Büdcədən sosial xərclərə ayrılan vəsaitlər ixtisar olmayacaq – Vüqar Bayramov

Gələn ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 50 dollar nəzərdə tutulması 2016-cı ildə kapital xərcləmələrinə qənaətin edilməsinə səbəb olacaq.


AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, infrastruktur xərclərinin azalmasına baxmayaraq, sosial ayırmalarda ixtisar olmayacaq:

"Maliyyə Nazirliyi infrastruktur xərcləmələrinə qənaət tətbiq etməklə eyni zamanda gəlirlər və xərclər arasındakı balansı qorumağa çalışır. Əldə etdiyimiz məlumata əsasən, infrastruktur xərclərinin azalmasına baxmayaraq sosial ayırmalarda hər hansı ixtisarlar olmayacaq

Gələn ilki büdcədən 2015-ci ildə nəzərdə tutulan sosial ayırmaların həcmini qoruyub saxlamaq mümkün olacaq. Digər tərəfdən, büdcə gəlirlərində qeyri-neft sektorunun payının 35% olması və sosial ayırmaların da həcmdə paya malikliyi bu istiqamətə ayrılan vəsaiti neftin dünya bazar qiymətində sığortalayır. O baxımdan, növbəti ilin büdcəsindəki sosial ayırmalar təmin olunmuş xərc maddəsidir".

Bundan başqa, Bayramov neftin qiymətinin bu il ilə müqayisədə 40 dollar aşağı götürdüyü halda bunun qeyri-neft sektoruna diqqətin daha da artırılmasını gündəmə gətiriəcəyini düşünür:

"Güman olunur ki, 2015-ci ilin növbəti aylarında da Maliyyə Nazirliyi sekvest tətbiq etməklə infrastruktur xərclərinə qənaət edəcək. Bütövlükdə, gələn il neftin qiymətinin bu il ilə müqayisədə 40 dollar aşağı götürülməsi qeyri-neft sektoruna diqqətin daha da artırılmasının gündəmə gətirib".

Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsində neftin qiyməti 90 dollardan götürülüb.