Kriminal avtoritetlər arasında insident

Azərbaycanda kriminal avtoritetlər arasında insident olub.



Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Zaqatala rayonunda baş verib.

Məlumata görə, bir neçə gün əvvəl ölkənin şimal-qərb bölgəsindən olan kriminal avtoritetlər bir araya gələrək son vaxtlar respublikada həbs edilən avtoritetlərlə bağlı müzakirələr aparıblar. Toplantı Zaqatalada baş tutub.

Toplantıda onların bəziləri arasında fikir ayrılığı yaranıb və mübahisə düşüb. Mübahisəyə son qoyan avtoritetlərdən bəziləri sonradan bu mübahisəyə yenidən qayıdıblar.

Əvvəllər müxtəlif cinayətlərlə dəfələrlə məhkumluq həyatı yaşayan, Xəqanı Baqiryani ilə Rəşad Rəsulov arasındakı mübahisə sonda bıçaqlanma ilə nəticələnib. Onların hər ikisi bir-birinə çoxsaylı bıçaq zərbələri endiriblər. Hər iki şəxs Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralıların vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisədə adı hallanan Xəqanı Baqiryani və Rəşad Rəsulov kriminal aləmdə nüfuz sahibləri sayılırlar. "Oğru" aləmində kriminal avtoritet adı alan Xəqanı Baqiryani bir müddət əvvəl həbsdən çıxıb. O, "Lotu Quli" kimi tanınan Nadir Səlifovun yaxın adamıdır./APA/

AzNews.az