Azçəkili çörək istehsalı təklif edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək istehsalçılarına çörək məhsulları üzrə yeni standartların tətbiqi imkanlarını nəzərdən keçirməyi təklif edib. Bu standartlara əsasən, ayrı-ayrı məhsulların çəkisi 100-200 qram təşkil edə bilər.

Trend-in məlumatına görə, bu təklif çərşənbə axşamı Dövlət Komitəsinin sədri Ramiz Həsənovun çörək məhsulları istehsalçıları ilə görüşündə səsləndirilib. Həsənov, həmçinin çörək məhsulları üzrə xüsusi texniki komitənin yaradılmasına dair təşəbbüslə çıxış edib. O, bu sahədə digər ölkələrin təcrübəsini, xüsusilə Avropada qüvvədə olan standartları öyrənməyi təklif edib.

Onun sözlərinə görə, əsas məqsəd çörək məhsulları istehsalı sahəsində yüksək keyfiyyətin formalaşdırılmasıdır. Görüşdə sahibkarlar itehsalat zamanı çörəyin paketləşdirilməsi ideyasını dəstəkləməyiblər. Onlar hesab edirlər ki, bu proses bilavasitə mağazalarda aparılmalıdır. Əks təqdirdə, bu, "zavod çörəyi" adlı istehsalat prosesinin dayandırılmasına səbəb olacaq.

Görüşdə qeyd edilib ki, bu il çörək məhsulları istehası üzrə 160 min tonluq gücündə14 müəssisəyə 14 milyon manat dəyərində kredit ayrılıb. Həmçinin paytaxtın və ətraf kənd və qəsəbələrdə 123,5 min ton gücündə 8 müəssisəyə 6 milyon manatadək kredit veriləcək. Son 4 ayda 114 müəssisədə yoxlamalar aparılıb, onlardan 84-də pozuntular aşkar edilib. 15 təsərrüfat subyekti 28 min manat dəyərində cərimələnib.

AzNews.az