Azərbaycanda daha bir Qafqaz bəbiri görüntüləndi - FOTO

Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı daha bir Qafqaz bəbiri qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, 25 oktyabr 2012-ci il tarixində Hirkan Milli Parkında quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin fotoşəkli çəkilib.

Xatırladaq ki, 6 sentyabrda Həsən Əliyev adına Zəngəzur Milli Parkının cənub hissəsində Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin keçirdiyi monitorinq zamanı Parkın ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin ilk fotoşəkli çəkilib.

Bu faktlar son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iri dırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.

Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib.

AzNews.az