Boğularaq öldüyü düşünülən qadının faciəsi- Foto

Bakı şəhərində sms cinayətlərinə daha biri əlavə olunub. Mobil telefonuna "ürəyim" sözü yazılmış qadının ürəyi durduruldu, özü də döyüş fəndi ilə. Suraxanı rayonunda idmançı kişi şərq döyüş sənətini həyat yoldaşının üzərində sınayıb. Nəticədə isə 2 yaşlı uşaq yetim qalıb.

Bu olay bir neçə gün əvvəl kanaldan meyiti tapılmış gənc qadının başına gətirilib. Suraxanı Rayon Polis İdarəsindən milli.az-a bildirilib ki, ilk olaraq naməlum kimi axtarılan meyitin sonradan 22 yaşlı Lerik sakini Şəbnəm Namazova olduğu və qətlə yetirildiyi üzə çıxıb.

"Onu sentyabrın 17-də "Koroğlu" metrosunun qarşısında avtobusdan düşəndə gördüm. Başqa bir avtobusa onunla minib Yeni Suraxanı qəsəbəsinə gəldik. Onu söhbətə tutaraq zeytunluğun arası ilə apardım. Kanalın yanına çatanda kunq-fu fəndi ilə nəfəs borusuna iki zərbə vurdum, yıxıldı. Sonra isə sürüyərək kanala atdım". Bu sözləri gənc ananı qətlə yetirən 26 yaşlı əri Şahin Əliyev polisə ifadəsində deyib.

Polisin "niyə belə etdin?" sualına isə o: "Namusumu ləkələmişdi. Telefonuna "ürəyim", "ciyərim" mesajları gəlmişdi. Dözə bilməzdim", - deməklə qətlinə haqq qazandırıb.

Əslən Lerik rayonundan olan Şahin və Şəbnəm 2010-cu ildə dini kəbinlə evləniblər. Onların həmin evlilikdən 2 yaşlı uşaqları var.

Qeyd edək ki, sentyabrın 18-də Hövsan qəsəbəsindən keçən su kanalında 25-30 yaşlarında naməlum qadın meyiti aşkarlanmışdı. Meyitə baxış keçirilərkən onun üzərində ilk olaraq xəsarət və zorakılıq əlamətləri aşkarlanmamışdı. İlkin versiya olaraq, qadının kanalda boğularaq dünyasını dəyişdiyi ehtimal olunurdu. Lakin aparılan istintaq-əməliyyat tədbiri nəticəsində Ş.Namazovanın öldürüldüyü müəyyən edilir.

Sonra isə onun əri Şahin Əliyev tərəfindən öldürülməsi sübuta yetirilir. Hazırda faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə başlanmış iş üzrə istintaq davam etdirilir.

İstintaq sonda hər bir qaranlıq məqama aydınlıq gətirəcək, hətta balası yetim qalan Ş.Namazovanın mobil telefonuna göndərildiyi deyilən mesaja da...

AzNews.az
image description