“Trans-Adriatik” (TAP) boru kəməri üzrə kompressor və ölçmə stansiyalarının tikintisinin yarıdan çoxu tamamlanıb. “Trans-Adriatik” (TAP) boru kəməri üzrə kompressor və ölçmə stansiyalarının tikintisinin yarıdan çoxu tamamlanıb.

"Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır" - TAP təmsilçisi

“Trans-Adriatik” (TAP) boru kəməri üzrə kompressor və ölçmə stansiyalarının tikintisinin yarıdan çoxu tamamlanıb.

AzNews.az xəbər verir ki, bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.

“TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına ötən ilin birinci rübündə başlanılıb və işlər qrafik üzrə davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Üç qaz turbinin hamısı quraşdırılıb və binaların dam örtüyünün inşası tamamlanıb. Boru, mexaniki və elektrik enerjisi təchizatı işləri isə davam edir. Fierdəki stansiyaya da turbo kompressorlar çatdırılıb və quraşdırılıb. Elektrik enerjisi təchizatı və cihazların quraşdırılmasına başlanılıb. Ümumilikdə, Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb”, - deyə L.Givert bildirib.

O deyib: “Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi də aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb. Hazırda ölçmə stansiyasının inşasının 50 faizi tamamlanıb. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar aparılacaq. Təxminən 6 ay müddətində həyata keçiriləcək bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək”.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin isə 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə boruların 97 faizi qaynaq olunub. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib.

TAP-ın Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini reallaşdıran İtaliyanın “Saipem S.p.A” şirkətinin qarşıdakı aylarda mikrotunel üçün qazma işlərinə başlaması gözlənilir. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

AzNews.az