Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqı ölkələri arasında türkcə "Altın" (Qızıl) adlı yeni pul vahidi yaradılmasını təklif edib. Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqı ölkələri arasında türkcə "Altın" (Qızıl) adlı yeni pul vahidi yaradılmasını təklif edib.

Putinin pul layihəsi regiona nə vəd edir: siyasi ambisiya, yoxsa varlı gələcək?

Rusiya prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqı ölkələri arasında türkcə "Altın" (Qızıl) adlı yeni pul vahidi yaradılmasını təklif edib.

Yeni pul vahidinin də 2020-ci ilə qədər dövriyyəyə buraxılması planlaşdırılır. Prezident Dumaya göndərdiyi bu qanun layihəsi ilə Avrasiya İqtisadi Birliyində ortaq pul vahidinin yaradılmasını istəyir. Layihə Dumadan keçərsə, avro və dollara rəqib olaraq Avrasiya məkanında yeganə pul vahidi olan bir "Altın" zonası yaratmaq planlaşdırılır.



Məsələ ilə bağlı AzNews.az-a danışan iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, yeni pul vahidinin qəbul olunmasının iqtisadi baxımdan müsbət bir nəticəsi olmayacaq: "Putin indiki məqamda çalışacaq ki, Gömrük İttifaqında bu pul vahidinin tətbiq edilməsinə nail ola bilsin. Nəzərə alsaq ki , bu gün Müstəqil Dövlətlər Birliyində (MDB) Rusiyanın münasibətinin heç də yaxşı olmadığı Ukrayna var, o baxımdan MDB-də praktik olaraq yeni pul vahidinin tətbiq edilməsi indiki məqamda qeyri-real görsənir. Amma Gömrük İttifaqında yeni pul vahidinin tətbiq edilməsi Rusiyanın təsiri ilə mümkündür. Maraqlıdır ki, yeni pul vahidinin tətbiqinə ehtiyac varmı? Hesab edirəm ki, yeni pul vahidinin tətbiqi bir mənalı şəkildə iqtisadi deyil, siyasi xarakter daşıyır. Çünki Rusiya çalışır ki, qərbə onun MDB-də tərəfdaşlarının olduğunu nümayiş etdirsin. Yəni onunla maliyyə sferasında birgə olan ölkələr var. Bunu siyasi baxımdan qərbə təqdim etməyə çalışır. Həmçinin Rusiya bütövlükdə regionda avro və dolların yüksəlmə dairəsini müəyyən qədər məhdudlaşdırmağa çalışır. Amma MDB məkanında avro və dolların işləməsi baxımdan əsas hədəf məkanı deyil. Bu gün nəzərə alsaq ki, Gömrük İttifaqında və MDB-də həm siyasi, həm ərazi, həm də iqtisadi baxımdan əsas ölkə Rusiyadır".



Ekspert Rusiyanın dünya iqtisadiyyatında payının 4 faiz olduğunu qeyd edib: "Müqayisə üçün desək ki, Avropa bu gün Rusiyanın qarşı çıxdığı avrozona ilə ABŞ-ın birgə dünya iqtisadiyyatındakı payı ümumi qlobal iqtisadiyyatın təxminən yarısına bərabərdir. Burada tamamilə fərqli güclərin rəqabət aparmasından söhbət gedir. Ona görə də Rusiya mövcud iqtisadi gücü daxilində avro və dolların işlənmə prayektoriyasının təsir imkanlarına malikdir. Rusiya sadəcə olaraq bunu bir jest olaraq planlı şəkildə etməyə çalışır. Hesab edirəm ki, Gömrük İttifaqına üzv olan aparıcı ölkələr ilkin məqamda müəyyən müddət bu prosesdə iştirak etməməyə çalışacaq. Məsələn, Qazaxıstan dövləti. Təbii ki, Rusiyanın siyasi təsiri müstəvisində əgər bu vahid valyuta tətbiq olunarsa, Qazaxıstanın qoşulacağı istisna edilmir. Amma bu gün nə Qazaxıstan, nə də MDB-nin digər ölkələri, xüsusən də xarici valyuta ehtiyacı olan ölkələrdə bunun milli pul vahidinə təzyiqi hələ də qalmaqdadır. Onların xarici valyutadan imtina etməsi praktiki olaraq iqtisadi baxımdan həmin ölkələrin maraqlarına uyğun deyil. Bu baxımdan güman etmirəm ki, Gömrük İttifaqı və ya MDB belə bir vahid pul valyutası yaratmaqla iqtisadi baxımdan gəlir əldə edə bilsinlər".

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı əhatə edir.

Sevinc Yasinqızı
AzNews.az