“Oğru dünyası” Lotu Quliyə görə təcili toplanır

Son zamanlar Türkiyədə bir-birinin ardınca keçirilən “sxodka”lar kriminal aləmdə böyük-səs küy yaradıb


AzNews.az İnterpress.az-a istinadən xəbər verir ki, "qanuni oğru" adını alanların çoxalması kriminal "generallarda" narahatlıq yaradıb.

Buna görə də yaxın zamanda genişmiqyasli "sxodka"nın keçirilməsi qərara alınıb. Budəfəki "sxodka"ya ən məşhur nüfuzlu "generallar" toplaşaraq son zaman baş verənləri müzakirə edəcək. "Oğru dünyası"nın diqqətinin bu "sxodka"ya yönəldiyi bir zamanda toplantının yeri və zamanı barədə əlavə məlumat verilmir.

Kriminal "generalların" fikrincə, son zaman "taclandırılanlardan" bir çoxu bu ada layiq deyil. Bu isə "oğru dünyası"nın nüfuzuna xələl gətirir. Ancaq "sxodka" olmadan söhbətin məhz hansı yeni "qanuni oğru"dan getdiyi açıqlanmır.

Bununla belə bəzi mənbələr azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) da xeyir-duasını alaraq "taclandırılan" 2 digər azərbaycanlı- Rafət Əlibayramski və Ceyhun Gəncinskidən getdiyini iddia edir. Onlarla yanaşı Roland Qeqeçkorinin oğlu Ruslanın da "oğru ailəsi"nə qəbulu "generallar" tərəfindən narazılıqla qarşılanıb. Onu "taclandıran" isə öz atası ilə yanaşı, Merab Mzarelua, Pipiya Merab və Gii Qalqksi olub.

Bunun ardınca Krasnodarda Şalva Ozmanovun, Cumber Bayramidinin qardaşı Stavro Bayramidinin, Dağlıyev Taleh Qəribxan oğlunun, Vlad Şapanın və Maks Pionerin "taclandırılması" da birmənalı qarşılanmayıb. Son 3 nəfərin "oğru ailəsi"nə qəbul edilməsi üçün keçirilən "sxodka"ya da Namik və Nadir Səlifov qardaşlarının telefonla qatıldığı barədə məlumatlar var. Bu isə "oğru dünyası"nda son zamanlar Lotu Qulinin tərəfdarlarının sayının artması kimi xarakterizə edilərək təcili "sxodka" səbəbi olub.