- Köhnə - İqtisadiyyat
- 15 Mart 2018 23:40
- 2 685
TANAP-a 932 mln. avro kredit ayrılması təsdiq edildi
Bu gün Avropa İnvestisiya Bankı (AİB) Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya nəqli üçün inşa olunan Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşasının maliyyələşdirilməsinə 932 mln. avro (1,15 mlrd. dollar) məbləğində kredit ayrılmasını təsdiqləyib.
AzNews.az Reuters-ə istinadən xəbər verir ki, "Cənub Qaz Dəhlizi" layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Bu kəmərlə Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin II mərhələsi çərçivəsində hasil olunan qazın nəqli nəzərdə tutulur. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. TANAP-ın Əskişəhərə qədər hissəsinin bu ilin ortalarında istifadəyə verilməsi gözlənilir.
TANAP üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Dünya Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) da kredit ayrılmasını təsdiqləyib.