«Nabucco» layihəsi təkliflərini «Şahdəniz» konsorsiumuna təqdim edib

Azərbaycanın əsas qazının Avropaya nəql edilməsi ilə bağlı marşrut kimi nəzərdən keçirilən iki layihədən biri – "Nabucco" layihəsi öz təkliflərini "Şahdəniz" konsorsiumuna təqdim edib.


"APA-Economics"in məlumatına görə, "Nabucco Gas Pipeline International GmbH." şirkəti boru kəməri layihəsi təkliflər paketini "Şahdəniz" konsorsiumuna təqdim etdiyini elan edib.

Şirkətin bununla bağlı yaydığı məlumatda bildirilir ki, boru kəməri layihəsi Qərar dəstəyi paketində Azərbaycan qazı üçün ticari qiymət zəncirini yaratmaq üçün istehsalçılar tərəfindən tələb olunan bütün elementlər qeyd olunub.

"Biz "Şahdəniz" konsorsiumuna son marşrut qərarını asanlaşdırmaq üçün ən rəqabətli paketi təqdim etməyimizdən məmnunuq. Qarşıdakı aylarda da istehsalçılarla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik. Əminik ki, "Nabucco" həm transportyorlara, həm də istehsalçılara eyni səviyyədə səmərəlilik təklif edir", - deyə "Nabucco"nun icraçı katibi Reynhard Mitçek qeyd edib.

"Şahdəniz" konsorsiumunun son marşrutu seçməsi üzrə ictimaiyyətə açıqlanmış kriteriyalarına texniki layihələndirilmə, tarazlaşdırma və şəffaflıq, ticarət, operativlik, ölçülmə qabiliyyəti və dövlət siyasətinin amilləri daxildir.

AzNews.az