“Bərdə rayonunda kredit borcuna görə baş vermiş intihar hadisəsi təkcə bir gəncin faciəsi deyil, həm də cəmiyyətin mövcud durumu üçün ciddi siqnaldır”. “Bərdə rayonunda kredit borcuna görə baş vermiş intihar hadisəsi təkcə bir gəncin faciəsi deyil, həm də cəmiyyətin mövcud durumu üçün ciddi siqnaldır”.

“Kredit qurbanlarının sayı arta bilər” – Ekspertdən həyəcan təbili

“Bərdə rayonunda kredit borcuna görə baş vermiş intihar hadisəsi təkcə bir gəncin faciəsi deyil, həm də cəmiyyətin mövcud durumu üçün ciddi siqnaldır”.


AzNews.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev deyib.



O bildirib ki, bu, birinci hadisə deyil və təəssüf ki, sonuncu da olmayacaq: "İntihara gətirib çıxaran çox amilləri sadalamaq olar: kredit faizlərinin yüksək olması, müştərinin aldadılması, onun həbslə qorxudulması və s. Hətta müştərinin məsuliyyətsizliyinin nəticəsi kimi də qiymətləndirmək olar. Ancaq motiv aydındır - kredit borcunu qaytarmaq mümkünsüz olub və çıxış yolunu intiharda görüb. İntihar edəni qınayanlar da olacaq, halına acıyanlar da. Bu hadisədə konkret bankı qatil qismində görənlər də az olmayacaq. Təəssüf ki, insanlar istehlak kreditini rifahını yaxşılaşdırmaq üçün deyil, hansısa problemi təcili həll etmək üçün götürürlər. Araşdırsaq məlum olar ki, həmin kredit ya müalicə, ya işə qəbul, ya da kimisə polisdən xilas etmək üçün alınıb. Əminəm ki, həmin pul heç də maşın və ya soyuducu almaq üçün götürülməyib. Əlimyandıda götürülmüş kreditin nə faizinə diqqət yetirilir, nə də şərtlərinə. Hər ikisi ödəniş zamanı yada düşür. Onda da fakt qarşısında qalırlar".

İqtisadçı ekspert deyib ki, bank sektoru hazırda insanların ən çox şikayət etdiyi sahəyə çevrilib: "Banklar kredit şərtlərinin istədikləri kimi müəyyənləşdirirlər. Müqavilələrdə daha çox öz hüquqlarını qabardırlar. Müştərilərinsə öhdəliklərinə geniş yer ayırırlar. Gecikdirilən kreditlərə ağlasığmaz cərimələr hesablanır. Məsələ məhkəməyə çatanda da haqsız çıxan vətəndaş olur. Bir tərəfdən də kollektorlar əhalinin baş ağrısına çevrilir. Elə bir ailə, elə bir şəxs yoxdur ki, maliyyə sektorunun xidmətlərinə müraciət etməsin. Kimisi gəlirinin bir hissəsini banklara əmanət edir, kimisi bankdan borc götürür, üçüncülər isə maşınını və evini sığortalayır".

S.Əliyev vurğulayıb ki, belə misalların sayını artırmaq da olar: "Reallıq odur ki, müştərilərin hüquqları addımbaşı pozulur. Milyonlarla əmanətçinin və kredit müştərisinin taleyi havadan asılı vəziyyətdə qalıb. Əhalinin maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. Bu halda vətəndaş kimə müraciət edəcəyini, hüquqlarının hansı qurum tərəfindən qorunacağını bilmir. Düzdür Mərkəzi Bankın göstərişi ilə bankların nəzdində istehlakçıların şikayətini araşdıran şöbələr yaradılmağa başlayıb. Ancaq şikayətlərə araşdıran müstəqil qurumun olmasına ehtiyac var".

Ekspert hesab edib ki, hökumət bu barədə ciddi düşünməlidir: "Getdikcə kredit qurbanları arta bilər. Bunun qarşısı alınmalıdır. Bunun üçün hökumət yaxın dövrlərdə təcili olaraq aşağıdakı addımları atmalıdır:
1. Maliyyə ombudsmanın yaradılmalı.
2. "İstehlak kreditləri haqqında" Qanun qəbul edilməli.

Ekspert bu təkliflərin uzun illərdir ki, səsləndirildiyini bildirib: "Görünür, yenə davam etməliyik. Təbii ki, ən vacibi kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsidir. Ancaq kredit faizlərinin və şərtlərinin yüngülləşdirilməsi təkcə bank sektorundan asılı deyil. Ölkənin makroiqtisadi sabitliyindən tutmuş sahibkarlıq mühitindəki rəqabət səviyyəsi kredit faizlərinə təsir edir. Banklar da öz növbəsində ucuz maliyyə resursu cəlb etməklə, xərclərini optimallaşdırmaqla xərclərin azaldılması üzərində düşünməlidir. Bankların sayının azaldılması bu istiqamətdə töhfə verə bilər. Dollar kreditlərində azalma müşahidə edilir. Uyğun enişin manat kreditlərində də baş verməsi lazımdır".

Bahar RÜSTƏMLİ
AzNews.az