İran XİN başçısı AEBA-nı qəbuledilməz tələblər irəli sürməkdə ittiham edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həmişə texniki məsələlərdən çıxıb, siyasi yola baş vurub.

Aznews.az APA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan keçirdiyi mətbuat konfransında deyib.

O, AEBA-nın nüvə obyektlərindəki sentrifuqalarla bağlı qəbuledilməz tələblər irəli sürdüyünü deyib.

"Sizə necə güvənək? Siz təşkilatın texniki davranışının təminatçısı olmalı olduğunuz halda, siyasi yol tutmusunuz".

Hüseyn Əmir Abdullahiyan qeyd edib ki, Hərtərəfli Birgə Fəaliyyət Planı hələ də bütün zəif və güclü tərəfləri ilə masanın üstündədir.

Nazir amerikalıların diplomatiyada bir, mediada isə başqa cür hərəkət etdiyini deyib.

“Amerika rəsmilərinin ikili bəyanatları İranda iğtişaşları gücləndirmək və danışıqlar masası arxasında xal qazanmaq üçündür".

O, Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı bütün tərəflərin kifayət qədər dialoq aparıldığını başa düşdüklərini söyləyib.

"Əgər tərəflər hazır olsalar, yaxın vaxtlarda Vyanada xarici işlər nazirlərinin görüşünə başlaya bilərik", nazir qeyd edib.