- Köhnə - Kriminal
- 9 İyun 2016 14:17
- 11 587
Məktəbli qız özünü niyə asdı? - Təfərrüat (Yenilənib)
Dünən axşam saatlarında Pirallahı rayonunun Gürgən qəsəbəsində intihar edən 14 yaşlı Səbinə Əhmədli Yavər Əliyev adına 235№-li tam orta məktəbin şagirdi olub.
Pirallahı qəsəbəsində yerləşən məktəbin rus bölməsində 8B sinfində oxuyan S.Əhmədli məsuliyyətli, yaxşı oxuyan şagirdlərdəniymiş. Məktəbin təlim-tərbiyə üzrə direktor müavini Şahin Allahverdiyev bildirib ki, S.Əhmədli dünən də dərslərində yaxşı iştirak edib: "7 dərsdən sonra hamı ilə görüşüb gediblər. Səbinə yaxşı oxuyan, tərbiyəli, məsuliyyətli şagirdlərdən idi. Cəmi 4 dərsdən qiyməti 4 idi. Qalan fənlərdən 5 alırdı. Dünən də normal əhval-ruhiyyədə, deyib-gülə dərsdən çıxıblar".
Qonşularının bildirdiyinə görə, S.Əhmədli atasını xeyli müddət əvvəl itirib və bundan sonra anası başqa kişi ilə ailə həyatı qurub. İkinci izdivacdan qadının daha 3 övladı olub və Səbinə də atalığının himayəsində yaşayıb. Yeniyetmə qızın intiharına gəlincə, bildirilir ki, anası onun telefonunu yoxlayarkən kiminləsə yazışmasını tapıb və qızını bərk danlayıb. Hətta dünən dərsdən evə qayıdan Səbinəni anası qapı arxasında saxlayıb və onu evə buraxmayıb. Məhz bu psixoloji sarsıntının təsiri altında 14 yaşlı qız özünü öldürərək həyatına son qoyub.
Faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Lent.az
11:06
***
Xəbər verdiyimiz kimi, Pirallahı rayonu Gürgən qəsəbə sakini, 14 yaşlı Səbinə Əhmədli yaşadığı evdə özünü asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Gürgan qəsəbəsində yerləşən 235 saylı orta məktəbin direktoru Tahir Süleymanov AzVision.az-a bildirib ki, Səbinə Əhmədli məktəbin ən nümunəvi şagirdlərindən biri olub.
"Səbinə nümunəvi şagird idi. Sinif yoldaşları, müəllimələri onu çox istəyirdilər. Bütün qiymətləri "beş" idi. Cəmi iki fəndən dörd almışdı. Çox intizamlı şagird idi. Onun ölüm xəbərini eşidəndə çox təəsüfləndik".
Direktor 14 yaşlı S.Əhmədlinin hansı səbəbdən canına qıyması haqda məlumata malik olmadığını deyib.
Yaxınlarının bildirdiyinə görə, Səbinənin atası dünyasını dəyişəndən sonra anası Mehriban xanım ikinci dəfə ailə həyatı qurub.
"Səbinə onun birinci həyat yoldaşından olan qızıdır. Mehribanın ikinci ailəsindən 3 qızı var. Səbinə anası ilə birlikdə yaşayırdı. Onların ailəsində tez-tez problemlər olurdu".

Qohumlarının sözlərinə görə, 14 yaşlı Səbinə ilə ögəy atasının münasbətləri yaxşı olmayıb: "Səbinə ailədə özünü ögey kimi hiss edirdi. Ögey atası digər uşaqlarla Səbinə arasında ayrıseçkilik edirmiş. Ögey atası bir neçə dəfə Səbinəni döyüb. Səbəbsiz yerə heç kim canına qıymaz".
Qeyd edək ki, faktla bağlı Pirallahı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Azvision.az