230 nəfərin adına kredit götürən bağça müdirəsi - Məhkəmə qarşısında

Qazaxın Xanlıqlar kəndində 230 nəfəri aldadaraq onların adına kredit götürən bağça müdirəsi və onun şəriki məhkəmə qarşısına çıxarılıb.


AzNews.az Musavat.com-a istinadən xəbər verir ki, Xanlıqlar kəndindəki uşaq bağçasının müdirəsi Xatirə Əsgərova və onun şəriki Pərvanə Səfərova hazırda həbsdədir.

Xatırladaq ki, Xatirə Əsgərova 230-dək həmkəndlisinin adına müxtəlif yollarla və fərqli məbləğlərdə kredit götürüb və qaytarmaqdan imtina edib. Onun bu əməlinin üstü 2013-cü ilin may ayında çoxalan şikayətlərdən sonra açılıb.

X.Əsgərova insanların ona olan etimadından sui-istifadə edərək adlarına "Zaminbank", "Beynəlxalq Bank", "Kredaqro" Qeyri-Bank Kredit Təşkilatı, "Finca-Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı və "Kapital Bank"ın Qazax şöbələrindən kredit götürüb. Hətta bəzi kənd sakinin adına bu bankların hamısında kredit rəsmiləşdirilib.

Əslən Xanlıqlar kəndindən olan X.Əsgərova sakinlərin əksəriyyəti ilə uzaq da olsa qohumdur. Əksər sakinin adına krediti də elə bu qohumluq əlaqələrindən istifadə edərək götürüb. Gah müdirə statusundan yararlanıb, gah da oğluna qonşu kənddə ev almağı əsas gətirərək həmkəndlilərinin razılığını alıb. 2012-ci ildən kreditlkəri ödəyə bilməyən X.Əsəgrovanın əməlləri ifşa olunarkən o aldığı pulu Pərvanə Səfərovaya verdiyini deyib. Bununla da məsuliyyətdən yayınmaq istəyib.

Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə açılan cinayət işindən sonra P.Səfərova cə X.Əsəgrova həbs edilib.
P.Səfərova Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Bu qərarla bağlı apelyasiya şikayəti verilib. Yanvarın 18-də Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.

X.Əsgərovanın məhkəmə prosesi isə davam etdirilir.

ADR hərəkatının Qazax rayon şöbəsinin sədri Nazim Haqverdiyev musavat.com-a bildirib ki, məhkəmə Xatirə Əsgərovanı xəstə kimi ev dustaqlığına buraxmaq istəyir: "Bu səbəbdən də Xatirə Əsgərovanın məhkəməsi uzadılır. Hökmü bu səbəbdən ləngidirlər. Bu işdə Xatirə Əsgərova Pərvanə Səfərovadan artıq günahkardır. Ancaq bütün işi Pərvanəninn üzərinə atmaq istəyirlər. Məhkəmə proseslərində Pərvanə Səfərovaya söz verilmir. Xatirə Əsgərova isə dəqiqələrlə danışır. Ancaq hər kəsin adına krediti Xatirə Əsgərova götürüb ".

N.Haqverdiyev bildirib ki, hazırda adlarına kredit götürülən şəxslər məcburən bu ödənişləri edirlər: "Əksər insanların maaş kartları dondurulub. Banklar ödənişi məcburən tələb edir. Bu hadisədən sonra aclıq aksiyası keçirən 15 nəfərə maddi yardım göstərildi. Həmin 15 nəfər 3 ay 800-100 manat arası yardım aldı. Ancaq bu pulun mənbəyi məlum olmadı. Digər vətəndaşlara isə kömək edən yoxdur".