Kürəkən qaynatasını bıçaqladı

Ağdam sakini qayınatasını bıçaqlayıb. Hadisə fevralın 12-də məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində baş verib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, 1979-cu il təvəllüdlü Şükürov Namiq Xosrov oğlu aralarında baş verən şəxsi münaqişə zəminində qayınatası, 1951-ci ildə anadan olmuş Umudov Umud İslam oğlunu döş qəfəsindən bıçaqlayıb. Kürəkən bu əməli qonaq gəldiyi qayınatası evində törədib. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

N. Şükürov Ağdam rayon Qalayçılar kəndindən məcburi köçkündür, hazırda Ağdam ərazisində Dördyol -1 qəsəbəsində yaşayır. O, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Bıçaq xəsarəti alan U. Umudov isə Laçın rayonunun Şəlvə kəndindən məcburi köçkündür, Ağdam ərazisindəki Baharlı qəsəbəsində məskunlaşıb.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az