Karbamid ixracı artıb - ŞƏRH

Bu ilin yanvar oktyabr aylarında Azərbaycanın karbamid ixracından əldə etdiyi 153 milyon dollarlıq gəlir ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən yarıbayarı artım deməkdir. Təkcə oktyabr ayında qeydə alınan 21,1 milyon dollarlıq ixrac göstəricisi isə əvvəlki ilin eyni ayını əhəmiyyətli şəkildə üstələyib. Paralel olaraq ümumi qeyri-neft ixracının 6,6 faiz yüksəlməsi gübrə sənayesinin bu artıma verdiyi payı daha aydın göstərir.

Karbamid ixracındakı dinamikanın əsas istiqamətləri qlobal gübrə bazarındakı dəyişikliklərlə üst üstdə düşür. Son iki ildə dünya üzrə gübrə tədarük zəncirində müşahidə olunan normallaşma qiymətlərin əvvəlki pik səviyyələrdən geri çəkilməsi ilə nəticələnmişdi, lakin qlobal kənd təsərrüfatı istehsalının genişlənməsi, həmçinin enerji daşıyıcılarında zaman zaman formalaşan qeyri stabil vəziyyət karbamidə tələbi sabit saxladı. Bu amillər ixrac bazarlarında rəqabət mühitini gücləndirsə də, Azərbaycanda Karbamid Zavodunun istehsal gücü və logistika üstünlükləri satış miqyasının artmasını mümkün edib. Əldə olunan nəticələr göstərir ki, ixrac həcmlərinin yüksəlişi daha çox fiziki satış miqdarının artması ilə bağlıdır, çünki qlobal qiymətlər əvvəlki illərlə müqayisədə sabitləşmə mərhələsindədir.

Regional bazarlarda Azərbaycanın mövqeyi tədricən güclənir. Xüsusilə Türkiyə, Gürcüstan, Rumıniya və Aralıq dənizi limanları vasitəsilə üçüncü ölkələrə çıxış kimi istiqamətlər karbamidin daha geniş coğrafiyaya çatdırılmasını təmin edir. Bu isə həm daşınma məsafəsinin optimallaşdırılması, həm də tədarükün fasiləsizliyi baxımından üstünlük yaradır. Belə şəraitdə ixracın artması təkcə istehsal gücünün yüksəlməsi deyil, həm də məhsulun regional bazarlara uyğun qiymət strategiyası ilə daxil olması ilə bağlıdır.

Qeyri-neft sektorunun ümumi ixrac artımında karbamidin yeri xüsusilə nəzərə çarpır. Çünki son illər aqrar və kimya sənayesinin paralel inkişafı, eləcə də hazır məhsul istehsalının genişlənməsi iqtisadi strukturda diversifikasiyanın daha aydın görünməsinə səbəb olur. Qlobal təcrübədə gübrə istehsal edən ölkələrin ixrac strukturunda karbamidin payı adətən strateji göstərici hesab edilir, çünki məhsul həm sabit tələbə malikdir, həm də enerji resursları olan ölkələr üçün yüksək əlavə dəyər yaradır. Azərbaycan da bu tendensiyanın bir hissəsinə çevrilərək sənaye istehsalının xarici bazarlara çıxışını möhkəmləndirir.

Mövcud dinamika yaxın perspektivdə ixracın daha sabit ritmlə davam edə biləcəyini göstərir, çünki dünya üzrə ərzaq tələbinin artması gübrə bazarının həm miqdar, həm də coğrafi baxımdan genişlənməsinə şərait yaradır. Üstəlik yerli istehsalın dayanıqlı şəkildə qurulması və müxtəlif logistik marşrutların əlçatan olması Azərbaycanın ixrac imkanlarının həcmini və effektivliyini artırır. Karbamid ixracının qeyri-neft ixracındakı çəkisinin güclənməsi isə sənaye sektorunun dəyər zəncirində daha böyük rol oynadığını nümayiş etdirir.

Nuray,
Aznews.az