Ölkəmizdə həm dövlətin, həm də böyük şirkətlərin dəstəyi ilə “qara” və “ağ qızıl”la yanaşı, “şirin qızıl” da inkişaf etdiriləcək Ölkəmizdə həm dövlətin, həm də böyük şirkətlərin dəstəyi ilə “qara” və “ağ qızıl”la yanaşı, “şirin qızıl” da inkişaf etdiriləcək

Azərbaycanın “şirin qızıl”ı

Ölkəmizdə həm dövlətin, həm də böyük şirkətlərin dəstəyi ilə “qara” və “ağ qızıl”la yanaşı, “şirin qızıl” da inkişaf etdiriləcək

Azərbaycanda arıçılığın tarixi ənənələri var. Ötən əsrdə ölkədə arıçılıq təsərrüfatlarının inkişafı üçün müəyyən zəruri maddi-texniki baza və infrastruktur yaradılsa da, SSRİ-nin dağılması ilə bu təsərrüfatlar da yavaş-yavaş sıradan çıxdı. Bundan sonra ölkədə arıçılıq təsərrüfatları uzun müddət əsasən həvəskar arıçılar tərəfindən idarə olundu və ənənələr məhz onlar tərəfindən davam etdirildi.

Bu gün isə vəziyyət köklü surətdə dəyişməkdədir. Dövlət səviyyəsində arıçılıq təsərrüfatının inkişafına xüsusi diqqət yetirlir. Ölkədə qeyri-neft sektorunun inkiaşaf etdirilməsinin prioritet olaraq qarşıya qoyulduğu bir vaxtda təbii balın istehsalı və ixracının vacibliyi də gündəmə gəlir. Artıq aidiyyatı dövlət strukturları tərəfindən digər qeyri-neft sektoru sahələrində olduğu kimi arıçılığın da sürətlə inkişafına cəhd göstərilir.

Arı ailələri sayının 310 minə çatdırılması proqnozlaşdırılır

Kənd Təsərrüfatı Nazirliyindən aldığımız məlumata görə, hazırda ölkəmizdə arı ailələrinin sayı əvvlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılıb. Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün son illər bir sıra məqsədyönlü tədbirlər həyata keirilib. Nəticədə, 2020-ci ildə respublika üzrə arı ailələrinin sayının 310 minə çatdırılması proqnozlaşdırılır. Arı ailələrinin sayının artırılması ilə yanaşı , məhsuldarlığın yüksəldilməsi, damazlıq-seleksiya işlərinin yaxşılaşdırılması, istehsal olunan balın mərkəzləşdirilmiş qaydada qablaşdırılması və etiketləmə məsələləri də nazirliyin diqqət mərkəzindədir.

Təsadüfi deyil ki, ötən ay Bakı şəhərində keçirilən ənənəvi Arıçılıq Yarmarkasında 453 nəfər arıçı iştirak edib. Yarmarkaya 200 tona qədər arıçılıq məhsulları çıxarılıb. Ötən il isə bu rəqəm cəmi 75 ton olub. Təkcə bu fakt onu göstərir ki, arıçılıq təsərrüfatı ölkə səviyyəsində ilbəil sürətlə inkişaf etməkədir.

“Şirin Qızıl”a 3,3 mln. manat sərmayə yatırılacaq

Sevindirici haldır ki, dövlət qurumları ilə yanaşı, ayrı-ayrı şirkətlər də Azərnbaycanda arıçılıq təsərrüfatının inkişafına dəstək göstərirlər. Misal üçün, elə bu gün BP şirkəti və onun "Azəri-Çıraq-Günəşli" (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları Azərbaycanda kənd icmalarında arıçılığın, bu sahədə bacarıqların, tədqiqat və elmin inkişafına dəstək verən "Şirin Qızıl" layihəsini təqdim ediblər.

2020-ci ilin sonunadək bu sahəyə iki fazada təxminən 3,3 mln. manat həcmində sərmayə yatırılması nəzərdə tutulur. Layihənin dəyəri pilot faza üçün təxminən 400 min manat, ikinci faza üçün isə təxminən 2,9 mln. manat təşkil edir.

Layihə kənd icmalarına gəlir gətirəcək və yeni bacarıqlar yaradacaq

Layihənin təqdimatı ilə bağlı təşkil edilən tədbirdə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bildirdi ki, bu layihə BP və tərəfdaşlarının icmalarda gəlir imkanlarının artırılmasına yardım etmək səylərinin bir hissəsidir:

"Düzgün resurslar və iş bilgisi olarsa, arıçılıq əhəmiyyətli gəlir gətirən bir sahədir. Biz burada hər iki aspekti, yəni həm ən zəruri avadanlıq və alətlərin təmin olunmasını, həm də arıçılıq fəaliyyətinin idarə edilməsi üçün potensialın yaradılmasını diqqətə almışıq. Daha geniş kontekstdə isə bu layihə hökumətin digər qeyri-neft sektorları ilə yanaşı, kənd təsərrüfatı sahəsini inkişaf etdirmək səylərinə dəstəkdir. Ümid edirik ki, layihə kənd icmalarında gəlir gətirməklə və yeni bacarıqlar yaratmaqla öz məqsədinə nail olacaq".

Mərasimdə iştirak edən kənd təsərrüfatı naziri Heydər Əsədov da sözügedən layihə çərçivəsində görülən işləri yüksək qiymətləndirdi. Bildirdi ki, ölkəmizdə arı məhsullarının böyük ixrac potensialı var, Çin və Yaponiya kimi ölkələr Azərbaycan balına xüsusi maraq göstərirlər. Buna görə də yaxın gələcəkdə arıçılıq təsərrüfatının genişləndirilməsinə və ixrac həcmini artırmağa cddi zərurət yaranıb. Nazirin sözlərinə görə, bu istiqamətdə qanunvericilik də təkmilləşdirilib, konkret işlər görülməkdədir.

Pilot faza çərçivəsində 100 arıçılıq təsərrüfatı fəaliyyətə başlayıb

Qeyd edək ki, sözügedən layihənin bu vaxtadək pilot faza çərçivəsində Yevlax, Samux və Şəmkir rayonlarındakı kəndlərdə 100 arıçılıq təsərrüfatı fəaliyyətə başlayıb. Layihənin bir hissəsi olaraq hər kənd təsərrüfatı 15 arı pətəyi, 10 arı ailəsi, digər tələb olunan avadanlıqlar və alətlərlə təmin edilib. Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən ixtisaslaşmış təlimlər keçirilib. Bu layihə çərçivəsində həmçinin Dianna Sammataronun "Arıçılıq kitabı" - arıçılar üçün dünyada məşhur bələdçi kitab Azərbaycan dilində nəşr edilib.

II fazada layihənin genişləndirilməsi və sosial investisiyanın artırılması nəzərdə tutulur. 2020-ci ilədək davam edəcək bu fazada BTC və CQBK boru kəmərləri boyunca yerləşən altı rayonda - Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında əlavə 600 arıçının yetişdiriləcəyi gözlənilir. Layihə nəticəsində bal arısı xəstəliklərinin idarə olunmasını və balın keyfiyyətini yaxşılaşdırmaq üçün Dövlət Aqrar Universitetində ixtisaslaşmış laboratoriyanın yaradılması, bal arıları üçün nektar mənbəyi olacaq 60 min ağacın əkilməsi, arıçılıq sahəsində əlavə üç kitabın tərcümə olunması və çap edilməsi, Gəncə-Qazax iqtisadi rayonunun nektar xəritəsinin hazırlanması gözlənilir.

“Qara” və “ağ qızıl”la yanaşı, “şirin qızıl”ımızı da şöhrətləndirməliyik!

Beləliklə, həm dövlətin, həm də BP kimi böyük şirkətlərin dəstəyi ilə Azərbaycanın arıçılıq təsərrüfatının tezliklə ölkə iqtisadiyyatında mühüm yer tutacağına heç bir şübhə qalmır. Hələlik isə istehsal olunan bal ölkə əhalisinin illik tələbatını ödəyə bilmir. Ekspertlər bildirirlər ki, əhalinin təbii bala olan tələbatı 4 min ton ətrafındadır. Ölkədə isə hər il orta hesabla 2,4-2,5 min ton təbii bal istehsal edilir. Dövlət Gömrük Komitəsinin hesabatlarına nəzər salsaq, Azərbaycana il ərzində əsasən 11 ölkədən, dəyəri 190 min ABŞ dollarına yaxın təqribən 70 ton həcmində təbii bal idxal olunur. Əsas idxalatçı ölkələr Almaniya, Türkiyə, Rusiya və Ukraynadır. Ən ucuz təbii bal Ukrayna (1,72 USD/kq) və Avstriyadan (1,54 USD/kq), ən bahalı təbii bal Fransadan (6,71 USD/kq) idxal olunub.

Onu da nəzərə almaq lazımdır ki, dünya bazarlarında təbii balın ixrac qiyməti aşağıdır. Məsələn, dünyanın ən çox bal istehsal edən 15 ölkəsi üzrə orta ixrac qiyməti 3,2 dollardır. Onlar arasında ən ucuz qiymət Malayziyada (1 kq - 1,6 dollar), ən baha qiymət isə Macarıstandandadır (1 kq - 4,4 dollar).

Bununla belə, Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizinin məhz Azərbaycanda olduğunu nəzərə alsaq, respublikamızda bu sahədə böyük perspektivlərin olduğunu aydın şəkildə görərik. Odur ki, ölkənin qeyri-neft sektorunda daha sürətli və dayanıqlı inkişafa nail olmaq üçün “qara” və “ağ qızıl”la yanaşı, “şirin qızıl”ımızı da yenidən şöhrətləndirməliyik!

Elgün Mənsimov
AzNews.az

image description image description image description image description image description