Qeyri-neft sektorunda istehsalın həcmi artıb - STATİSTİKA

Statistika Komitəsi son 9 ayın iqtisadi göstəricilərini açıqladı ÜDM 2013-cü ilin yanvar-sentyabr ayları ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 5.4 faiz çox və ya faktiki qiymətlərlə 42.7 milyard manatlıq Ümumi Daxili Məhsul istehsal olunub.

Adambaşına ÜDM istehsalı 4606.7 manat (5871.4 ABŞ dolları) təşkil edib. Bu dövrdə sənaye sahələrində 19.9 milyard manatlıq, yaxud ÜDM-in 46.5 faizi qədər, kənd təsərrüfatında 2.5 milyard manatlıq (5.8 faiz), tikinti kompleksində 4.8 milyard manatlıq (11.3 faiz), nəqliyyatda 2.4 milyard manatlıq (5.6 faiz), ticarət və pullu xidmətdə 4.0 milyard manatlıq (9.3 faiz), rabitədə 725.1 milyon manatlıq (1.7 faiz), digər sahələrdə 5.7 milyard manatlıq və ya ÜDM-in 13.3 faizi qədər əlavə dəyər yaradılmış, 6.5 faizini, yaxud 2.8 milyard manatını subsidiyalar istisna olmaqla məhsula və idxala xalis vergilər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri barədə statistik məlumat yayıb. Məlumatda bildirilib ki, ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 10.4 faiz artsa da, neft sektorunda keçən ilin səviyyəsində qalıb.

AzNews.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ilin əvvəlindən keçən müddət ərzində sənayedə də artım qeydə alınıb. Belə ki, 25.3 milyard manatlıq, yaxud 2012-ci ilin müvafiq dövründə olduğundan 0.9 faiz çox sənaye məhsulu istehsal olunub.

Sənayenin mədənçıxarma bölməsində neft hasilatı 32.5 milyon ton, əmtəəlik qaz hasilatı 13.1 milyard kub metr təşkil edib. Emal bölməsində keçən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsulları istehsalı 4.6 faiz, içki istehsalı 9.7 faiz, dəri və dəri məmulatları, ayaqqabı istehsalı 35.1 faiz, poliqrafiya fəaliyyəti 54.8 faiz, neft məhsulları istehsalı 6.2 faiz, kimya sənayesi məhsulları istehsalı 18.6 faiz, əczaçılıq məhsulları istehsalı 19.4 faiz, tikinti materialları istehsalı 20.4 faiz, elektrik avadanlıqları istehsalı 4.3 faiz, maşın və avadanlıqlar istehsalı 5.3 faiz, avtomobil və qoşquların istehsalı 41.1 faiz, sair nəqliyyat vasitələri istehsalı 2.3 dəfə, zərgərlik, musiqi, idman və tibb avadanlıqları istehsalı 6.1 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri 30.0 faiz artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində elektrik enerjisi istehsalı 1.2 faiz azalaraq 15.2 milyard kvt.saat olub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində məhsul istehsalı 10.8 faiz artıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2.9 faiz, neft sektorunda isə 0.4 faiz artıb.

Kənd təsərrüfatı məhsullarının yığımı davam etsə də, artıq dənli bitkilər səpilmiş sahələrdən qağıdalı da daxil olmaqla oktyabrın 1-nə kimi 2897.6 min ton məhsul götürülüb. Orta hesabla hər hektarın məhsuldarlığı 0.3 sentner artaraq 27.3 sentner olub. Oktyabrın 1-nə kimi tarlalardan 983.8 min ton kartof, 1137.8 min ton tərəvəz, 530.1 min ton meyvə və giləmeyvə, 427.4 min ton bostan məhsulları, 104.3 min ton üzüm, 6.8 min ton pambıq, 474.5 ton yaşıl çay yarpağı, 2667.0 ton tütün, 34.6 min ton şəkər çuğunduru, 17.7 min ton dən üçün günəbaxan toplanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dənli bitkilərin istehsalı 4.9 faiz, kartof istehsalı 3.8 faiz, tərəvəz istehsalı 0.1 faiz, meyvə və giləmeyvə istehsalı 2.6 faiz, bostan məhsullrı istehsalı 0.7 faiz, üzüm istehsalı 5.0 faiz artıb. İri buynuzlu mal-qaranın baş sayı 2728.7 min başa, qoyun və keçilərin baş sayı isə 8770.9 min başa çatmış, bu dövrdə 358.1 min ton diri çəkidə ət, 1385.5 min ton süd, 1043.4 milyon ədəd yumurta, 16.3 min ton yun istehsal olunub. 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən ət istehsalı 3.8 faiz, süd istehsalı 6.6 faiz, yumurta istehsalı 15.1 faiz, yun istehsalı 2.8 faiz artıb.

Beləliklə dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı mövsümülük nəzərə alınmaqla ötən ilki səviyyədən 4.3 faiz, heyvandarlıq məhsulları istehsalı 5.5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4.9 faiz yüksək olub. Kənd əməkçiləri gələn ilin məhsulu üçün 541.9 min hektar sahənin torpağını şumlamış, 39.2 min hektar sahədə dən üçün payızlıq bitkilər səpiblər. Əsaslı tikinti sahəsində də artım qeydə alınıb. 9 ay ərzində bütün maliyyə mənbələrindən tikinti kompleksinə 11.8 milyard manat məbləğində vəsait yönəldilib ki, onun 8.4 milyard manatını və ya 71.5 faizini daxili vəsaitlər, 3.4 milyard manatını xarici mənbələrdən ayrılmış investisiyalar təşkil edib.

Ötən illə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 19.0 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait 30.0 faiz artıb. İlin əvvəlindən keçən vaxt ərzində istifadəyə verilən binaların sayı da böyük bir siyahı təşkil edir. Belə ki, ümumi sahəsi 1478.0 min kv.metr yaşayış evləri, 24880 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 526 çarpayılıq xəstəxana, 997 yerlik məktəbəqədər təhsil müəssisəsi, 864 yerlik klub, Bakı şəhərində Gəmi təmiri və gəmiqayırma İstehsalat Birliyi, Gəmiqayırma zavodu, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Qaz turbinli İstilik Elektrik stansiyası, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası, "Alov Qüllələri" kompleksindəki "Fairmont Baku" oteli, "Qələbə Meydanı" müxtəlif səviyyəli tunel tipli yol qovşağı, Naxçıvan MR-da Arpaçay Su Elektrik stansiyası, Sumqayıt şəhərində "Gilan" Tekstil parkı, Şirvan şəhərində "Cənub" Elektrik stansiyası, Olimpiya İdman Kompleksi və Şirvan-Muğan qrup su kəməri, Abşeron rayonunda Plastik qablar və priforminlər istehsalı və "Milla" süd məhsulları və dondurma istehsalı zavodları, Ağstafa rayonunda Peynbol və Atıcılıq mərkəzi, Astara rayonunda Boks Mərkəzi, Qazax rayonunda Sement zavodu, Quba rayonunda Milli Qolf Klubu, Gənclər Mərkəzi, "Rixos" oteli, Yevlax rayonunda Hava Limanı, Mərkəzi xəstəxana, Gədəbəy rayonunda Yeni qızıl emalı zavodu, Qəbələ rayonunda Üzüm emalı zavodu, Heyvandarlıq-südçülük kompleksi, Aqrar-sənaye kompleksi, "Qafqaz Karvansaray" otel kompleksi, Hacıqabul rayonunda Seramik plitələr istehsalı zavodu, Xaçmaz, Qax və Saatlı rayonlarında Olimpiya İdman kompleksləri, Siyəzən rayonunda Gənclər mərkəzi, Tovuz rayonunda Hemodializ mərkəzi, Şabran rayonunda Vəlvələçay-Taxtakörpü kanalı, Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyası, Şəmkir rayonunda "Zəka" İntelektual Gənclər Mərkəzi, "Excelsior Hotel Shamkir" mehmanxanası, İsmayıllı rayonunda Tikiş fabriki, "İsmayıllı-1" Su elektrik stansiyası, Balakən rayonunda Soyuducu anbar kompleksi, Ağcabədi rayonunda "Aqat-Aqro" heyvandarlıq kompleksi, Mərkəzi xəstəxana, Gənclər mərkəzi, Sabirabad rayonunda Kür çayı üzərində körpü, İstixana kompleksi və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilib.

Bu il ərzində inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərin tikintisinin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulan 7.2 milyard manat vəsaitin 5.5 milyad manatından istifadə olunub. Nəqliyyatda xidmətin həcmi artıb. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-sentyabr aylarında 161.6 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2.8 faiz çox yük, 1.3 milyard nəfər və ya 7.8 faiz çox sərnişin daşınıb. Yük daşınması avtomobil nəqliyyatı ilə 6.0 faiz, dəmir yolu ilə 0.1 faiz, hava nəqliyyatı ilə 87.2 faiz, sərnişin daşınması avtomobiı nəqliyyatı ilə 8.1 faiz, metro ilə 6.1 faiz artıb. Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 1.1 milyard manatlıq və ya ötən ildəkindən 7.1 faiz çox rabitə xidməti göstərib.

Rabitə xidmətinin 72.3 faizi bilavasitə əhaliyə göstərilən, mobil telefon xidmətindən əldə olunmuş gəlir 9.6 faiz artaraq 659.8 milyon manata çatıb və bütün gəlirlərin 59.2 faizini təşkil edib. 2013-cü ilin yanvar-sentyabr aylarında əhalinin hər nəfərinə düşən gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 6.2 faiz artaraq 2736.5 manata çatıb.Qazanılmış gəlirlərin 68.5 faizini orta hesabla hər bir şəxs son istehlaka, 9.1 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqqlarının ödənilməsinə, 20.7 faizini əmanətlərin və kapitalın artırılmasına sərf edib. Vergiləri və üzvlük haqqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 2487.1 manat qalmış və müqayisə edilən dövrdə 6.1 faiz artıb. Yanvar-avqust aylarında muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-cü ilin yanvar-avqust aylarına nisbətən 6.8 faiz artaraq 413.8 manat olub.

Əmtəə dövriyyəsi və pullu xidmət sahəsində ortaya çıxan rəqəmlər də artımdan xəbər verir. Ilin əvvəlindən keçən vaxt ərzində əhaliyə 13.9 milyard manatlıq istehlak malları satılıb. 4.5 milyard manatlıq pullu xidmət göstərilib. Pərakəndə əmtəə dövriyyəsi 9.6 faiz, pullu xidmətlərin həcmi isə 7.2 faiz artıb. Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən 2013-cü ilin yanvar-avqust aylarında dünyanın 144 ölkəsi ilə 23.1 milyard dollar məbləğində ticarət əməliyyatları aparılıb ki, onun 88.8 faizi və ya 20.5 milyard dolları uzaq xarici ölkələrlə, 2.6 milyard dolları MDB üzvü dövlətləri ilə həyata keçirilib. İlin əvvəlindən ötən səkkiz ay ərzində xarici ölkələrə 16.0 milyard dollarlıq mal ixrac olunub.

Onun 94.5 faizi və ya 15.1 milyard dollarlığı uzaq xarici dövlətlərə, 0.9 milyard dollarlığı və ya 5.5 faizi MDB üzvü ölkələrinə göndərilib. Ölkəyə idxal olunmuş məhsulların dəyəri 7.1 milyard dollar, o cümlədən uzaq xarici ölkələrdən gətirilmiş malların həcmi 5.4 milyard dollar, MDB üzvü dövlətlərindən idxal isə 1.7 milyard dollar olub. Səkkiz ay ərzində 8.8 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 9.7 milyard dollarlıq müsbət, MDB üzvü dövlətləri ilə 852.4 milyon dollarlıq mənfi saldo yaranıb.

Xam neftin və qazın ixracına dair ABƏŞ və Dövlət Neft Şirkətindən daxil olmuş məlumatlar nəzərə alınmaqla xarici ticarət dövriyyəsi 29.1 milyard dollar (o cümlədən ixrac 22.0 milyard dollar) təşkil edib. 14.9 milyard dollar məbləğində müsbət saldo yaranıb. Yanvar-avqust aylarında 16.1 milyon dollar məbləğində humanitar və texniki yardım daxil olub. İstehlak qiymətləri və xidmət tarifləri 0.1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.2 faiz bahalaşıb. Xidmət tarifləri isə əvvəlki ayın səviyyəsində qalıb. İlin əvvəlindən ötən vaxt ərzində 2012-ci ilin yanvar-sentyabr aylarına nisbətən qiymət və tariflər 2.3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.5 faiz, xidmət tarifləri 3.4 faiz bahalaşıb.

Maliyyə Nazirliyinin məlumatları yanvar-avqust aylarında dövlət büdcəsinə 12.9 milyard manat məbləğində vəsait daxil olduğunu göstərir. Büdcədən xərclənən vəsaitin məbləği isə 11.6 milyard manatdır, 1266.9 milyon manat məbləğində, yaxud ÜDM-in 3.4 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 5.3 milyard manatı və ya 45.6 faizi iqtisadiyyatın inkişafına, 1.2 milyard manatı (10.1 faizi) təhsilə və səhiyyəyə, 1.2 milyard manatı (10.2 faizi) əhalinin sosial müdafiə və sosial təminatına yönəldilib.

Əhalinin banklardakı əmanətlərinin məbləği sentyabr ayının 1-nə 6.1 milyard manata çataraq 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 36.5 faiz artıb. Milli valyuta ilə vəsait qoyuluşu 3.7 milyard manat, xarici valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 2.4 milyard manat olub. Ölkə iqtisadiyyatına ötən ilin yanvar-avqust aylarında olduğundan 30.7 faiz çox və ya 14.5 milyard manat məbləğində kredit yönəldilib. Kreditlərin 11.1 milyard manatı uzun müddətə, 3.4 milyard manatı isə qısa müddətə verilib, 5.3 faizinin, yaxud 764.8 milyon manatının ödəmə vaxtı keçib. Sentyabr ayında manatın 1 ABŞ dollarına görə məzənnəsi 0.78 manat, 1 Avroya 1.05 manat, 100 Rusiya rubluna 2.41 manat, ilin əvvəlindən isə müvafiq olaraq 0.78, 1.03 və 2.48 manat təşkil edib.


AzNews.az