Gürcü nazir: Sərhədlərin razılaşdırılmayan sahələrində işlərin çoxu başa çatıb

İki ölkə arasında heç bir problem olmayıb və olmamalıdır

“Gürcüstan-Azərbaycan sərhədlərinin razılaşdırılmamış sahələri üzrə aparılan işlərin təxminən 70 faizi başa çatdırılıb və cəmi 30 faiz həllini gözləyir. Bu 30 faizi də danışıqlar yolu ilə tez bir zamanda başa çatdıracağıq”.

Bunu Gürcüstan Xarici İşlər naziri David Zalkaliani parlamentin “nazir saatı” formatında keçirilən dinləmə zamanı deyib.

O bildirib ki, Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə birgə komissiyası hər iki tərəfdən aktiv şəkildə fəaliyyət göstərir və məsələnin həlli ölkələr arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır.

“Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir. İki ölkə arasında heç bir problem olmayıb və olmamalıdır. Bu tamamilə açıq bir mövzudur.

Təəssüf ki, SSRİ dövründə bu məsələ dəqiqləşdirilmədiyi üçün, həlli bu gün problemə çevrilib. Amma biz müvafiq komissiyanın tərkibini yeniləmişik və aktiv şəkildə həm Gürcüstan, həm də Azərbaycan tərəfdən işlər aparılır. Bu istiqamətdə müzakirələr davam etdirilir. Bu, bizim üçün önəmli bir mövzudur.

Əlimizdən gələni edəcəyik ki, bizim tərəfdaş ölkəmizlə heç bir problem olmasın və bu məsələ öz həllini tapsın”, - deyə gürcü nazir vurğulayıb. (APA)

AzNews.az