- Köhnə - İqtisadiyyat
- 6 Avqust 2018 16:59
- 7 016
Metronun bu stansiyası bağlanır
Avqust ayının 8-dən "Bakmil" stansiyasına giriş-çıxışı müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq.
Bunu AzNews.az-a açıqlamasında “Bakı metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər:
“1979-cu ildə istismara verilmiş Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan “Bakmil”də bu vaxta qədər əsaslı təmir və yenidənqurma işləri aparılmayıb. Uzunmüddətli istismar dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğuların, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidənqurulması günün zəruri tələbi idi. "Bakmil" stansiyasının əsas sərnişinləri yaxın ərazinin sakinləri, həmçinin burada yerləşən müəssisə və təşkilatların əməkdaşlarıdır. Buna görə də onların marağı xüsusi olaraq nəzərə alınaraq, məhdudiyyət günün əsas iş vaxtı hesab olunan 8:20-17:00 aralığına təyin edilib. Bu isə o deməkdir ki, hərəkət qrafikinə uyğun olaraq, qatarlar sərnişinləri 8:20-yə qədər və 17:00-dan sonra həm "Bakmil", həm də əks istiqamətdə daşıyacaq”.
B.Məmmədov məhdudiyyət tətbiq edildiyi müddətdə sərnişinləri alternativ nəqliyyat vasitələrindən istifadə etməyə səsləyib.
Bahar RÜSTƏMLİ
AzNews.az