Bakıda keçirilən Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin iclasında Avropa Parlamentinin üzvünün Azərbaycanda dövlətin neft-qaz sənayesi üzərində monopoliya yaratması barədə fikirləri mübahisəyə səbəb olub. Bakıda keçirilən Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin iclasında Avropa Parlamentinin üzvünün Azərbaycanda dövlətin neft-qaz sənayesi üzərində monopoliya yaratması barədə fikirləri mübahisəyə səbəb olub.

Valeh Ələsgərov avropalı deputatla mübahisə etdi

Bakıda keçirilən Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin iclasında Avropa Parlamentinin üzvünün Azərbaycanda dövlətin neft-qaz sənayesi üzərində monopoliya yaratması barədə fikirləri mübahisəyə səbəb olub.




"APA-Economics"in məlumatına görə, iclasda çıxış edən Avropa Parlamentinin deputatı Gerben Yan Gerbrandi bildirib ki, neftlə zəngin Şərq ölkələrində, eləcə də Azərbaycanda neft-qaz sənayesi əsasən dövlətin nəzarətindədir: "Bu da bu sahədə özəl sektorun inkişafına əngəl törədir, effektivliyi azaldır. Özəl şirkətlərə daha çox imkan verilmir".

Bununla bağlı iclasda iştirak edən Azərbaycan rəsmilərinə sual ünvanlayan avropalı deputat neft sənayesində dövlətin nəzarətinin azaldılması və özəl neft-qaz şirkətlərinin yaradılmasının əhəmiyyətini vurğulayaraq, bunun Azərbaycan kimi ölkələrdə tətbiqinin mümkünlüyü ilə maraqlanıb: "Azərbaycanda neft-qaz sənayesinin özəl şirkətlərin istismarına verilməsi mümkündürmü?"

Avropalı deputatın monopoliya ilə bağlı iradına və sualına Azərbaycan Milli Məclisinin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov etiraz edərək ona bir sıra arqumentlər gətirməklə cavab verib: "Bu gün Azərbaycanda neft-qaz sahəsinə tək ARDNŞ yox, eyni zamanda Antarktidan başqa bütün qitələrdən olan şirkətlər çalışır. Ona görə də mən Azərbaycanda bu sahədə dövlətin monopoliyasını görmürəm. Azərbaycanda ancaq təbii ehtiyatlar üzərində monopoliyalar var, amma bu da çatdırma məntəqəsinə qədərdir. Hesab edirəm ki, təbii ehtiyatlar sahəsində də çatdırılma məntəqəsinə qədər monopoliyanı dövlət itirməməlidir. Əgər təbii ehtiyatlar üzərində dövlət monopoliyası olmasaydı, Dövlət Neft Fondunda bugünkü vəsaitlərin həcmi qat-qat aşağı olardı. Çünki neft yataqlarından gələn mənfəətin dövlətə çatan hissəsi çox az olardı. Biz ancaq vergi alardıq və bu gün aldığımızın cəmi 25%-nə sahib olardıq, yəni indiki gəlir 4 dəfə aşağı olardı. İndi mən sizə sual verirəm - siz razılaşardınızmı ki, monopoliyanı götürək və bu azalmalar olsun?"

G.Y.Gerbrandi isə V.Ələsgərova cavab olaraq onun arqumentləri ilə razılaşmadığını bildirib: "Düşünmürəm ki, bu, dövlətin gəlirlərinin azalması ilə bağlı məsələdir. Siz siyasi cəhətdən bazarı liberallaşdırmaqla daha çox effektivlik əldə edə bilərsiniz, xüsusilə bazarın idarə olunması sahəsində liberallaşdırmanı həyata keçirməklə buna nail olmaq olar. Əlbəttə, dövlət gəliri daha önəmlidir. Amma mən sizinlə razı deyiləm ki, siz bazarı liberallaşdırsanız, dövlət gəliri azalacaq".

V.Ələsgərov onun iradına dərhal cavab verib: "O, sizin fikrinizdir, bu da mənim fikrimdir. Amma biz inkişafın bu mərhələsində oyun qaydalarını dəyişə bilmərik. Bu, milli mənafeyimizə xidmət etməz. Məsələn, mən seçicilərimə deyə bilmərəm ki, ay camaat, bizim bu böyük qardaşlarımız nəyisə dəyişməyimizi istəyirlər, gəlirlərimiz də 4 dəfə aşağı düşəcək".

AzNews.az