Şamanlardan qeyri-adi xahiş - buludları qovun


İsveçrədə hava şəraitinin buludlu olması kinematoqrafçıları şamanlara müraciət etməyə vadar edib. Belə ki, yakutiyalı kinematoqrafçılar şamanlara müraciət edərək tanınmış rejissor Nikita Mixalkovun yeni filmini çəkdiyi İsveçrədə hava şəraitinə müdaxilə etməyi xahiş ediblər. Bu barədə məlumatı Yakutiyanın mədəniyyət nazirinin müavini Vladsav Levoşkin verib.

Məsələ burasındadır ki, yakutiyalı kinematoqrafçılar Moskvada keçirəcəkləri festivala Nikita Mixalkovu da dəvət ediblər. N.Mixalkov İsveçrədə yeni filminin çəkilişi ilə məşğul olsa da, festivala qatılacağına söz verib. Ancaq gözlənilmədən İsveçrədə havanın buludlu olması rejissorun çəkilişlərini yubadıb. Buna görə də onun Moskvadakı festivala qatılacağı şübhə altına düşüb.

Yakutiyalı kinematoqrafçılar isə çıxış yolunu şamanlara müraciət etməkdə görüblər. Onların fikrincə, şamanlar İsveçrənin üzərindən buludları qovsalar çəkiliş prosesi yubanmaz və N.Mixalkov festivala qatıla bilər.

Elnarə Əlosmanqızı
AzNews.az