Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin son dayanacağı Türkiyənin Adana vilayətinin Ceyhan bölgəsindəki Heydər Əliyev adına Dəniz Terminalından bu vaxtadək 2 milyard 999 milyon 528 min 260 barrel xam neft nəql olunub. Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin son dayanacağı Türkiyənin Adana vilayətinin Ceyhan bölgəsindəki Heydər Əliyev adına Dəniz Terminalından bu vaxtadək 2 milyard 999 milyon 528 min 260 barrel xam neft nəql olunub.

BTC ilə nəql edilən neftin həcmi 3 milyard barrelə çatır

Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin son dayanacağı Türkiyənin Adana vilayətinin Ceyhan bölgəsindəki Heydər Əliyev adına Dəniz Terminalından bu vaxtadək 2 milyard 999 milyon 528 min 260 barrel xam neft nəql olunub.

AZƏRTAC xəbər verir ki, 2006-cı ilin iyunundan indiyədək BTC boru kəməri ilə nəql edilən neft Ceyhan limanında 3 min 920 tankerə yüklənərək dünya bazarına göndərilib.

İstismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barrel neft nəql olunub. 2010-cu ildə kəmərlə nəqletmə ən yüksək göstəriciyə - 286 milyon 214 min barrelə çatıb. Keçən il BTC vasitəsilə 252 milyon 763 min barrel xam neft dünya bazarına yollanıb. Bu il əvvəlindən etibarən isə Ceyhan limanında 162 tankerə 127 milyon 309 min barrel neft yüklənib.

Xatırladaq ki, 2003-cü il iyulun 30-da BTC-nin inşasına başlanılıb. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur. Bu ilin birinci rübündə BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar sərf edilib.

Boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. Qalan 248 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin Azərbaycan və Gürcüstanda yerləşən hissələrinin operatoru “BTC Ko.”nun səhmdarları adından BP, Türkiyədə yerləşən hissəsinin operatoru isə “Botaş International Limited” şirkətləridir. Kəmərin diametri Azərbaycanda və Türkiyədə, əsasən 42 düyümlükdür. Gürcüstan ərazisində kəmər 46 düyümlük borularla çəkilib. Türkiyədə Ceyhan dəniz terminalına enən sonuncu eniş boyu hissədə isə 34 düyümlüyədək azalır. Boru kəməri 1500-dən çox çay və 13 seysmik qırılma xətti ilə kəsişir. Kəmərin ən yüksək nöqtəsi 2 min 800 metr olan dağlardan keçdiyi yerdir ki, bundan sonra o, Ceyhanda yenidən dəniz səviyyəsinə enir.

Kəmərin istismar müddəti 40 il, orta ötürücülük qabiliyyəti isə sutkada 1,2 milyon barrel nəzərdə tutulub. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (əvvəlki “Statoil”) (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).

AzNews.az