Rəsmi Vaşinqtonun vədi

İlham Şaban: “Enerji təhlükəsizliyi milli təhlükəsizlik siyasəti səviyyəsinə yüksəldilib”



"ABŞ rəqabətin inkişafı və energetika bazarları inhisarının qarşısını almaq üçün hər şey etməyə davam edəcək". Bu fikirlərin müəllifi ABŞ-ın dövlət katibi Hillari Klinton - "Bizim enerqodiplomatiyamızın hədəflərindən biri rəqabətin dəstəyi və inhisarın (energetika bazarlarında) qarşısının alınmasıdır. Baxın, Avropada nə baş verdi: onilliklərlə Avropa ölkələri bir ölkənin boru kəməri vasitəsilə təbii qaz alırdı, o da Rusiya idi"-deyə əlavə edib.

Dövlət katibi qeyd edib ki, Orta Asiya və Xəzər qazını Avropa bazarına daşıyacaq "Cənub qaz dəhlizi" layihəsinin iştirakçılarına ABŞ bütün lazımlı köməyi göstərmək niyyətindədir: "ABŞ Avropada qaz bazarının diversifikasiyasına nail olur ki, regionu əlavə risklərdən qorusun. İnhisarçılıq risklər yaradır. Dünyanın hər hansı nöqtəsində, harada bir ölkə başqa ölkədən enerjinin verilməsində asılıdır, iqtisadi və siyasi müstəqilliyin itməsinin təhlükəsi yaranır. Buna görə də NATO enerji təhlükəsizliyini əsas məsələ kimi sayır və bu səbəbdən biz ABŞ-Avropa Birliyi energetika şurasını təsis etdik".

Maraqlıdır, xanım Klintonun vəd etdiyi kimi inhisarçılığın qarşısını almaq mümkün olacaqmı? Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban AzNews.az-a deyib ki, rəsmi Vaşinqton özünün xaricisiyasətini qurarkən onun başlıca amili kimi enerji təhlükəsizliyini önə çəkir, enerji təhlükəsizliyini iqtisadi inkişafının hərəkətverici qüvvəsi kimi görür: "Bu baxımdan uzaq perspektivə hesablanmış enerji təhlükəsizliyini təmin edəcək müxtəlif yolları arayır. Əsasən də XXI əsr başlanandan həm Amerika, həm də rəsmi Brüssel-Avropa Birliyi enerji təhlükəsizliyi məsələsini son dərəcə diqqətdə saxlayırlar. Onlar çoxşaxələndirilmiş mənbələrdən enerjinin öz bazarlarına daxil olmasını siyasətlərində təkcə enerji təhlükəsizliyi deyil, həm də milli təhlükəsizlik standartları səviyyəsində yüksəldiblər.Ona görə də onlar hansı yolla olursa-olsun bu siyasətlərini davam etdirəcəklərini dəfələrlə bəyan edirlər".

İ.Şabanın fikrincə, bu istiqamətdə əsas hədəf kimi alternativ yolların gündəmə gətirilməsidir: "O ölkələr ki, əvvəllər özlərini bazarlarda rəqibsiz hiss etdiklərindən istədiklərini edirdilər. Artıq onların fəaliyyətinin həmin bazarlarda hüquqi normativ yolla çərçivələnməsi və digər ölkələrdən alternativ yollarla enerjinin daşınması gündəmə gətirilir. Təbii ki, belə bir proses digərlərini qıcıqlandıracaq. Bu qıcıqlanmanı da öz maraqları çərçivəsində həll etməyə çalışırlar".

Burada diqqətçəkən digər məqamların da olduğunu vurgulayan ekspert qeyd edir ki, İran kimi təbii ressurslarla zəngin olan ölkələr var və onlar Qərbə bu sahədə meydan oxumaq istəyirlər: "Qərb isə enerji mənbələrindən, enerji təhlükəsizliyindən asılı olmalarına baxmayaraq, gələcək milli təhlükəsizlikləri naminə o ölkələrlə bazarlaşmalara getməyəcəklərini bəyan edirlər".

Gültəkin Qəhrəmanlı
AzNews.az