Qardaşnın adı ilə həbs olunan Allahverənin işi böyüyür - FİLM KİMİ OLAY

Bakı Ağır Cinayətlər Məhkəməsində bir nəfərin öz qardaşının adı ilə məhkum edilməsi, bu məsələnin üstü açılandan sonra hökmü çıxarmış hakim Anar Sadıqovun səlahiyyətlərinə xitam verilməsilə bağlı hadisənin təfərrüatları məlum olub.

Yayılan məlumatlarda dələduzluqda bağlı cinayət işindən söhbət getsə də, əslində, məsələ fərqlidir.

Gununsesi.info -nun əldə etdiyi özəl məlumata görə, Bərdə rayonundan olan 1995-ci il təvəllüdlü Allahverən İsgəndərov 2024-cü ilin mayında narkotik ittihamı ilə həbs olunub.

O, özünü 9 yaş böyük olan qardaşı İsgəndər İsgəndərovun adı ilə təqdim edib.

Səbəb isə bu olub ki, Allahverən İsgəndərov 2023-cü ildə oğurluğa görə məhkum olunub. Həmin vaxt Bərdə Rayon Məhkəməsinin hökmü ilə ona 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib. Narkotikə görə həbs olunanda düşünüb ki, ondan qalan cəza da indiki əmələ görə veriləcək cəzanın üstünə gələcək. Qardaşı İsgəndərin isə əvvəl məhkumluğu olmayıb.
Sənədləşmə prosesində də 1986-cı il təvəllüdlü İsgəndər İsgəndərovun anket məlumatlarından istifadə olunub.
Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunan şəxsin haqqında Nəsimi Rayon Məhkəməsində həbs qətimkan tədbiri də onun qardaşının adı ilə çıxarılıb.

Eyni şəkildə istintaqın sonunda Nəsimi rayon prokuroru ittiham aktını təsdiqləyib və onun işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 2024-cü ilin oktyabrında Anar Sadıqovun sədrliyilə, Mahirə Kərimova və Fəxri Məmmədovdan ibarət hakimlər heyəti əslində, Allahverən İsgəndərov olan “İsgəndər”in 3 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

Hökm qüvvəyə minib və o, cəzasını çəkmək üçün 17 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Qardaşının adı ilə bir ildən çox həbsdə qalandan sonra İsgəndərovların bacısı A.Benaşvili Ədliyyə Nazirliyinə məktub göndərib. O bildirib ki, qardaşı Allahverən digər qardaşı İsgəndərin adı ilə həbsdədir. Əslində isə İsgəndər hazırda Bərdə rayonunda yaşayır.

Bu müraciət araşdırılanda qardaşların atası İsa İsgəndərov prokurorluğa çağırılıb. O da məsələni təsdiqləyib.

Bütün bunlardan sonra Baş Prokurorun müavini Heydər Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv olunması üçün apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsi avqustun 20-də hökmü ləğv edib. Qərarda da göstərib ki, qanunun bir çox tələbləri pozulub. İttiham aktı düzgün tərtib olunmayıb və son nəticədə məhkəmə başqa bir şəxs haqqında yanlış hökm çıxarıb:

“Cinayət işi üzrə ittiham aktının Cinayət Prosessual Məcəllənin 289-cu
maddənin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur. Bu qanun
pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam
verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora
qaytarılması barədə qərar qəbul edilməlidir”.

Lakin Bakı Apellyasiya Məhkəməsi işi istintaqa birbaşa özü qaytarmadığına görə hökmü ləğv edərək, əvvəl birinci instansiya məhkəməsinə – Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu dəfə iş hakim Aytən Əliyevanın sədrlik etdiyi kollegiyanın icraatına verilib. Sentyabrın 15-də qərar çıxarılıb ki, bu iş yenidən araşdırılması üçün Nəsimi Rayon Prokurorluğuna qaytarılsın.

Bundan başqa, işin istintaqını aparmış Nəsimi rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Babək Hacıyev və 21-ci polis bölməsində ilkin sənədləşməni aparmış təhqiqatçı, polkovnik-leytenant İlham Məmmədovun haqqında tədbir görülməsi üçün xüsusi qərar çıxarılaraq Daxili İşlər Nazirliyinə göndərilib.

Bundan təxminən 1 ay sonra Gununsesi.info özəl mənbələrə istinadən məlumat yaymışdı ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqov hakimlik fəaliyyətinə xitam verilməsi üçün Məhkəmə-Hüquq Şurasına ərizə yazıb. Şuradan məlumatı təsdiqlədilər və bildirdilər ki, Anar Sadıqovun istefasına səbəb onun hüquq sahəsi üzrə elmi və pedoqoji fəaliyyətlə məşğul olmaq istəyi olub: “Ona görə də hakimlik fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi barədə ərizə təqdim edib”.

İndi isə məlum olur ki, qardaşının adı ilə məhkum edilən şəxsin məhkəmə prosesinə Anar Sadıqov sədrlik edib.

Hökmdə imzası olan digər iki hakim – Mahirə Kərimova və Fəxri Məmmədovla bağlı da araşdırma getdiyi barədə məlumatlar var.

AzNews.az