Maaş və sosial ödənişlərin artırılması üçün - 240 mln. manat

Ölkə əhalisinin rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü kursun 2013-cü ildə də davam etdirilməsi qarşıda duran prioritet vəzifələrdən olacaqdır". Bu barədə məlumat Maliyyə Nazirliyinin təqdim etdiyi 2013-cü ilin dövlət və icmal büdcələrinin layihələrində yer alıb.
Həmin vəzifələrə uyğun olaraq 2013-cü ildə dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi tədqiqat, təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı,
müdafiə və hüquq mühafizə orqanlarında çalışanların və dövlət qulluqçularının (700 min nəfər)
aylıq əməkhaqları və minimum əməkhaqqının həddi artırılacaqır.

Zəruri sosial tədbirlərdən olan sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa (16,4 min nəfər), əlilliyə (107,8 min nəfər), ailə başçısını itirməyə (39,5 min nəfər), uşağın anadan olmasına görə (112,4 min nəfər), sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara (63,6 min nəfər), valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqlara (0,8 min nəfər),
şəhid uşaqlarına (0,4 min nəfər), müharibə əlillərinin uşaqlarına (18,4 min nəfər), radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə (5,5 min nəfər), müharibə veteranlarına (53,7 min nəfər) verilən müavinətlərin, dəfn üçün nəzərdə tutulan müavinətlərin, əmək pensiyalarının minimum məbləğinin, məcburi köçkünlərə verilən yemək xərcinin (538,0 min nəfər), şəhid ailəsi (13,8 min ailə), müharibə əlilləri (18,8 min nəfər) üçün və Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə (0,2 min nəfər) Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara (85,8 min nəfər)
verilən təqaüdlərin artırılması da təmin ediləcək.

Qeyd olunan əməkhaqlarının və sosial ödənişlərin artırılması üçün 2013-cü il dövlət büdcəsinin layihəsində üst-üstə 240,0 mln. manatdan çox vəsait nəzərdə tutulub.

Elnarə Əlosmanqızı
AzNews.az