“500 dollarlıq limit insanları qanunsuz yollara sövq edəcək”

“Şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyutadəyişmə məntəqələri üçün əlavə vaxt itkisi olacaq. Bu da onların işini çətinləşdirəcək”.



Bu sözləri AzNews.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov Mərkəzi Bankın 500 dollardan çox mübadilə zamanı şəxsiyyət vəsiqəsinin tələb olunması ilə bağlı qərarını şərh edərkən deyib. Onun sözlərinə görə, Mərkəzi Bank bu addımla dollara olan tələbi inzibati yolla tənzimləməyə və öz valyuta ehtiyatlarına qənaət etməyə çalışır: "Amma kifayət qədər kiçik məbləğin limit kimi seçilməsi valyuta satışında ciddi çətinliklər yaradacaq. Belə ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılması valyuta dəyişmə məntəqələri üçün əlavə zaman alacaq və bu onların işini çətinləşdirəcək. Nəticədə valyutadəyişmə məntəqələrinin qarşısında uzun növbələrin yaranacağı gözlənilir. Bu qərarın icrasında ən böyük risk "qara bazar"ın yaranması ilə bağlıdır. Şəxsiyyət vəsiqəsi və ya növbəyə dayanaraq dollar almaq istəməyənlər "qara bazar"da daha yüksək kursla valyuta almaq məcburiyyətində qala bilərlər. Çünki qeydiyyatsız valyuta almaq istəyənlər qeyri-leqal yollar axtaracaq".

Vüqar Bayramov vurğulayıb ki, şəxsiyyət vəsiqəsi ilə dolların satılmasının limiti 500 dollar deyil, daha yüksək məbləğdə olması daha məqsədəuyğun idi: "Xarici valyutaya tələbin hər gün artdığını nəzərə aldıqda Mərkəzi Bankın 500 dollarlıq limiti seçməsi doğru qərar deyil. Xarici valyutaya tələb yüksək olduğu üçün ən azı 5000 dollardan artıq valyutanın alınmasına görə şəxsiyyət vəsiqəsinin tələb olunması daha məqsədəuyğun idi. Bu addımdan sonra "qara bazar"ın yaranmaması üçün Mərkəzi Bank valyutadəyişmə məntəqələrini və bankları xüsusi avadanlıqla təmin etməlidir ki, şəxsiyyət vəsiqəsi ilə dollar alışı vaxt aparmasın. Bir sıra inkişaf etmiş ölkələrdə şəxsiyyət vəsiqəsi ilə dollar satışı həyata keçirilir, amma şəxsiyyət vəsiqəsini xüsusi avadanlığa yaxınlaşdırmaqla onu qeydə alır. Bu da qısa zamanda elektron formada məlumatın hazırlanmasına səbəb olur. Prosesin elektronlaşmasına ehtiyac var ki, bu növbələrin və ajotajın yaranmasına səbəb olmasın".

İqtisadçı qeyd edib ki, Mərkəzi Bank kommersiya banklarına xarici valyuta məzənnələrini müstəqil şəkildə müəyyənləşdirmək hüququ verməklə əslində tələb artdığı halda manatın ucuzlaşmasına start verib: "Düzdür Mərkəzi Bank bununla həmçinin "qara bazar"ın qarşısını almağa çalışır. Amma reallıq bundan ibarətdir ki, bu artıq manatın dollara nisbətən daha da ucuzlaşması mesajıdır".

Sevinc YASİNQIZI