Qurban bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi əhalinin nəzərinə çatdırmışdı ki, avqust ayının 22-23 tarixlərində həm paytaxtımızda, həm də bölgələrdə xüsusi yarmarkalar təşkil ediləcək. Bakı şəhərinin 32 məntəqəsində, həmçinin Gəncə, Neftçala, Lənkəran, Şəki, Sirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllı kimi rayonlarda təşkil olunacaq yarmarkalarda Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında fermerlərin yarmarkalara 13 min baş heyvan çıxaracağı gözlənilirdi. Bundan başqa nazirliyin və Dövlət Gömrük Komitəsinin tövsiyəsi əsasında sahibkarlar qonşu ölkələrdən, o cümlədən Gürcüstan Respublikasından satış məqsədilə 20 min baş heyvan gətirməyi nəzərdə tuturlar. Bazarda bolluğu təmin etmək və qiymətləri sabitləşdirmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan təsərrüfatlardan satış yarmarkalarına 1000-1500 baş heyvanın çıxarılması planlaşdırılırdı. Həmçinin Dövlət Baytarlıq Xidməti yarmarkaların keçiriləcəyi ərazilərin dezinfeksiya etmişdi. Kəsimlər zamanı sanitar şərtlərin qorunmasına isə Qida Təhlükəsizliyi Agentliyi məsul idi. Bəs, necə deyərlər, evdəki hesablar bazara nə qədər uyğun gəldi? AzNews.az xəbər portalı bu suala cavab tapmaq üçün bu gün əməkdaşlarını “Qurban yarmarkaları”na göndərib.
İlk olaraq yolumu Şərifzadə küçəsində, “İdeal” şadlıq evinin yaxınlığındakı yarmarkadan saldım. Doğrusu, bazara girdiyim zaman, ətrafın təmizliyi diqqətimi xüsusi çəkdi. Yarmarkanın bir hissəsində diri heyvanlar satılır, bir hissəsində isə qəssablar fəaliyyət göstərirdi. Mən daxil olduğum zaman bazarda bir qədər durğunluq vardı. Satıcı Azər Əmralıyev bildirdi ki, durğunluğun səbəbi günün günorta olmasıdır:
“Əsas satış səhər getdi, günorta və axşam saatlarında isə müştərilərimizin bir qədər az olması təbiidir”.
Fermerin dediyinə görə, Beyləqandan gətirilmiş heyvanların qiyməti çəkisindən asılı olaraq 130-200 manat arasında dəyişirdi: “Keçən illə müqayisədə Qurban bayramı ərəfəsində qiymətlərdə sıçrayış olmayıb”.
Başqa bir fermer Vüsal Əliyev isə bildirdi ki, alıcılıq yaxşıdır: “Biz keçən il də heyvanlarımızı bazara çıxarmışdıq. Keçən ilkinə nisbətən bu il alış daha çoxdur. Heyvanları Ağcabədidən gətirmişik. Qiymətlərimiz 150-170 arasındadır.
Bazarda gəzərkən bir maraqlı məqam da gözümə dəydi. Satıcı Anar Məmmədov heyvanların saxlanıldığı çadırın qarşısına “160 manat” yazmışdı. Səbəbini soruşanda isə o bildirdi ki, qiymət standartdır. Çəkilərində fərq var, hamısı eyni deyil. Orta çəki 15 kilodan çoxdur”.
Yasamal rayonu, Şərifzadə-159 ünvanında yerləşən bazarda alıcı Yaşar Əhmədov isə dedi ki, yarmarkanın təşkil olunması və bu cür sanitar tələblərə uyğun şəkildə satış edilməsi çox yaxşıdır: “Adam baxır, ürəyi açılır. Hər yer tərtəmiz. Bir tərəfdə satış edirlər, kim də istəyir o biri tərəfdə qəssablara heyvanlarını kəsdirir, soydurur. İndi də bəzi yerlərdə yol qırağında heyvan satırlar, adam iyrənir. Həm antisanitar vəziyyətdi, həm də onlar bu bazardan daha baha satırlar. Bazara gəlmirlər, çünki burda nəzarət var, bu da onlara sərf etmir, özbaşınalıq edə bilmirlər burada”.
Xətai rayonundaki yarmarkaya üz tutmuş alıcı Sabir Məmmədəliyev də bildirdi ki, qiymətlər çox yaxşıdır: “Əvvəlki illərə nisbətən bu il daha münasibdir qiymət. Təmizliyə də söz ola bilməz”.
AzNews.az əməkdaşı yarmarkalara Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təhkim edilmiş nümayəndələrlə də söhbətləşib. Əldə etdiyimiz məlumata görə, nazirlik “Qurban yarmarkası”nın təşkilinə bir neçə ay qabaq başlayıb. Bu məqsədlə ilk növbədə fermerler arasında izahat işi aparıb. Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) həmçinin sağlam heyvanların seçilməsi, uyğun nəqliyyat vasitələrində daşınması və satışa qədər normal şəraitdə saxlanması prosesinə də nəzarət edib. Əvvəlki illərdə problemə dönmüş yarmarka çadırları da məhz bu Mərkəzin dəstəklədiyi standartlar əsasında qurulub. Nəticədə, vətəndaşlar tərəfindən məmnunluqla qarşılanan bu günkü mənzərə ortaya çıxıb.
Nigar Cəfər,
AzNews.az