Məhəmməd Əl-Casir: "IsDB Azərbaycanın uzunmüddətli inkişaf və artım hədəflərinə dəstəyində qətiyyətlidir"

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfəri çərçivəsində İslam İnkişaf Bankı (İİB) Qrupunun rəhbər şəxsləri ilə görüşüb.

Aznews.az xəbər verir ki, E. Əliyev İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti Məhəmməd Süleyman Əl-Casirlə görüşüb. Görüşdə Azərbaycan və İİB Qrupu arasında əməkdaşlığın səmərəli şəkildə inkişaf etdiyi vurğulanıb. İİB-nin dəstəyi ilə ölkəmizin Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığının daha da dərinləşdiyi və prioritet infrastruktur layihələri üzrə əlaqələrin gücləndiyi diqqətə çatdırılıb.

Azərbaycanın 16 ildən sonra bu il yenidən İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcəyi məmnunluqla qeyd edilib və bu mötəbər tədbirin ölkəmizin beynəlxalq maliyyə institutları ilə tərəfdaşlığının möhkəmlənməsinə əlavə töhfə verəcəyi bildirilib.

Görüşdə ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirilən "Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi" layihəsi üzrə İİB ilə imzalanmış tərəfdaşlıq sənədinin regionun dayanıqlı inkişafı və aqrar potensialının reallaşdırılmasında əhəmiyyəti qeyd edilib. Tərəflər enerji, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, su resurslarının idarə olunması və digər istiqamətlərdə potensial layihələr və investisiya imkanlarını müzakirə ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İİB-nin vitse-prezidenti Rami Əhmədlə görüşüb.

Görüşdə İslam İnkişaf Bankı və onun üzv olduğu Ərəb Koordinasiya Qrupunun digər qurumları ilə birgə layihələrin Azərbaycanda iqtisadiyyatın, o cümlədən infrastrukturun inkişafı baxımından önəmi qeyd edilib, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının 2026-cı ildə Bakıda keçirilməsi ilə bağlı gündəlikdə olan məsələlər müzakirə edilib.

E. Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupu tərəfindən təşkil olunmuş sərgi ilə tanış olub. Tədbirdə İİB Qrupuna daxil olan qurumlar tərəfindən maliyyələşdirilən layihələr və tərəfdaşlıq imkanları təqdim olunub. İqlim maliyyələşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat verilib.

E. Əliyev səfər çərçivəsində İİB-nin 50 illiyinə həsr olunmuş sənədli filmin rəsmi təqdimat mərasimində iştirak edib. Sənədli filmdə Bankın tarixi, əsas fəaliyyət prinsipləri və həyata keçirdiyi layihələr vasitəsilə üzv ölkələrin sosial-iqtisadi inkişafındakı rolu əks etdirilib.

image description image description image description image description