol oynayacaq. Əgər Paşinyan qalib gələrsə, Rusiyanın agentura şəbəkəsi ciddi problemlərlə üzləşəcək, bir çox üzv siyasi fəaliyyət imkanlarını itirəcək və hətta aralarında həbs olunanlar da ola bilər. Əks halda, Rusiya Cənubi Qafqazda agentura şəbəkəsi vasitəsilə hərbi-siyasi təxribatları artırmağa, regionu yenidən münaqişə məkanına çevirməyə çalışacaq. Beləliklə, hazırda Ermənistan üçün taleyüklü bir mərhələ başlayıb. Paşinyan hakimiyyətinin qalib gəlməsi həm Ermənistanın gələcək taleyi, həm də Cənubi Qafqazda sabitlik baxımından ən optimal variant kimi görünür".
Rəfiqə Namazəliyeva,
AzNews.az