- Siyasi müzakirə
- 18 Noyabr 22:01
- 1 180
“Dəhliz regional iqtisadi inteqrasiyanı sürətləndirəcək” - Mübariz Göyüşlü
“Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsində ABŞ-nin dəstəyi prosesi müsbət istiqamətdə irəlilədə bilər. Amerika kimi böyük dövlətin fəal iştirakı dəhlizin daha tez istifadəyə verilməsinə və ondan daha səmərəli faydalanılmasına imkan yaradır. Bu, həm də Ermənistanın proseslə bağlı götürdüyü öhdəliklərin sürətlə icra edilməsinə töhfə verə bilər. Zəngəzur dəhlizinə nəzarət məsələsi Azərbaycanın əlində qalmalıdır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Xatırladaq ki, ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın mövqeyi son dövrlər daha da güclənib. Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin baş direktoru Con E. Herbst bildirib ki, “Azərbaycan ABŞ Prezidentinin diqqətindədir, bu həm sizin, həm də bizim üçün müsbət haldır”. Herbst qeyd edib ki, ABŞ-nin Zəngəzur dəhlizinə dəstək və nəzarəti regiondakı çətinliklərin aradan qaldırılmasına və sülh prosesinə ciddi töhfə verə bilər. Dəhliz, Orta Dəhlizin bir hissəsi olaraq, Azərbaycan, Ermənistan, Türkiyə və Mərkəzi Asiya üçün yeni ticarət və investisiya imkanları yaradır. Herbst-in sözlərinə görə, bu proses ABŞ ilə Azərbaycanın strateji əməkdaşlığını yeni səviyyəyə yüksəldir.
Siyasi şərhçi bildirib ki, prosesin Azərbaycan tərəfindən idarə olunması və yönləndirilməsi regionun maraqlarının qorunması baxımından strateji əhəmiyyət daşıyır.
"ABŞ və digər qərb ölkələrinin dəstəyi isə prosesi gücləndirir, nəticələrin daha effektiv olmasına şərait yaradır. ABŞ-nin marağı əsasən ticarət, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın inkişafı ilə bağlıdır. Bu, regionun iqtisadi faydasını artırmaqla yanaşı, beynəlxalq ticarət və nəqliyyat əlaqələrinin genişlənməsinə də imkan yaradır. Ümumilikdə, dəhlizin istifadəyə verilməsi ticarət, nəqliyyat və kommunikasiya sahələrində Azərbaycanın strateji maraqlarını dəstəkləyir və regional iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edir. Beləliklə, ABŞ-nin fəal iştirakı, Ermənistanın öhdəliklərinin icrası və Azərbaycanın nəzarəti ilə Zəngəzur dəhlizinin istifadəyə verilməsi prosesi həm regional iqtisadi dinamikanı sürətləndirə, həm də Azərbaycanın strateji mövqeyini möhkəmləndirə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az