Azərbaycanda üç il ərzində 3 minə yaxın dövlət standartı qəbul ediləcək

Azərbaycanda 2026–2028-ci illər üçün 2939 yeni dövlət standartı hazırlanacaq.

Aznews.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təsdiq edilmiş "2026–2028-ci illər üzrə Milli Standartlaşdırma Proqramı"nda əksini tapıb.

Proqrama əsasən, üç il ərzində ölkə üzrə ümumilikdə 2939 yeni dövlət standartının qəbul edilməsi nəzərdə tutulur.

Sənədə görə, 2026-cı ildə 712, 2027-ci ildə 924, 2028-ci ildə isə 1303 normativ sənədin təsdiqlənməsi planlaşdırılır. Yeni standartlar iqtisadiyyatın bütün sahələrini əhatə etməklə beynəlxalq tələblərlə harmonizasiya ediləcək.

Standartların sahələr üzrə bölgüsünə əsasən, xidmətlər, turizm, əyləncə və idman sahəsində 91, ətraf mühit, əməyin mühafizəsi və təhlükəsizlik üzrə 481, energetika və elektrotexnika sahəsində 203, neft və əlaqəli texnologiyalar üzrə 291, qida və kənd təsərrüfatı sahəsində 309, tekstil və dəri texnologiyası üzrə 332, nəqliyyat və nəqliyyat infrastrukturu üzrə isə 112 yeni dövlət standartının hazırlanması nəzərdə tutulur.

Proqram çərçivəsində dayanıqlı turizm, macəra turizmi, alternativ və bioenerji, yanğın təhlükəsizliyi, torpaqların rekultivasiyası, uşaq mallarının təhlükəsizliyi, keyfiyyət və idarəetmə sistemləri üzrə beynəlxalq ISO və EN standartlarının tətbiqi planlaşdırılır.

Sənəddə qeyd olunub ki, Milli Standartlaşdırma Proqramının icrası məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, istehlakçı məmnunluğunun artırılmasına, yerli məhsulların rəqabət qabiliyyətinin gücləndirilməsinə, eləcə də iqtisadi və ekoloji təhlükəsizliyin təmin olunmasına şərait yaradacaq.