ABŞ, Rusiya və Ukrayna arasında mümkün atəşkəs ssenarisi müzakirə olunur - The Economist

ABŞ və Rusiya arasında qeyri-rəsmi danışıqların yenidən başladığı, eyni zamanda Ukrayna ilə ABŞ Prezidenti Donald Tramp komandasının hər gün təmasda olduğu bildirilir.

Bu barədə məlumatı The Economist yayıb.

Nəşrin məlumatına görə, müzakirə olunan variantlardan biri iki mərhələli atəşkəs planıdır.

Planın ilk mərhələsində cəbhə xəttinin hər iki tərəfində 50–70 kilometrlik ərazidə döyüş əməliyyatlarının məhdudlaşdırılması nəzərdə tutulur. Daha sonra isə daha genişmiqyaslı razılaşmanın əldə olunması məqsədilə danışıqların davam etdirilməsi planlaşdırılır.

Ukraynalı yüksəkvəzifəli rəsmilərdən biri nəşrə bildirib ki, Rusiya yaxın aylarda ciddi addım atmaya bilər.

Onun fikrincə, Moskva oktyabr ayına qədər gözləyə və həmin dövrdə Trampa siyasi üstünlük qazandıracaq addımlar müqabilində müəyyən güzəştlər əldə etməyə çalışa bilər.

Mənbə hesab edir ki, daha real ssenari Rusiyanın vaxt uzatmağa çalışmasıdır.

Nəşrin yazdığına görə, Moskva Ukraynanın enerji infrastrukturuna raket və pilotsuz uçuş aparatları ilə qış kampaniyasını davam etdirərək Kiyevi güzəştlərə məcbur etməyə ümid edə bilər.

Məqalədə qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putinin müharibədən könüllü şəkildə imtina edəcəyini gözləmək və ya hər hansı atəşkəsdən münaqişəni davam etdirmək üçün istifadə etməyəcəyini düşünmək düzgün olmazdı.

Ukraynalı diplomat Lana Zerkal isə bildirib ki, əvvəllər Putin müharibənin Rusiya ərazisindən uzaqda getdiyi görüntüsünü yaratmağa çalışırdı.

“Rusiyalılar öz gözləri ilə tüstünü gördükdə bunu etmək artıq mümkün deyil”, – deyə Zerkal vurğulayıb.

Bu arada, iqtisadçı və maliyyə analitiki Aleksey Kuş müharibənin əsas ssenari üzrə 2028 və ya 2029-cu ildə başa çata biləcəyini bildirib.

Almaniyanın müdafiə naziri Boris Pistorius isə Rusiyanın çıxılmaz vəziyyətə düşdüyünü iddia edib.

Onun sözlərinə görə, Ukraynaya göstərilən beynəlxalq dəstək nəticə verir və Kreml artıq müharibənin mənfi təsirlərini cəmiyyətdən gizlədə bilmir.

Mövsüm,

AzNews.az