Ayda hotel ideyası: kosmos turizmi real biznes modelidirmi? - ŞƏRH

Nvidia və Y Combinator kimi qlobal texnoloji ekosistemin aparıcı oyunçularının dəstəyi ilə GRU Space startapının Ay səthində hotel layihəsi elan etməsi kosmosun kommersiyalaşdırılmasının yeni mərhələyə daxil olduğunu göstərir. Şirkətin 2032-ci il üçün planlaşdırdığı bu layihə ilk baxışdan futuristik ideya kimi səslənsə də, depozitlərin artıq qəbul edilməsi və texnoloji sınaqların konkret tarixlərlə açıqlanması təşəbbüsün konseptual mərhələdən tədricən biznes modelinə keçdiyini nümayiş etdirir.

Layihənin iqtisadi məntiqi kosmos turizminin yüksək gəlirli, lakin məhdud auditoriyaya yönəlmiş seqment kimi formalaşmasına əsaslanır. Bir gecə üçün təxminən 416 min dollar qiymətin səsləndirilməsi, Ayda gecələmənin kütləvi xidmət deyil, ultra premium təcrübə kimi planlaşdırıldığını göstərir. Qlobal səviyyədə kosmos turizmi bazarı hələ formalaşma mərhələsindədir, lakin son illərdə Blue Origin və Virgin Galactic kimi şirkətlərin suborbital uçuşları göstərdi ki, çox yüksək qiymətlərə baxmayaraq, bu xidmətlər üçün real tələb mövcuddur. GRU Space-in Ay hotelini dörd nəfərlik modul formatında planlaşdırması da risklərin mərhələli idarə olunmasına hesablanmış yanaşmadır.

Texnoloji baxımdan layihənin əsas dayağı şişirdilə bilən modul strukturlar və Ay səthində yerində istehsal imkanlarının sınaqdan keçirilməsidir. 2029-cu ildə planlaşdırılan 10 kiloqramlıq yük missiyası məhz bu səbəbdən kritik mərhələ sayılır. NASA və Avropa Kosmik Agentliyi kimi qurumların son illərdə apardığı tədqiqatlar göstərir ki, Ayda daimi və ya yarımdaimi insan mövcudluğu üçün daşınan strukturların yüngül, modul və yerli resurslarla uyğun olması əsas şərtlərdən biridir. GRU Space-in seçdiyi model bu qlobal tendensiya ilə üst üstə düşür və layihənin texnoloji baxımdan reallıqdan uzaq olmadığını göstərir.

Starship uçuşlarının layihədə əsas nəqliyyat vasitəsi kimi nəzərdə tutulması da iqtisadi və logistika baxımından diqqətəlayiqdir. SpaceX-in məqsədi orbitə və dərin kosmosa çıxış xərclərini kəskin azaltmaqdır və bu strategiya reallaşarsa, Ay səfərlərinin bugünkü raket iqtisadiyyatı ilə müqayisədə daha əlçatan olması mümkündür. Məhz bu faktor Ay turizmini uzunmüddətli perspektivdə təkcə simvolik təşəbbüs yox, davamlı biznes modeli kimi dəyərləndirməyə əsas yaradır.

Eyni zamanda, layihənin arxasında Nvidia kimi süni intellekt və hesablama texnologiyaları sahəsində lider şirkətin olması diqqətdən kənarda qalmamalıdır. Ay şəraitində yaşayış modullarının idarə edilməsi, enerji balansı, təhlükəsizlik sistemləri və avtonom texniki nəzarət mexanizmləri yüksək səviyyəli hesablama və AI həlləri tələb edir. Bu kontekstdə GRU Space-in texnoloji tərəfdaşlıqları layihəni sırf turizm ideyasından daha geniş kosmik infrastruktur təşəbbüsünə çevirir.

Qlobal trendlər göstərir ki, kosmos iqtisadiyyatı artıq yalnız dövlət proqramları ilə məhdudlaşmır və özəl sektor getdikcə daha cəsarətli layihələrə investisiya yatırır. Ayda hotel ideyası hazırda niş bazara xitab etsə də, uzunmüddətli perspektivdə Ay missiyaları, elmi tədqiqatlar və kommersiya fəaliyyətləri üçün logistik baza rolunu oynaya bilər. Bu isə layihənin dəyərini yalnız turizm gəlirləri ilə deyil, gələcək kosmik iqtisadi zəncirin bir hissəsi kimi qiymətləndirməyə imkan verir.

Aznews.az