- İşin içi
- 25 Fevral 23:20
- 1 274
SOCAR "Özbəkneftqaz" ilə əməkdaşlıqda maraqlıdır
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Buxara Neft Emalı Zavodunun (NEZ) səmərəliliyinin artırılması üçün "Özbəkneftqaz" ilə birgə işləməkdə maraqlı olduğunu bildirib.
Aznews.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Abduqani Sanginov və SOCAR-ın törəmə müəssisələri olan "SOCAR Trading" ilə "SOCAR Downstream Management"in rəhbərliyi arasında keçirilən görüşdə bildirilib.
Tərəflər vurğulayıblar ki, Özbəkistanla Azərbaycan arasında iki ölkənin liderləri tərəfindən dəstəklənən strateji tərəfdaşlıq inkişaf etməkdədir və bu, neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsi üçün etibarlı zəmin yaradır.
"SOCAR nümayəndələri Buxara NEZ-nin işinin səmərəliliyinin artırılması istiqamətində "Özbəkneftqaz" ilə birgə işin inkişafına maraq ifadə ediblər. Görüş zamanı müasir əməliyyat texnologiyalarının tətbiqi, istehsalat proseslərinin rəqəmsallaşdırılması və enerji səmərəliliyinin artırılması üzrə təkliflər təqdim olunub", - məlumatda bildirilib.
Danışıqların yekunlarına əsasən, tərəflər əməli əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Həmçinin texniki auditin aparılması və növbəti addımlar üzrə konkret təkliflərin işlənib hazırlanması məqsədilə SOCAR-ın işçi qrupunun müəssisəyə səfərinin təşkil edilməsi barədə razılıq əldə olunub.